Свобода людям, независимость нациям!

Nə Hitlerin, nə də Leninin tərəfində...

“Yəni Bakıda neft var?” - üstündən neçə illər keçibdir, amma ki, rus tələbə yoldaşlarımın birindən eşitdiyim bu sualı hələ də unuda bilmirəm.

Üstəlik, bu sual mənim Böyük Vətən müharibəsi adlanan savaşa münasibətimdə bir dönüş məqamı, anı oldu, o vaxtdan anladım ki, hətta qullar ağalarıyla çiyin-çiyinə döyüşəndə belə yenə də qul olaraq qalırlar və heç kim onlarla qələbə çələngini bölüşmür,- ağalarına sədaqətli olduqları üçün uzağı yemlərini bir az artıq edir, daha az şallaqlayırlar...

Bəli, əslində bu yazını Qələbə günü ərəfəsində yazmalı idim, amma istəmədim ki, sıraları ildən-ilə seyrəkləşən veteranların ovqatını pozum - kiminsə şəkərini, yaxud da təzyiqini qaldırım və elə bu səbəbdən də  cızma-qaramı indiyə saxladım.

Qərəz, dediyim o lənətə gəlmiş sual mənə ilk dəfə anlatdı ki, heç də bərabər xalqlar deyilik biz - biri var “böyük qardaş”, biri də var, onun ətrafında əl-ayağa dolaşan nökər-naiblər...

Onda mən ilk dəfə başa düşdüm ki, zəfərlər, qələbələr “böyük qardaş”ın, çətinliklər, uğursuzluqlar isə nökər-naibin adına yazılmalıdır...

O vaxta qədər elə bilirdim ki, “bizim qələbə”mizi oğurlamaq istəyən ABŞ, İngiltərə və Fransa var, amma o gündən anladım ki, əslində “bizim qələbəmiz” deyilən şey yoxdur, onun - “böyük qardaş”ın qələbəsi var və o, buna şərik qoşmağı qəti sevmir.

Əlbəttə, heç kim dana bilməz ki, İkinci Dünya müharibəsinin ağırlığı əsasən SSRİ-nin üzərinə düşdü və alman hərb maşınının onurğa sümüyü də məhz SSRİ- nin sayəsində qırıldı.

Amma o da var ki, müharibə Dünya müharibəsi adlanırdı və bəşər tarixinin bu ən böyük savaşında onlarla ölkə bu və ya digər dərəcədə iştirak edibdir, deməli Qələbədə də onlarla ölkənin payı var. O ki qaldı bizim kimi yüzlərlə kiçik sovet xalqlarının bu savaşdakı payına, yenə də etiraf edirik ki, müharibənin ağırlığını daha çox rus xalqı çəkdi, amma nisbətdə götürdükdə kiçik xalqlar da ondan heç geri qalmadılar...  

Xüsusən də ən azı Bakıya “Qəhrəman şəhər” adı verilməli idi, çünki bizim neftimiz olmasaydı çətin ki, sovetlər bu savaşdan uğurla, qələbə ilə çıxaydılar. Amma nəinki ad vermədilər, hətta qələmləri dönüb bircə dəfə belə olsun həqiqəti yazmadı - sizi bilmirəm, şəxsən mən hələ bircə dəfə olsun, hansısa rus müəllifinin yazısında Bakı neftinin rolunun necə var, obyektiv qiymətləndirilməsinə rast gəlməmişəm.

Bir məsələni də deyəcəm. O da budur ki, bu böyük savaş həm də dramatik, faciəli savaş idi. Birincisi, böyük qaliblər elə müharibə bitən kimi böyük düşmənlərə çevrildilər.

İkincisi, sovetlərlə birləşib öz vətənlərinin azadlığı uğrunda vuruşan kiçik Avropa xalqlarının insanları üçün böyük Qələbədən sonra da müharibə bitmədi; polyaklar, çexlər, slovaklar, yuqoslavlar və başqaları müharibə bitəndən sonra ölkələrini işğal edən yeni işğalçıya - SSRİ-yə qarşı partizan müharibəsinə başladılar və bu müharibəni yalnız yarım əsrdən sonra uda bildilər.

Üçüncüsü, sovetlərin özündəki xalqların hər birindən müharibədə “iki nüsxə” vardı; biri sovetin, digərisə almanların tərəfində vuruşurdu. Bu da o müharibənin ən dramatik tərəfi idi. Niyə belə oldu?

Birincisi, bu xalqların hamısı sovetlərə işğal yolu ilə birləşdirilmişdi. Odur ki, onların bir qismi faşist Almaniyasının timsalında xilaskar görür və ümid edirdilər ki, bəlkə bu yolla sovetlərdən qurtula bildilər.

İkincisi, bu müharibə ərəfəsində “kollektivləşmə”, amansız 37-ci il, qırmızı - Stalin terroru olmuşdu. Bəlkə də müharibə başlamasaydı bu terror daha da çox insanı tələf edəcəkdi...

O insanların çoxu əqidəsinə görə heç də faşist deyildi. Amma onlar haqqında nəsə yazanda ağla gələn ilk öncə bu olur ki, bəli, faşistlərə də bəraət qazandırmaq istəyirlər. Yox, belə deyil. Faşistlərə qoşulanların arasında, məsələn, erməni Njde kimiləri də vardı. Bax, bunlar elə əqidəcə də faşist idilər - məsələn, Njde almanların ali irq olması haqdakı sərsəm “nəzəriyyə”nin oxşarını erməni xalqı haqqında da uydurmuşdu...

Bu səbəbdən də faşizm bütün hallarda faşizmdir və biz peşiman olmamalıyıq ki, bu savaşda dədə-babalarımız, ölkəmiz iştirak edibdir, əksinə bundan fəxr duymalıyıq. Sadəcə, bizim kimi xalqların taleyinə iki oxşar, hətta kəsişən ideologiyalarla çarpışmaq nəsib olubdur.

Bəli, faşizm və eləcə də kommunizm oxşar sosial utopiyalar idi - biri cəmi varlıları, digərisə bir millətin ağalığını təmin etməkçün bütün digər millətləri qırmağı və qula çevirməyi planlayırdı...

Nə yaxşı ki, onların hər ikisi bəşər səhnəsindən tamamilə silindi. Nə yaxşı ki, Hitler də, elə Lenin də cəhənnəmə gömüldülər. Və bizim xalqlarımız da bu iki prosesdə yaxından iştirak etdi -  təkcə buna görə öyünməyə və fəxr duymağa dəyər...

Новости автора