Свобода людям, независимость нациям!

Milləti çəkidə aldadıblar

“Örtülü bazar, dostluğu pozar”

(Azərbaycan ata sözü)

Moskvada rusdilli “Meduza” saytının jurnalisti İvan Qolunovu tutub zindana salıblar. Mən bu hadisəni yüngülcə izlədim və açığı, bir qədər təəssüfləndim. Çünki dünyada yeniliklər olur, ancaq biz bunlardan qıraqda qalırıq. Nə üçün? Niyə? Zaçem? Biz gərək böyük qardaşımızdan dərs alaq. İndi mən yazım, siz də baxın görün nə qədər həlli vacib, zəruri problemdir.

Söhbət ondadır ki, (əlbəttə, həll edilmədiyi üçün ona gəlib çatıb, yoxsa səkkiz, doqquz olanda tərpənərdik) həmin jurnalisti rus milisləri tutarkən üzərindən, çantasından və evindən çoxlu narkotik maddə və... tərəzi aşkar edərək götürmüşlər. Bax, bizi düşündürən də elə bu tərəzidir. Çünki jurnalist narkotik maddələri hazırlayıb satmaqda suçlanır. İndi gəlin yada salaq, lap istəsəniz Google-da “jurnalist, müxalifətçi, narkotik, tərəzi” sözlərini yazıb axtarış verək. Nəsə əldə edəcəyikmi? Yox. Belə xəbərlər sıfır səviyyəsindədir. Halbuki indiyə qədər bizdə onlarla, bəlkə yüzlərlə jurnalistin, müxalifətçinin narkotik alveriylə məşğul olması tərəfimizdən aşkar edilib götürülmüşdür. Hətta bizdə elə baş redaktor olub ki, kolumbiyalı narkobaron Pablo Eskobar müəllim arzu edib gəlib Bakıda ondan intervü alsın, işin sirlərini öyrənsin, lakin biz vətəni və milli dəyərlərimizi satmırıq. Biz heç xaricə xalça da satmamışıq tarixən, itimizin altına sərmişik. O üzdən indi xarici muzeylərdə tapılan xalçalarımızı itəbaxanların oğurladığı güman edilir. Nəsə, temadan uzaqlaşmayaq, qayıdıb görərik köşənin yerində pambıq əkiblər.

Uzun sözün qısası, bizdə narkoticarətlə məşğul olan müxalifətçilərin heç birisində tərəziyə rast gəlinməmişdir. Əks halda, rəsmi xəbərlərdə “ ... və bir elektron tərəzi aşkar edilib götürülmüşdür” yazılardı. Ancaq tərəzi yoxdur. Mal var, hər cür heroin, marixuana, rəhmətlik Cəlal əmi demişkən, “kristal kokain” ələ keçirilir, tərəzi isə olmur.

İndi biz buradan hansı nəticəyə gəlməliyik? Deməli bu yaramaz müxalifətçilər, jurnalistlər xalqı narkotik satışı zamanı da aldadırmışlar! Tutalım, sən gəlirsən bunun yanına, deyirsən ordan 3 qram heroin ver, 25 ildir hakimiyyətə həsrətik, bəlkə bu yolla nəşələnək, qanımız qaralıbdır. O da tökür qaba 2 qramı, yalandan deyir 3 qramdır. Nə biləsən? Tərəzi yoxdur axı. Biz gərək hüquq-mühafizə orqanlarından, ədalət məhkəmələrimizdən xahiş eləyək, onların qarşısında vəsatət qaldıraq ki, bu yaramazları həmçinin istehlakçı hüquqlarını pozmaq maddəsiylə dama salsınlar. İşin üstünə bunun da cəzası gəlinsin. Özü də bu dəqiqə əhalinin istehlak hüquqları, qida təhlükəsizliyi, yemək-içməyin düzgün verilməsi çox aktualdır. Keçən həftə həmin yeməyə baxan idarənin şöbə müdirini tutub qoduqluğa saldılar, çünki qəssabla əlbir olub eşşək ətinə yalandan peçat vururmuş ki, guya ceyran bududur. Belə şeylərə yol verməməliyik.

Ancaq əlbəttə, uğurlar da qaçılmazdır. Bunlardan qeyd edə bilərik 21 yaşlı gənclərdən ibarət futbol yığma komandamızın Lixtenşteynə uduzmasını. Bu Lixtenşteyn cırtdan bir dövlətdir, hətta səhv eləmirəmsə, milli orkestrindəki skripkaçıların sayı ordusundakı əsgərlərin sayından çoxdur. Ordusu 22 əsgər və 1 itdən ibarətdir. Bütün tarixi boyunca Lixtenşteyn cəmi 2 dəfə futbolda qələbə qazanıb, təsəvvür edin ki, bunun ikisi də Azərbaycan üzərində olubdur. 21 il qabaq lap zırpılardan ibarət milli komandamızı qazlamağı bacarıbmışlar. İndi fikirləşin, əgər 21 il keçəndən sonra həmin il doğulan uşaqlar yenə uduzursa, bu bizim futbolun inkişafını göstərmirmi? Əlbəttə, göstərir. Tərəziyə qoysan, göstərər (bax: yuxarı). Özü də bu komandanın məşqçisi serbiyalıdır. Lixtenşteynə uduzmaq üçün Serbiyadan məşqçi gətirmək vacib idimi? Bunu elə Ağasəlim müəllim də edə bilərdi. Lakin belə düşünmək yanlışdır. Bəs o zaman Lixtenşteyn, Serbiya necə sevinərdi? Bizim məqsədimiz dünyaya sevinc səpələməkdir.

Şair demişkən, qoy həmişə günəş olsun, qoy həmişə mama olsun, qoy həmişə olum mən!

Новости автора