Свобода людям, независимость нациям!

Millət üçün çalışırıq

Bəzi oxucular vardır, onların əlindən yaşamaq gündən-günə çətinləşir. İşləri-gücləri səhv tapmaqdır. Örnək üçün, biri ötən yazımdan sonra məktub göndərib görün nə deyir: “Siz yazıda naziri təsvir edərkən onun bir əlində yaba, bir əlində dırmıq, o biri əlində də başqa nəsə tutduğunu yazmısınız. Belə çıxır onun üç əli vardır”.

Təmiz savadsızlıqdır. Mən bilmirəm orta məktəbdə bunlara nə öyrədirlər. Bizim vaxtımızda camaat çox savadlı idi. Misal üçün, bizim riyaziyyat müəllimi var idi, 1980-ci illərdə Ferma teoremini isbat eləmişdi. Endryü Uayls adlı alim, halbuki, bunu ancaq 1994-cü ildə sübuta yetirib məhşur oldu. Mən özüm dünya xəritəsinin qabağında durub gözüyumulu istənilən dövlətin paytaxtına barmağımı qoya bilirdim. Şahidlərim var. Düzdür, həmin müəllim o biliklə axırda fermada malabaxan işlədi, mən də Biləcəridən o tərəfə çıxmadım, ancaq əsas bu deyil ki?! Əsas məsələ bilikdir.

Uzun sözün qısası, indi mən bu bisavad oxucuya da başa salası oldum ki, Azərbaycanda nazirlərin 3 əlinin olması qeyri-adi hadisə sayılmır. Bizdə bütün məmurlar Hindistan allahları kimi bir şeydirlər, çoxlu əlləri olur. Birində üç, o birində beş, eləsi var səkkiz əli var, Oktapod müəllim deyə çağırırlar. Rəhmətlik polkovnik Hacı Məmmədov belə şeylərin elmindən çox agah idi, heyf, nə qədər elmi-helmi özüylə o biri dünyaya apardı, qismət olmadı uca millətimizə öyrətsin. Cəmi 2 əli olan məmur çox nadir rast gəlinən canlı növünə aiddir, hətta bəlkə də Məmurların Qırmızı Kitabına salınıbdır.

İndi mən məmurların əlinin çoxluğunu yazarkən onların rüşvətxorluğunu, korrupsiyaya bulaşdığını iddia edirəm? Qətiyyən. (Son əfvdən bəri türmədə xeyli müqəddəs yer boşalıbdır, biz həm də bunu nəzərə almalıyıq. Müqəddəs yer isə Bakı metrosunun vaqonu tipində bir zaddır, daim dolmağa meyllidir). Sadəcə, məmurlarımızın xalq yanğısı, millət sevgisi, ümmət eşqi, camaat məhəbbəti o dərəcədədir ki, bir-iki işlə məşğul olmağı yetərli saymırlar. Hərəsi azından 3-4 iş görür. Misal üçün, baxırsan adam deputatdır, bütün dünyada deputatın işi qanun qayırmaqdır. Ancaq bizimkilər asfalt çəkir, xəstə müalicə edir, toya nəmər salır, qaz verir, qazan doldurur və sairə. Yaxud, prokuror var, məhkəmədən sonra da dəlləklik edir – baş qırxır. Ordan çıxıb dana kəsir, ət satır, qəssab işləyir, axşam növbəsində də məktəbdə qarovulçu işləyir ki, ermənilər gəlib millətimizin burnufırtıqlı balalarının dərsliyini oğurlamasın. Səhər obaşdan isə hamıdan qabaq (tülküdurmazdan deyərdim, ancaq yaraşmaz, təbiəti sevməliyik) yuxudan durub küçələrə süpürgə çəkir. Bu onun vəzifə borcudurmu? Xeyr. Ancaq eləyir! Çünki sən yanmasan, mən yanmasam, biz yanmasaq, necə qızdırmaq olar evi? Vətən də bizim evimizdir!

Prinsipcə, yaxşı örnəklər keçici olur, millətimiz də çoxəlli olmağa başlayıbdır. Görürsən adam universitetdə dərs deyir, işdən sonra taksi sürür, hamama kafel vurmaq, elektrik, nə bilim, dülgər, bənna – nə iş olsa gedir eləyir. Pul qazanmaq üçünmü? Yox. Qəti elə şey yoxdur. Bizdə maaş hamıya xirtdəyə qədər bəsdir, son artımlarda lap pulun içində batırıq. Millət üçün eləyir! 202 nömrəli avtobusda bir qaqaş sürücü var, bir əlində siqaret, bir əlində tum çırtlayır, bir əlində telefon olur, sükanı qarnı ilə fırladır, hələ o arada imkan tapıb pul xırdalayıb sərnişinə qaytarır, ayağını qaşıyır, eyni anda xoşuna gəlməyən sərnişinə kəllə atır.

Elə mən özüm bu bayram günü niyə işləyirəm? Xalq üçün yazıram! Deyirəm qəzet boş qalmasın, millət dişində fındıq qırıb, tonqaldan hoppanıb, səməni halvasından basandan sonra nəsə bir cızmaqara oxusun, mənəvi qidası olsun. Bu da məndə səhv tutur... Ancaq başa düşürəm, bunun da işlərindən biri səhv tutmaqdır. Sağ olsun.

Новости автора