Свобода людям, независимость нациям!

Mitinq arzuları

“-  Yaxşı, onda deməli, bu gün, məsələn, vəzir istəsə, vəkildən tutmuş bizə kimi cəmi camaatı tutub qazamata salar da?

- Salmağına salar, amma qazamatda bir elə yer olmaz.

- Buy, hə, doğrudan, bizim Hümmət kişi də deyirdi ki, qazamatın içi çox dardır. Sibirdə də o qədər adam var ki, elə bil qarışqa qoşunudur..."

(Üzeyir Hacıbəyov, “İrşad” qəzeti, 1907-ci il)

Dünyada çoxlu qəribə-qəribə yerlər vardır. Misal üçün, dünən Latviyanın, ya da Litvanın - açığı, mən bunları indiyəcən qarışdırıram - paytaxtı Riqa şəhəri mersiz qalmışdır. Çünki ölkənin ətraf mühit naziri bu qardaşı hansısa günahda suçlayıb işdən qovmuşdur. Ancaq bununla iş qurtarmırmış, mer otuz gün ərzində şikayət eləyə bilərmiş. Vay, dədəm, vay. Lap ağını çıxarıblar ki. Əsl anarxiyadır. Bəlkə də bu dəqiqə litvalılar, ya da latviyalılar - hamısı bir bezin qırağıdır - gecələr küçəyə çıxa bilmir. Azərbaycanımızda, doğma Bakımızda belə sarsaq hadisə olması mümkündürmü? Xeyr. Yox. Qətiyyən. Düzdür, bizim ekologiya naziri də Bakı şəhərinin merini işdən qovmaq kimi sərsəm fikrə düşmək hüququna malikdir. Azadlıq, demokratiya, insanlığımız, ombudsmanımız vardır, bəs nə. Sadəcə, ekologiya naziri Bakının merini heç cür işdən kənar edə bilməz, çünki bizdə Bakının meri ümumiyyətlə yoxdur. Di get. Nə edəcəksən? Əfruz müəllimə demişkən, döyəcsən? Yoxa çarə yoxdur.

O cümlədən, bu saat Britaniya yarımadası əsir-yesir günündədir. Avropaya girməklərinə peşman olublar, çünki heç cür Avropadan çıxa bilmirlər. Yalan olmasın, 800 il yaşı olan ingilis demokratiyası çaş-baş vəziyyətindədir. Brekzit bunlar üçün böyük problemə dönübdür. Ancaq başımızı günçıxana döndərib ulu vətənimiz Qazaxıstan çöllərinə, Altay, Tanrı dağlarının ətəklərinə baxsaq nə görərik? Sabitlik, əmin-amanlıq, sabaha inam, gələcəyə məhəbbət, dağ çiçəyi, sünbül tarlası, nə bilim, ana südü, bal, yağ, qaymaq... Nursultan müəllim istefa verib, ancaq camaat hər yerə onun adını qoymaqdadır, o cümlədən parlamentə sədrliyi zati-alilərinin qızına tapşırdılar. Bu saat Nursultan müəllim bircə barmaq işarəsi eləsə, Qazaxıstan Avropa Birliyindən çıxmazmı? Çıxar. Sadəcə, yuxarıda yazdığım kimi, Avropa Birliyinin bəxti gətirib ki, qazax qardaşlarımız oranın üzvü deyildir. Nursultan müəllim istəsə Qazaxıstan Cənubi Amerikada yerləşən dövlət sayılar. Nursultan müəllim səhər yuxudan kal oyansa adı dəyişib Nursultan olmuş keçmiş Astana şəhəri Antananarivu adını daşıyar. Yoxsa səsvermə qayır, deputat seç, camaat orda böyürüşsün, müxalifət tənqid eləsin, baş nazir hörmətsiz olsun, adi bir brekziti yarıtma... Biz belə Londonda yaşamaq istəmərik, Putinin sözü olmasın.

Müxalifət demişkən, təəssüf ki, bundan hələ də bizdə müəyyən elementlər şəklində qalmaqdadır. Sanki hökumət nəyəsə görə bunları saxlayır, aparıb hamısını Xəzərdə boğmur. Yəqin nəsə bilirlər, hökumətdən ağıllı olmayacağıq ki? Keçən günlərdə həmin bu müxalifətin iki qanadı - Milli Şura və Müsavat Partiyası mitinq qayırmaq üçün hökumətdən yer istəmişdi. Müsavat demişdi, 7 apreldə mitinq edəcəyik, MŞ demişdi - 6 apreldə. (Müxalifətin 3-cü qanadı Xalq Hərəkatı isə ayın 8-ni istəmişdi, ya da heç istəməmişdi, doğrusu, bunu dəqiq bilmirəm, gələn yazıda öyrənib, sizə deyərəm, çünki dəhşət vacib məsələdir). Sonra bir az bunlar dartışdılar, çünki hakimiyyətə kimin gələcəyi ayın neçəsində yığışmaqdan çox asılı imiş. Rəhmətlik Lenin baba demişkən, bu gün tezdir, sabah gecdir. Cəbhəçilər (bunlar nəyəsə görə indi Milli Şura adı ilə yığışırlar - konspirasiya üçündür bəlkəm də; Maksim İsayev Ştirlits adıyla gəzdiyi kimi) dedilər müsavatçılar qəsdən ayın yeddisini seçib, bizim ayın altısındakı mitinqi pozmaq istəyirlər. Müsavatçılar dedi, hayır, siz bizdən sonra mitinq elan elədiniz, ayın başqa günü yadınıza düşmürdümü? Hansı haqlıdır, mən bilmirəm. Bəlkə ikisi də haqlıdır. Ancaq qəddar hökumət gör nə elədi: götürüb bunların ikisinin də mitinq istəyinə blok qoydu, dedi, ümumiyyətlə heç birinizi “Məhsul” stadionuna buraxmıram, orda soğan əkəcəyəm, cücərtiləri ayaqlayırsınız.

Lakin diqqətli siyasi müşahidəçilər baxıb gördülər ki, hakimiyyət Müsavatın mitinq xahişini əgər aprel ayının 4-ündə rədd etmişdirsə, cəbhəçilərə eyni cavabı ayın 5-i səhər radələrində vermişlər. Əgər müsavatçılar hakimiyyətlə əlbir deyilsə, nə üçün onların cavabı daha tez verilibdir?

Buyurun, izah edin.

Новости автора