Свобода людям, независимость нациям!

Moskvadakı “otel odası”ndakı “Erato” və ya bir-birini didən ermənilər

 

Ermənistanda “at izi it izinə qarışıb”. Azərbaycan ordusu elə toy tutub ki, uzun müddət barəsində mif yaradılmış “erməni birliyi” sabun köpüyü kimi əriyib getməkdədir, hamı bir-birini ittiham edir.

Görün vəziyyət hansı həddə çatıb ki, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan ölkə parlamentinin sədri Ararat Mirzoyanı “Türkiyəyə casusluqda” ittiham edib. Təsəvvür edirsinizmi? Özü də ABŞ-da qondarma “erməni soyqırımı”nın tanıdılması prosesilə məşğul olduğu vaxt türk kəşfiyyatı ilə anlaşdığını iddia edib.

Sonrası da var. Guya ki, həmin bu Mirzoyan “erməni genosidi” muzey-institutunda nə baş verdiyi barədə informasiyaları Türkiyəyə ötürməyə razılaşıbmış.

Diqqət edin, yüz ildən çoxdur erməniləri birləşdirən mifdir saxta “soyqırım”. Amma bu gün ölkənin diplomatı parlament sədrini məhz həmin qondarma iddianın gözünə qataraq ittiham edir. Çox gözəl mənzərədir.

Serj Sərkisyanın kürəkəni olan Minasyan onu da deyib ki, erməni kəşfiyyatı tərəfindən ifşa olunan Mirzoyan sonradan hər iki ölkəyə işləmək üçün razılıq verib: ikili casusluğa!

Düzdür, həm spiker, həm də Ermənistanın xüsusi xidmət orqanı ittihamları təkzib edib, diplomatı susdurmaq üçün hərəkətə keçib, amma artıq atəş açılıb, “atəşkəs” pozulub. Bu, təkcə 44 günlük müharibədən sonra ermənilərin “inək balasını tapdayan kimi” əzişdirdikləri spikerin aldığı zərbə deyil, ümumilikdə mövcud hakimiyyətin hədəfə alınmasıdır.

Təkcə Minasyan-Mirzoyan davası olsaydı, nə vardı ki? Ermənistanın keçmiş milli təhlükəsizlik xidmətinin direktorları Artur Vanetsyanla Argişti Karamyan da bir-birini hədəfə alıb. Mövzunu bizimçün cəlbedici edən budur ki, yenə də mövzu Qarabağdır. Ermənistan kəşfiyyatının keçmiş bosları bir-birini fərarilikdə ittiham edirlər.

Karamyan deyir mən döyüşəndə sən qaçıb gizlənmişdin. Hazırda “Vətən” partiyasının lideri kimi Paşinyana qarşı sərt mövqedə dayanan, onu “canlı meyit” adlandıran Vanetsyan isə Karamyana deyir fərari özünsən, mənim filan qədər xidmətlərim olub.

Ölkənin mühüm sahəsinə rəhbərlik etmiş şəxslərin dueli çox maraqlıdır. Yaxşı məlumatlar da açıqlanır bu söz savaşında. Məsələn, Vanetsyan bildirib ki, məhz Karamyan kimi fərarilərin ucbatından Şuşa əldən getdi, Qarabağın 75 faizi itirildi, üstəlik 5 mindən çox canlı qüvvə məhv edildi, 10 mindən çox yaralı var. Üstəlik də itkinlər, əsirlər...Bu rəqəmləri kəşfiyyata rəhbərlik etmiş şəxs deyirsə, deməli, itkilər daha çoxdur, nəinki az.

Bu günlərdə bənzər rəqəmləri erməni ekspert Mesrop Manukyan da tirajlamışdı. Ümumilikdə Nikol Paşinyanın Ermənistana və erməni xalqına ən azı 38,4 milyard dollarlıq ziyan vurduğunu demişdi. Deməli, xüsusi xidmət rəhbərlərinin savaşında daha ciddi rəqəmlər açıqlana bilər. İzləyək, çox maraqlı olacaq...

Maraqlı demişkən...Həmin Karamyan oktyabrın ilk həftəsində işindən qovulmuşdu, cəmi 4 ay bu sahəyə rəhbərlik etdikdən sonra. Xüsusi xidmət orqanlarına prokurorluq və polisdən keçməklə gələn bu adamın atasının kimliyi də bəlli deyilmiş. Erməni mətbuatı araşdırıb ki, Argişti Karamyanın atası Erməni Apostol Kilsəsinin Kotayk yeparxiyasının başçısı, arxiyepiskop Arakel Karamyandır. Ancaq əsl adı Elbek olan arxiyepiskop isə deyib ki, Argişti onun oğlu deyil, uzaq qohumudur. Arakel bildirib ki, bir ruhani lider kimi onun övladının olması mümkün deyil.

Daha maraqlısı bilirsiniz nədir? Ermənilər yanıb-yaxılırlar ki, Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, qızı Leyla Əliyeva Şuşaya səfər etdilər, Xankəndinin 11 km-liyindən bir daha başını qaldırmaq istəyənlərin başının əziləcəyi haqda xəbərdarlıq edildi, Cıdır düzündə çay dəsgahı quruldu... Vaxtilə Birinci vitse-prezident Mehriban Əliyevanı Qarabağa muğam dinləməyə (!) dəvət edib də başından böyük işlər qarışdıran Anna Akopyan isə Ermənistandan başını götürüb qaçıb, özü də qızları ilə birlikdə.

Maraqlıdır ki, ermənilər Paşinyandan çox, Annaya qəzəblidirlər. Erməni generallar həmin bu Annanın hətta müharibə ərəfəsində hərbi qərargahlara girdiyini, ona aid olmayan məsələlərə qarışdığını deyib onun istintaqa cəlb olunmasını tələb edirlər. Özü də Ermənistanda Anna adı aktual deyil, artıq Paşinyanın arvadını “Erato” çağırır əksəriyyət. Axı, “Erato” qadın dəstəsi yaradıb Qarabağda döyüşməyə gələcəkdi.

İndi ermənilər onu həm ələ salır, həm də özbaşınalıqlarına görə cavab verməsini istəyirlər. Görün ermənilərin bu qadına kini, nifrəti nə həddədir ki, onu hətta Moskva aeroportunda da rahat qoymayıblar. Rusiyanın erməni icmasının nümayəndələri ailənin Moskvaya uçduğunu eşidən kimi ora cumublar, zorla aeroportun görüş zalına soxularaq Anna Akopyanı, qızları Şuşan və Məryəmi “satqınlar”, “əclaflar” deyərək “qarşılayıblar”. İş o yerə çatıb ki, Paşinyan Rusiyadakı səfiri vasitəsilə ailə üzvlərinin təhlükəsizliyi təmin olunması xahişi ilə Rusiya Federal Təhlükəsizlik Xidmətinə müraciət edib. Bax, budur ermənilərin gün-güzəranı.

Bir vaxtlar Qarabağda “hərbi təlim” keçən, torpağımıza uzanıb, avtomat tuşlayan Anna ermənilərin qəzəbindən xilas üçün Moskvada otel kirayələməyə məcbur olub. Amma çətin ki, xəyalları darmadağın olan qəzəbli ermənilər “Erato”nu “otel odası”nda da rahat buraxsınlar. Bu, bütün ermənilərə dərs olmalıdır...

Azərbaycanın müzəffər Ali Baş Komandanının rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq” əməliyyatı nəticəsində təkcə erməni ordusu darmadağın olmadı, həm də “böyük Ermənistan” xəritələri, “birləşmiş dünya erməniləri” mifi, erməni diasporu da cəhənnəmə vasil oldu. Sarkisyan, Köçəryan, Tsarukyan, Manukyan...bütün yanlar ittiham edir, özü də təkcə hakimiyyəti yox, elə bir-birini də didməkdə, yeməkdədirlər. Yesinlər, onsuz da erməniləri ağır iqtisadi böhran gözləyir...
Əla mənzərədir!

Elşad Paşasoy,
Musavat.com

 

Новости автора