Свобода людям, независимость нациям!

Məmurlar bu ölkəni nə vaxt bölüb qurtaracaqlar?

Mümkündür, istisna deyil ki, biz bəzi məsələlərə həqiqətən də məqbul olandan daha sərt reaksiya veririk. Amma bilavasitə milli təhlükəsizliyə təhdid yaradan məqamlardan söhbət gedəndə başqa cür etmək də olmur, çünki milli təhlükəsizlik maraqları hamı üçün “qırmızı sərhəd” mahiyyətini daşımalıdır, necə deyərlər, bundan o tərəfi yoxdur. Çox şey etmək olar, amma kimsə artıq milli maraqların da çəpərlərini aşırsa, buna bəraət yoxdur və burada “başına dönüm – qadan alımla” keçinmək olmur.

Politoloqlar milli təhlükəsizliyin əsas atributlarını çoxdan təsnif ediblər, amma zaman daim yeni çağırışlar gətirir. Məsələn, 30-40 il bundan əvvəl kiber-təhlükəsizlik haqqında danışmaq hətta ən zəki politoloqların belə ağlına gəlmirdi, amma indi kiber-təhlüksizliyin təmin olunması, demək olar ki, dövlətlərin əsas qayğısına çevrilib.

Bir sıra məqamlar var ki, onlar artıq klassik təhlükəsizlik məqamlarına çevrilib və onların da təmin olunması dövlətlərin və hakimiyyətlərin ən ümdə vəzifəsidir. Məsələn, dövlətin siyasi və coğrafi bütünlüyünün, onun iqtisadi maraqlarının müdafiə və təmin olunması bu qəbildən olan məsələlərdir.

İş də elə gətirib ki, yenicə müstəqil olmuş bir sıra postsovet ölkələri üçün təhlükəsizliyin bu aspektləri hələ təmin olunmamış qalır. Məsələn, Azərbaycan ərazisinin 20 faizinə nəzarət edə bilmir və bu nəzarəti qaytarmaq üçün 30 ilə yaxındır ki, Ermənistanla müharibə vəziyyətindədir. Artıq azərbaycanlıların bütöv bir nəsli bu müharibə ilə birgə boy atıb və ən ağrılısı da budur ki, həmin nəslin Dağlıq Qarabağın qayıtmasını öz gözlərilə görmək şansları elə də böyük deyil, geosiyasi və geoiqtisadi məqamlar var ki, onlar bu məsələni ciddi şəkildə əngəlləyir və istisna deyil ki, hamımız o biri dünyaya ürəklərimizdə daha bir nisgil – Qarabağ nisgili aparacağıq.

Bəli, düşünmək olardı ki, ölkənin bu vəziyyəti, onun otuz il elan olunmamış bir müharibə ilə üzbəüz qalması Azərbaycanın siyasi palitrasında, onun iqtisadi və siyasi mentalitetində təsirsiz ötüşməycək, insanlar, xüsusən də bu ölkənin siyasi və iqtisadi elitası olmağa iddialı kəslər dövlətə və onun maraqlaarına daha böyük həssaslıqla və qayğı ilə yanaşacaqlar. Amma ki, belə olmadı, biz daim deyirik ki, Azərbaycanda iki savaş gedir. Biri 1988-ci ildən başlayan Dağlıq Qarabağ savaşıdırdsa, digəri 1991-ci ildən, yəni müstəqillik əldə ediləndən vüsət alan iqtisadi savaşdır.

Biz mütəmadi olaraq Azərbaycanın mövcud iqtisadi modelini anlamağa və xarakterizə etməyə çalışmışıq.

Bir daha deyirik ki, ölkədə dövlət-oliqarxik sistemi bərqərar olub, məmurlar çoxdan ölkənin ən əsas iqtisadi “rıçaq”larını ələ keçiriblər, vəzifə ən böyük biznesə, siyasi hakimiyyət isə iqtisadi hakimiyyəti də ələ keçirmək üçün vasitəyə çevrilib.

Bu prosesin ən faciəli tərəfi isə odur ki, belə sistem stabil deyil, məmurlar arasında daim savaş gedir, yeni məmur özündən əvvəlkinin təkcə vəzifəsini deyil, həm də onun iqtisadi strukturlarını ələ keçirir, bu isə permanent mülkiyyət savaşına çevrilir, iqtisadi institutların oturuşmasına və stabilləşməısinə imkan vermir. Belə bir vəziyyətə əmin olmaq üçün heç də ciddi makroiqtisadi tədqiqatlar aparmağa ehtiyac yoxdur, bunun üçün şəhərə çıxıb bir azacıq dolaşmaq yetərlidir.

Məsələn, adi bir detalı deyək. Əcnəbilər çox təəccüblənir ki, bizim ölkəmizdə eyni profilli iqtisadi strukturlar çiyıin-çiyinə, böyür-böyürə fəaliyyət göstərir. Buna özünüz də əmin ola bilərsiniz və böyük ehtimalla belə mənzərə çoxdan sizin də diqqətinizi cəlb edib. Məsələn, Azərbaycanda yanaşı, böyür-böyürə iki, hətta üç böyük supermarketin olması adi haldır.
Bu yaxınlarda şəhərdə dolaşarkən daha bir ərazinin boşaldılmasının şahidi olduq. Soruşduq ki, burada nə tikiləcək? Cavab bu oldu ki, böyük bir supermarket!

Amma təsəvvür edin, artıq həmin yerdə böyük bir supermarket var, yolun o biri tərəfində, üzbəüz daha iki böyük supermarket fəaliyyət göstərir. Beləliklə, dörd böyük supermarket böyür-böyürə! Necədir?

Mümkündür ki, kimsə bunu “azad rəqabət”in təzahürü kimi yozsun. Amma qətiyyən belə deyil. Normal iş adamı heç vaxt belə hərəkət etməz və öz obyekti üçün daha münasib yer axtarar. Bu cür yalnız o vaxt hərəkət edərlər ki, ən yaxşı halda ya kimincə gəlirinə şərik olmaq, ya da ən pis halda onu müflis etmək məqsədi güdərlər.

Biz bunu bir az əvvəldə qeyd etdiyimiz dövlət-oliqarxik sisteminin təzahürü kimi görürük: necə deyərlər, iştah diş arxasındadır, məmurlar tədricən bütün gəlir gətirən sahələri ələ keçirməyə çalışırlar. Buna görə də böyür-böyürə on böyük supermarket görsəniz belə, təəccüblənməyin və bilin ki, bu da bir savaşdır: məmurlar və dövlət adamları hələ də bu ölkəni bölüb qurtarmayıblar, odur, hələ məlum deyil ki, bu yazıq ölkənin başına daha nələr gələcək...

 

Новости автора