Свобода людям, независимость нациям!

Manatın təzə evi

“Bəy dediyin nədir, bəyənmədiyin nədir?” (Ata sözü)

Hərə pandemiya ilə özünə layiq mübarizə aparır. Gürcüstanda kiçik biznesə, kommersiya obyektlərinə elektrik enerjisinin qiymətində güzəşt nəzərdə tutulur, çünki yanvarın 1-dən orda enerjinin qiyməti artıbmış. Bizim pulla hardasa 5 qəpik eləyib. Əvvəl görəsən nə qədər imiş, mən bunu heç fikirləşmək istəmirəm. Dövlət kiçik biznesə enerji tariflərini ödəmək üçün subsidiya verir ki, onlar qiyməti qaldırıb camaatın belini qırmasın. Subsidiyalar çörək istehsalından heyvan yeminə qədər 20 sahəni əhatə edəcəkdir.

Ukraynada isə Zelenski hökuməti təbii qazın dövlət qiymətini bərpa edib. Müvəqqəti olaraq. Deyir biz yol verə bilmərik qazın bazar qiyməti qalxsın, camaat soyuqdan donsun.

Bəs biz neyləyirik? Biz isə manatımıza təzə ev tikəcəyik. Əlbəttə, başqa kasıb ölkələrdən fərqimiz olmalıdır. Əgər manat özünü yaxşı aparıb devalvasiyaya uğramırsa, niyə ona təzə, dəbdəbəli ev tikməyək? Onsuz əlimizə beş-on manat keçəndə hamımız o pulu daşa-sementə sərf edirik. İndi manatın da əlinə dollar keçib, halal xoşu olsun. 37 mərtəbəli, bir daşı gümüşdən, bir daşı qızıldan bina olacaqmış. Hərə binanın məsrəfinə ayrı qiymət oxuyur. Biri 500 milyon dollardan danışır, ayrısı 250 milyondan. Ancaq biz ötən illərin müsbət və müsibət təcrübəsindən (Mirşahinin Şurnux kəndindən reportajına baxdığım hiss edilirmi?) yararlanaraq proqnoz edə bilərik ki, Mərkəzi Bankın təzə ofisi ölü yerindən 1 milyard dollara başa gələcəkdir.

Niyə də olmasın? Yenə qeyd edirəm, bizdə pul zibil kimidir, hamıya çatır. Misal üçün, Vüqar müəllim mətbuatı inkişaf etdirməyə can qoymuşdu, dünən idarə onun özünü içəri saldı. Deyir jurnalistlərə ev tikintisində, mətbuata yardımda ara-sıra yeyintiyə yol verirmiş. Bəs neyləsin? Onun da mədəsi vardı. Üstəlik, axı mətbuat inkişaf etmişdir, bütün jurnalistlərimiz dəniz mənzərəli otaqlarla təmin olunmuşdur! Əgər yeyinti sayəsində mətbuat inkişafdan qalsaydı, bəlkə deyərdik müdiri nəşriyyatın qapısından asın. Qalmayıb. Azərbaycan mediası söz azadlığına görə ABŞ-a, Avropaya örnəkdir. İnanmırsınızsa Əflatun müəllimin məqalələrini oxuyun. Orda hamısı dəqiq göstərilmişdir.

Bu arada xalq qurcalanır, narahat olur ki, birdən devalvasiya olar, manat ölər. Baş bankir deyir, ölməyəcək. Xalqımız dövlətə inanmalıdır. Tarixi təcrübə, yenə deyirəm, əsasdır. İndiyəcən yüzlərlə ekspert Azərbaycan iqtisadiyyatını təhlil etməyə çalışıb, proqnozlar verib, bizi “Holland sindromuyla”, neftdən asılılıqla, sosial gərginliklə, nə bilim, daha hansı zibillə qorxutmağa cəhdlər etmişdir. Tam əksi olub. Camaatın torpağını düzgün bölməyiblər, həmin camaat gedib işğal altındakı torpaqları azad edib. Benzini bahalaşdırıblar, maşın alanlar çoxalıb. Bir evi üç adama satıblar, icra başçısı işsizin müavinət kartını cibinə qoyub pulları sümürüb, məhkəmə qanunsuz qərarlar çıxarıb, ac qalmışıq, susuz qalmışıq, lakin dövlətçilik ətrafında daha sıx birləşmişik! Səbəb isə olduqca sadədir: bizi idarə edənlər bizə ən yaxın, bizə ən çox bənzər adamlardır. Az qala dini kitabdakı fikirlərin təkrarıdır: “Biz sizə şah damarınızdan yaxınıq”. O məşhur “xalq-hakimiyyət, hakimiyyət-xalq birliyi əbədidir” şüarı havadan yaranmayıb.

Azərbaycanın beynəlxalq korrupsiya ilə mübarizəsi də səmərəli şəkildə davam edir. Bugünlərdə İtaliya məhkəməsi deputat Luka Volante müəllimə 4 il həbs kəsdi. Bizdən bir-iki milyon dollar rüşvət aldığına görə. Eybi yox, vaxt gələr, pulunu verib əfvə saldırarıq.

Новости автора