Свобода людям, независимость нациям!

Narahat olmuş peşəkarlar

“Bu ədalətli deyil, Marqarita İvanovna. Ədalətsizlik isə uşaqları daha da amansız edir”

(“Müqəvva” filmindən)

Guya bütün cəmiyyət məktəbli uşağın intiharından narahat olmuşdur. Həmişə belə hallardakı kimi, bütün riyakarlar ortalığa çıxıb ağlaşma qurublar. Sən demə, Azərbaycan xalqı məktəblərdə dərs keçilməsini istəyirmiş. Sən demə, bizdə humanizm, insanpərvərlik, uşaq hüquqlarına məhəbbət, nə bilim, peşə kodeksinin qorunması-zad hər şeydən önəmli imiş.

Bu peşə kodeksi lap dəhşət söhbətdir. Bizim idarəmiz, yəni mətbuata baxan yoldaşlar tərəfindən bəyanat yayılıbdır. Deyir, əziz yazar-pozarlar və jurnalist-zurnalistlər, gəlin kriminal xəbərlərdə azyaşlıların fotolarını, videolarını yaymayaq. Bah. Sən demə, Azərbaycan mediası jurnalistin peşə kodeksinin bütün başqa kriteriyalarına əməl edirmiş, qalıbmış bircə bu. Misal üçün, rüşvət almaq, hədiyyə qəbul eləmək, nə bilim, yalan-malan, yaltaqlıq-filan...

Bunlar hamısı düzəlibmiş, qalıbmış saqqal darağımız. Halbuki üç-beş gün qabaq “Kosmik” televiziyanın efirində manıs qardaşımız cəmi media aləminə qiymət qoymuşdu, başa düşmədilər. Ara yerdə yazıq aparıcını, rejissoru işdən qovdular. Həqiqət həmişə belə acı olur, kimdir doğrunu bəyənən? “Çılpaq həqiqəti zorlamaq istəyənlər çox olur” - bunu mən afyorizm kimi hələ 90-cı illərdə yazmışdım, özündən sitat gətirmək təvazökarlıq sayıldığı üçün təzədən yazıram. Özü də heç kim fikirləşmədi ki, ey dadi-bidad, axı bu telekanalizasiyanın müdiri filmlərində ən çox söyüş verən rejissorlardan biridir, bəs bunun özünə niyə efir bağışlayıblar? Vaqif müəllimin filmlərində uca millətimiz haqda səslənən qeyri-etik ifadələri toplasaq Nuşirəvan müəllim infarkt olacaqdır, ya da bəlkə pultu yedi. Hərçənd mən o ifadələrin çox zaman (“yüzdəyüz” də yaza bilərdim) dəqiq, yerinə düşən olmasını da qeyd etməyi vətəndaşlıq borcum sayıram.

Sözüm odur ki, gəlin səmimi olaq, yalandan artistlik eləməyək. Artistlik üçün AzDramanın səhnəsində geniş yer var, dövlət də təzəcə artistlərin maaşını qaldırıb. Buyurun, gedin istədiyiniz oyunu çıxarın, baş-beynimizi aparmayın.

Deyirlər uşaqların psixologiyası ilə məşğul olmalıyıq. Bunu deyənlər məktəb psixoloqu adlı yetim peşənin nümayəndəsinin maaşı haqda məlumatlara malikdirmi? Mən bilirəm: keçən il 150 manat idi. Lap hesab edək indi artıb 200-300 olub. Nə dəyişir? Soğan da olub 7 manat. İndi təsəvvür edin ki, bu qəpikləri alan binəvalar 2000 nəfərlik bir dəli yığıncağında camaatı sakitləşdirməlidir. Hələ o psixoloqların özünü psixoloqa göstərmək lazımdırmı, bunun özü başqa temadır. Yeri gəlmişkən, keçən yay guya məktəb psixoloqlarının hazırlığı üçün yeni qaydalar hazırlanmalıydı. Heç bilən oldumu tema harada qaldı?

“Dəli yığıncağı”nı özümdən yazmıram. Keçən il bir məktəb iclasında təsadüfən iştirak eləmişdim. Uşaqlar vurub bir-birinin gözünü qaraltmışdı. Arada müəllimə də, deyəsən, 3-4 şillə-təpik dəymişdi. İclas başlayanda valideynlər girdilər bir-birinə. O dedi səni cıraram, mənim uşağım əsəbidir, onu niyə hirsləndirmisiniz, bu dedi mən parabeyin uşaq böyüdürəm min əzabla, gərək ona kimsə güldən ağır söz deməsin. Müəllim dedi uşaqlar məni ağladırlar, direktor dedi çox kasıb rayonda yerləşirik, seçkidə evləri gəzəndə görmüşəm. Mən də deyə bilmədim ki, (bax: yuxarıda kodeks söhbətinə) ay bacı, sən niyə axı bu xaraba məktəbi qoyub seçki üçün camaatın evlərini gəzirsən, bəyəm burada işin-gücün qurtarıbdır?

Repetitor yanına gedən və məktəbə dərs buraxmaq əvəzinə pul ödəyən uşaqlar da bir ayrı dərddir. Adamlar adlarını ucqar rayonlarda məktəbə yazdırırlar, təsəvvür edin.

Qaldı məktəbli uşaqların aqressivliyi, ümumiyyətlə, niyə uşaqlar öz yaşıdlarına qarşı qəddar olurlar, bu, adi məsələ deyil. Təklif edirəm ən azından sovet dövründə çəkilmiş “Müqəvva” (rejissor Rolan Bıkov) və Avstriya rejissoru Mixael Haneke-nin “Ağ lent” filmlərinə (bu film Kann-da baş ödülü qazanıb) baxasınız.

Новости автора