Свобода людям, независимость нациям!

Milyonluq varidatlara dair “hardandır” sualı olmadıqca....

Bu hadisəni mənə böyüklər danışıb, yaşımdan qabaq olan əhvalatdır. Ötən əsrin 60-cı illərində bizim rayona Kazımov soyadlı bir raykom, indiki terminlərlə desək, İH başçısı təyin edirlər. Dürüst, əli və ağzı təmiz adam imiş.

Təsadüfən belə alınıb ki, rayonun milis rəisinin də soyadı Kazımov olub. O da mərdimazar adam deyilmiş, amma rayondakı vəzifəli şəxslərdən hədiyyə, pay almağı varmış - sovet standartlarına uyğun olaraq.

Bir gün səhər çağı birinci katibin yaşadığı həyət evinin darvazası açılır, UAZ markalı avtomobilin sürücüsü çiynində iri bir qoç cəmdəyi həyətə daxil olur, “bunu hara qoyum” deyə soruşanda Kazımov deyir, bu nədir, kim göndərib. Pay gətirən sürücü deyir ki, bunu kolxozumuzun sədri Hüseynov göndərdi, dedi, aparıb Kazımovun evinə verərsən, özü bilir.

Birinci katib dərhal məsələni anlayır. Çünki nə özü kimdənsə qoç cəmdəyi xahiş edibmiş, nə də kimsə ərk edərək ona belə pay göndərə bilərmiş..

Raykom Kazımov iş yerinə gəlir, rəis Kazımovu yanına çağırır, məsələni açır və deyir: “Raportunu yaz, rayondan get, bir rayonda iki vəzifəli Kazımov olmaz”.

O, bunu məhz reputasiyasına söz gəlməsin, adı ləkələnməsin deyə edir. Çünki hər dəfə rəis Kazımova nəsə göndərən, gətirən adamlar orda-burda danışacaqdılar, kommunist rəhbərin soyadı bəd işlərdə hallanacaqdı.

Yoxsa hamı bilir ki, Lenin və Stalinin vaxtında da bal tutan kommunistlər barmaq yalayıblar, aclıq çəkən xalqdan qat-qat yaxşı, yüksək təminat içində yaşayıblar.

Leninin cibindən suxarı qırıntıları çıxarıb ağzına atması barədə deyilənlər, yazılanlar əfsanədir. Stalin də özünə korluq verməyib, yemək-içməyinin, istirahətinin qayğısına lazımınca qalıb, sadəcə, sərvət toplamayıb, toplayanları isə cəzalandırıb.

Fəqət, onun dövründə də kifayət qədər tamahkar adamlar olub, əllərinə düşən fürsətdən bəs qədər yararlanıblar. Kimlər ki, tamahını boğub, xımır-xımır yeyib, ilişməyib, kimlər qudurbsa, qandallanıb, güllələnib.

Başqa sözlə, sovet dönəmində korrupsuya və rüşvətxorluq məsələsində bir əndazə olub, “yemək var, talamaq, toplamaq yoxdur” prinsipi hökm sürüb. Bununla belə, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin katibi Mixail Georqadze kimi hüdudsuz sərvət yığan və sağ yeməyənlər də olub.

Bir var, bal tutanda barmaq yalamaq, bir də var, bal küpünü yerli-dibli oğurlamaq və heç kəsə bal dadızdırmamaq. İkincilər, demək olar ki, həmişə əvvəl-axır ilişirmiş.

Bu səbəbdən idi ki, hətta sovet dövrünün son, yumşaq illərində də yüksək vəzifə tutan şəxslər özlərinə dəbdəbəli ev tikdirə, lüks avtomobillər (Qaz-31) ala bilmirdilər.

Nə qədər olmasa da, hamısının yaxşı ev tikdirməyə, maşın almağa pulları vardı, ancaq öz maddi üstünlüklərini göstərməyə, bununla öyünməyə cürət edə bilməzdilər.

Çünki bu cür işlərə nəzarət edən dövlət orqanları vardı, araşdırardılar, lap yuxarılara məruzə edərdilər, oralardan gələrdilər, “bu varidat səndə haradandır” deyə soruşar, ağlabatan cavab almaz, adamı cəzalandırardılar. Bu üzdən idi ki, vəzifəli və pullu adamlar gecəylə rayonlarda lotereyası avtomobil udmuş adamların evinə elçi göndərir, həmin şəxsdən şanslı lotereya biletini iki-üç qat bahasına alırdılar ki, nə vaxtsa kimsə onlara “bu maşını nəylə, hansı pulla almısan” sualı verəndə “lotereyada udmuşam” deyib, müvafiq sənədləri göstərsinlər.

Keçmiş dövrlərdə bu sayaq işlər vardı.

O günlər keçdi, dövran dəyişdi. İndi yüksək vəzifəli şəxslər, onların övladları, qohumları heç bir qorxu-ürkü bilmədən, bir kimsəyə hesabat vermədən 10 milyonluq malikanələrdə yaşaya, 200 minlik, 1 milyonluq maşınlarda gəzə bilirlər. Heç kəs varidatını gizlətmir, hətta əksinə, gözə soxur. 15 min manatdan iki köynək alan da, 25 min dollarlıq şampan şərabı içən də, müğənni məşuqəsinə 20 min dollarlıq çanta bağışlayan  da bu kimi xəbərlərin xalq arasında yayılacağından ehtiyat etmir.

Hər kəs də bilir ki, bunlar oğurluq pullardır, dövlətin büdcəsindən talanıb, xalqın cibindən çıxarılıb. Hamısının yalançı bəhanələri də var: “Övladım (qardaşım, yoldaşım) bizneslə məşğuldur”. Ancaq bu quduz və haram pulların əsl mənbəyi araşdırılsa, ortaya məhz talançılıq faktları çıxar. Araşdıran yoxdur.

Bir dəfə məşhur bir milyarderdən “varidatınızın mənbəyini açıqlaya bilərsinizmi” deyə soruşublar, deyib ki, ilk 1 milyonu necə qazandığımı deyə bilmərəm, amma yerdə qalanını deyə bilərəm.

Bizdəki korrupsionerlərin isə ilk 1 milyonu da oğurluqdur, son 100 milyonu da.

Новости автора