Свобода людям, независимость нациям!

Məsuliyyətsiz hərəkətlər

“Bir müddət dost kimi gəzdik yanaşı,

İncitdim qəlbini, mən oldum naşı.

Sənsiz, ey gözəlim, bağrımın başı

Oldu dilim-dilim, yadıma düşdün,

Nazəndə sevgilim, yadıma düşdün".

(İslam Səfərli)

“Apple” şirkətinin müdiri Tim Kuk Bakı bulvarının şəklini özünün sosial şəbəkə hesabında paylaşıb, altından da yazıb ki, kaş iş-güc imkan verəydi, səydəş-səydəş adamlar gündə məndən təzə “Ayfon” modeli istəməyəydi, gedib bu qəşəng yerdə əyləşərdim, pürrəngi çaydan içərək mavi Xəzərə dalardım. Yəqin bir azdan biz Kuk müəllimi AzTV ekranlarında hansısa söyüdün budağını yoluşdurub şeir oxuyan vəziyyətdə görərik.

Bakı polisi isə evlərdən birində zəncirlənmiş uşaq aşkara çıxarıbdır. Deyir uşağın anası səhərdən axşamacan hansısa müəssisədə eşşək kimi işləməyə məcbur imiş, uşağa da baxan yoxdur, məcbur olurmuş zəncirləsin, getsin. Bu da ölkəmizdəki humanitar islahatlara ziddir, heç vaxt müxalifətçilərin qandallanıb məhkəməyə aparılmasını görməmişik, bəs sən niyə uşağı zəncirləyirsən? Bir dəfə mən televizorda hətta qatilin əli-qolu açıq intervü verdiyini görmüşdüm. Otaqda AzTV kamerası və müxbirdən başqa heç kəs yox idi, qapını açıb qatili kamali-ədəblə içəri buraxdılar, o da vətənpərvər açıqlamalar verib çıxıb getdi. Deməli, işə gedən analar öz uşaqlarını tam arxayın şəkildə AzTV qarşısında buraxıb yox ola bilərlər. Sən evə qayıdana qədər televiziya o uşağa elə təlim-tərbiyə verər, heç tanımazsan. Görərsən qarşokun üstündə bir milli qəhrəman oturubdur.

Sevindirici haldır ki, axırıncı zəncirlimiz də azad oldu, ölkəmizdə demokratiya, azadlıq tam qələbə çaldı. Biz azad ruhlu xalqıq, bizi zəncirləmək zatən çox çətindir. Ümidvaram Rüstəm müəllim Milli Şuranın sədri Cəmil müəllimlə birgə “Zəncirlənmiş Prometey” adlı təzə filmə imza atarlar, hökumət də onlara əməkdar incənəsət xadimi adı verər. Ara yerdə nə oldusa yazıq Ayaz müəllimə oldu. Hökumət çəkdiyi kinonu əlindən almışdı, bu bəs eləmədi, indi də Rüstəm İbrahimbəyovu amnistiyaya salıblar, Ayaz Salayevin təşkilatı qalıb küncdə. Məncə, o da Əli Kərimli ilə yaxınlaşsın, Milli Şuranın qabaqdan gələn seçkilərdə namizədi Ayaz Salayev olsun. Bəlkə bu dəfə alındı. Üstəlik, Müsavatın da əvvəlki gücü yoxdur çəm-xəm eləsin. Hətta biz Əkrəm Əylislini təzədən deputat seçsək lap yaxşı olar. Balaca ölkəyik, hamımız bir-birimizə arxa-dayaq olmalıyıq. Bizim Qarabağ dərdimiz vardır.

Söz Qarabağdan açılmışkən, bu yaxında Xarici İşlər Nazirliyimizin maraqlı açıqlamasını oxumuşdum, deyir Ermənistan özünü çox məsuliyyətsiz aparır. Doğrudan da, bunlar bizim torpaqları işğal eləməklərinə baxmayaraq özlərini orada-burada məsuliyyətsiz aparırlar. Birdən görürsən Cıdır düzündə eşşək ötüşdürmə yarışı elədilər, ya da Xankəndində dünya ermənilərinin idman turnirini qayırdılar. Tam məsuliyyətsiz addımlardır. Guya biz istəsək Xankəndində Birinci Avropa Oyunları keçirə bilməzdik? Sadəcə, adamın gərək məsuliyyəti olsun. Yaxud bu yaxında başlayıblar Şuşadakı məscidi təmir eləməyə. Bəlkə yandırıb dağıtdığınız Füzulini, Ağdamı, Qubadlını da təmir eləyəsiniz? Belə məsuliyyətsiz təmir heç yanda görünməyibdir. Allah bilir o məscidin təmirində nə qədər yeyintiyə yol verilmişdir. Axı ortada tender elanına rast gəlməmişik. Məsuliyyətləri olsaydı dövlət qəzetlərimizdə məscidin təmiri üzrə tender elanı yerləşdirilməli, hər kəsin orda iştirak hüququ təmin olunmalıydı. Hələ o Paşinyanın “Qarabağ bizimdir, bizim olacaq” söhbəti nə idi, sən canın!? Tam səfeh, səydəş, məsuliyyətsiz bəyanatdır. BMT-nin yeddi min yeddi yüz yetmiş yeddi qətnaməsi var bu temada, hamısında da yazılıb ki, ya Qarabağ, ya ölüm, başqa yolu yox artıq. Əlbəttə, demokratiya qurbanlar tələb edir.

İndi söz əlaqədar təşkilatlarındır.

Новости автора