Свобода людям, независимость нациям!

Madam Paskyeyə daha nə deyə bilərdik?..

Son günlərdə Bakıda səfərdə olan yüksək qonaqlardan biri də heç şübhəsiz Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mari Paskye idi.

Mübaliğəsiz demək olar ki, Avropa Şurası Azərbaycanın siyasi və ictimai həyatında ən çox rol oynayan ən əsas beynəlxalq təşkilatlardan biridir.

Əvvəlcə bu təşkilata bir az skeptik, bir azca da ironik yanaşan azərbaycanlılar da tez bir zamanda ona münasibətini dəyişdilər və əmin oldular ki, qarşılarındakı ciddi və fəal bir təşkilatdır, hansına ki, hətta şikayətlə müraciət etmək mümkündür və o, səni ən çətin bir məsələdə, hətta öz dövlətindən və hakimiyyətindən müdafiə olunmaqda dəstəkləyə, müvafiq siyasi və hüquqi yardım göstərə bilər.

Əlbəttə ki, bu müstəvidə də ziddiyyətli, hətta problematik məqamlar, Bakı ilə Strasburq arasında anlaşılmaz hallar da çox olubdur - axı heç kim sevmir ki, onu tənqid və təftiş etsinlər (xüsusən də işlər qaydasında olmayanda!), hansısa monitorinqlər keçirsinlər. Odur ki, bu iyirmi ilin ərzində təşkilatı tərk etmək haqqında çağırışlar da az olmadı. Amma son nəticədə yenə də təşkilatda qalmağa qərar verildi.

Məlumdur ki, Avropa Şurası üzv ölkələrdə demokratiyanın və insan haqlarının vəziyyətini öyrənir.

Etiraf etmək lazımdır ki, bu sahədə onun əməyi böyükdür, ümumiyyətlə, bir çox keçmiş sovet ölkələrinin insanları ilk növbədə Avropa Şurasına minnətdar olmalıdırlar ki, tamam demokratik olmasa da, hər halda, dözülən şəraitdə yaşayırlar, əgər Avropa Şurası olmasaydı vəziyyət daha ağır və hətta dözülməz ola bilərdi, axı bizim insan haqları, demokratiya, dünyəvi - sekulyar dövlət quruluşu və vətəndaş cəmiyyəti sahəsində heç bir təcrübəmiz yox idi və bir çox hallarda, yeni hakimiyyətlərin heç bununla bağlı istəkləri belə yox idi...

Qeyd etmək lazımdır ki, bu illər ərzində etnik və ərazi münaqişələri kimi problemlər də təşkilatın diqqətindən kənarda qalmayıb.

Bu illər ərzində, - bu isə 20 ilə yaxındır, - Dağlıq Qarabağ probleminin də ən müxtəlif aspektləri Avropa Şurasının müzakirə predmetləri sırasında olub və bəzi epizodik halları nəzərə almasaq, təşkilat əsasən Azərbaycanın haqq işini müdafiə edibdir. Əlbəttə, demokratiya və insan haqları ilə bağlı qərarlardan fərqli olaraq AŞ-nın bu qərarları daha çox kağız üzərində qalıbdı, amma bu ümumi problemdir və yada salmaq olar ki, eyni aqibəti BMT TŞ-nın dörd qətnaməsi yaşayır. Fəqət, bütün halda BMT və ATƏT kimi, AŞ-nın da qərarlarının ən azı siyasi əhəmiyyəti var və nə vaxtsa bu qərarlara istinad ediləcək.

Əlbəttə, bir daha qeyd edirik ki, Avropa Şurasının bəzi addımlarının və təşəbbüslərinin bizdə nəinki qıcıq, hətta ciddi narazılıq yaradan vaxtları da olub.

Nə gizlədək, bəlli obyektiv səbəblərdən təşkilatın tribunası lap əvvəldən Bakı ilə İrəvan arasında çəkişmə meydanına çevrildi -onlar da, biz də bu tribunadan öz mövqelərimizi çatdırmağa cəhd etdik.

Bu müstəvidə də heç də hər şey rahat və problemsiz sovuşmadı. Məsələn, Şuranın tədbirlərində Ermənistanın hazırkı eks-prezidentləri S.Sarqsyanın, hətta R.Koçaryanın “demokratik dövlət başçıları” kimi çıxış etdikləri məqamlar da olmuşdu.

Üstəlik, təşkilatın qiymətləndirmələrinə görə, Ermənistan daha demokratik və açıq ölkə hesab olunurdu. Amma zaman nə göstərdi? Hakimiyyətini uzatmağa çalışan Sarqsyan devrildi, eks-prezident Koçaryan isə, ümumiyyətlə, siyasi cani və hakimiyyət uzurpatoru kimi mühakimə olunur...

Ermənistanın yeni baş naziri N.Paşinyan dəfələrlə bəyan edib ki, onun ölkəsində on illərlə düzgün seçki keçirilməyibdir, saxtakarlıqlar olubdur. Amma Avropa Şurasının ekspertləri və müşahidəçiləri həmin seçkilərə tamam başqa “qiymət” verirdilər...

Ümid edirik ki, xanım Paskye və digər yüksək çinli Avropa Şurası təmsilçiləri bundan da müəyyən nəticələr çıxaracaqlar: apriori yanaşmalar, apriori qiymətləndirmələr ola bilsin, abstrakt elmdə - metafizikada elə həqiqətən də məqbuldur, amma real həyatda belə deyil və onlar özlərində quru mücərrədlikdən savayı heç nə ehtiva etmirlər - özü də ki, ən yaxşı halda...

Новости автора