Свобода людям, независимость нациям!

Məktəb direktoru "razborşik" olarsa...

Məktəb direktoru minlərlə vətəndaşın formalaşmasında mühüm rol oynayır. Əgər məktəb direktoru anormal, rüşvətxordursa, əyri əməllər sahibidirsə, onlarla müəllim və yüzlərlə şagirdi - gələcəyimizi məhv etməsi deməkdir.

187 saylı məktəbin direktorunun iki gündə yayılan videoları nəinki bir direktor, bütövlükdə pedaqoq adına rəzalətdir.
Vulqar davranışları ilə özü sübut edir ki, adam hansı xislətli biridir. Təsəvvür edin, örnək olmalı direktor karantin qaydalarını pozur, müğənniləri başına toplayıb özünə ad günü keçirir. Bunun videosu yayılır, direktora cəza verilir, töhmət alır, cərimələnir.

Amma səhəri gün isə blogerlərdən birini çağırır evinə, növbəti biabırçılığını edir. 23 dekabrda verdiyi videoaçıqlama heyrət doğurur. Bir direktor əyri əməlləri vərdişə, peşəyə çevirmiş tiplərə xas çaşdırıcı danışıq tərzi sərgiləyir. Bir daha aydın olur ki, nələrə malikdir, xaraktercə nəinki pedaqoq deyil, ümumən qeyri-sağlam təfəkkürlüdür.
Bugünkü video-açıqlamasında əvvəlki anormal hərəkətinə, karantin qaydalarını pozmasına, haqlı iradlara görə cavab vermək, üzrxahlıq etmək əvəzinə, sanki "razborşik"lər tərzində minnət yükləyir, şantaja cəhd göstərir: "Əgər əsgərlərə dəstək göstərmək, filan işi görmək qəbahətdirsə, üzr istəyirəm"... Və digər bu cür yanıldıcı cümlələr. Axı sən buna görə ittiham edilməmisən, cəzalanmamısan, kimə gəlirsən axı... Karantində, üstəlik də şəhidlərin qanı qurumamış çal-çağırlı ad günü etdiyinə, pedaqoq adına xələl gətirdiyinə görə qınanırsan.

Guya məclis Qubadlının işğaldan azad edilməsinə görə təşkil olunubmuş. Amma videoda az qala özü boyda tortun üstündə "60" illik yubiley əks olunur, Qubadlıya aid heç bir işarə yoxdur. Üstəlik də, Qubadlının azadlığına görə direktora niyə yekə bir sırğa hədiyyə edilir ki...

1. sirqa.jpg (91 KB)
Nəsə, üzrü qəbahətindən betər.

Ardınca daha bir video yayılır: Xanım direktor əlində çapacaq, qoyun şaqqalayır...

1, qessab.jpg (193 KB)

Məqsədim heç də bir direktora köklənmək deyil. Fakt odur ki, ümumiyyətlə, bu direktor məsələsi çox ciddi bir problemdir və illərdir dartışılır, çözülmür.
Bu məsələyə çox tezliklə əncam çəkilməlidir.

Biz ən böyük ümummilli problemimizi həll etdik, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Ordumuz Qarabağı işğaldan azad etdi. İndi ölkəmizdə tam yeni bir inkişaf mərhələsi başlayır.
Bizə yüksək təhsil, təlim-tərbiyə, sağlam təfəkkürlü, savadlı kadrlar bundan sonra daha çox lazımdır. Cəmiyyətin böyük inkişafı əsasən normal məktəblərin formalaşmasından keçir. Çünki vətəndaş, kadr məktəbdə yetişir. Odur ki, təhsil müəssisələrinə "razborşik" təfəkkürlülər deyil, əsl pedaqoqlar, sağlam düşüncəli şəxslər rəhbərlik etməlidir.

İxtiyari bir müəssisənin rəhbəri necədirsə, kollektivi də ona uyğun formalaşır, bu, aksiomdur.

Hörmətli təhsil eksperti, İctimai Şura sədri Şahlat Əsgərov da bu məsələyə dair həyəcan təbili çalıb. Şahlar müəllimlə tam razıyam: ölkəmizdəki cəmi 4500 məktəbə sağlam düşüncəli adamları rəhbər təyin etmək elə də çətin iş deyil.
Düzdür, hazırda xeyli məktəbə gənc, sağlam düşüncəli şəxslər imtahan yolu ilə rəhbər təyin olunublar. Bu proses sürətlənməli, "razborşik", qəssab təfəkkürlü, davranışlı adamlar nəinki direktorluqdan, ümumiyyətlə təhsil sistemindən uzaqlaşdırılmalıdır.
Əminəm ki, dövlət baba bu işi sürətlə həll edəcək.
Direktor nümunə olmalıdır, kumirə çevrilməlidir.

Xatırlayaq müəllimlərin "yemək yemədiyini" təsəvvür etdiyimiz dövrləri: direktorlar necə idilər? Nümunəvi insanlar!
Əlbəttə, bu gün də cəmiyyətimizdə, təhsil sistemində xeyli sağlam gənclər, orta nəsil nümayəndələri var. Məhz onların arasından seçilməlidir direktorlar.

Bütövlükdə hansısa yüksək vəzifəlinin, korrupsionerin, arxalı məmurun yaxını olduğu üçün direktor təyinatları ənənəsi də bir an öncə gorbagor olmalıdır...

Elşad Məmmədli

"Yeni Müsavat"

Новости автора