Свобода людям, независимость нациям!

Konqresdə dinləmələr

Yaxud molla dəli olanda

2001-ci ildə terrorçular təyyarələri Nyu-Yorkda Dünya Ticarət Mərkəzinin əkiz qüllələrinə, həmçinin ABŞ Müdafiə Nazirliyinin - Pentaqonun binasına çırpan günün səhərisi bizim qəzetlərdən biri “Pentaqonda islahatlar davam edir” başlığıyla çapdan çıxmışdı. Səbəb gülməli olsa da sadə idi: qəzeti günortadan hazırlayıb mətbəəyə vermişdilər, çıxıb getmişdilər.

Ancaq yanlış da bir naxışdır, ara yerdə milli jurnalistikamız üçün məzəli tarixçə əldə eləmiş olduq. Bizdə ABŞ-la və yenə 11 sentyabrla bağlı başqa yumoristik əhvalat da var, qəzet beynəlxalq məsələlər üzrə ekspertdən bu hadisələrin hökumət böhranına səbəb olub-olmayacağını soruşmuş və belə başlıq-yarımbaşlıq atmışdı: “Corc Buş istefa verəcəkmi? Sülhəddin Əkbər buna ehtiyac görmür”.

Bu günlərdə üsyana qalxmış xalq kütlələri ABŞ deputatxanasına girəndə yadıma o söhbətlər düşdü. Əlbəttə, indi təklif etmirəm ki, biz manşetə “ABŞ Konqresində dinləmələr” başlığı qoyaq. O cümlədən Trampın istefasına ehtiyac yoxdur. Uzağı bir-iki həftəlik hakimiyyəti qalıb, onsuz çıxıb gedəcək. Ancaq bundan sonra ABŞ-ın başqa dünya dövlətlərinə demokratiya dərsi keçməyə hansısa mənəvi əsasları qalırmı? Sual budur.

Bayaq “dinləmələr” sözünü ironiya üçün yazdım, çünki iğtişaş günü Kapitoli binasında ağız deyəni qulaq eşitmirdi. Üstəlik, ABŞ hərdən Azərbaycan kimi ölkələrdə demokratiyanın, seçkilərin, insan haqlarının durumuna aid dinləmələr keçirir, bizim müxalifətçiləri çağırırlar, çıxış-zad eləyirlər. Bəs indən belə o cür dinləmələr hansı formatda olacaq?

Mən təklif edirəm o çılpaq bədəninə dəri çiyinlik atmış, başına öküz buynuzu taxmış, iğtişaş günü spikerin kreslosunda məzələnən məşhur amerikalı moderatorluq etsin. Ermənilər Nikol Paşinyanın ofisini dağıdanda ordan odekolon-zad əkişdirmişdilər. Görəsən Nensi Pelosinin hansı ənlik-kirşanı it-bata düşüb? Bunlar dünya demokratiyası üçün vacib məsələlərdir.

Əslində pafoslu çıxmasın, mən bunları sevincək deyil, ürək ağrısıyla yazıram, Amerikanın başına pis oyunların açılmasına qətiyyən şad olmuram. Hadisələr zamanı 4 nəfər ölməsəydi, ümumiyyətlə buna normal baxmaq olardı. Çünki demokratiya mürəkkəb sistemdir, onun içində daim belə toqquşmalar, dartışmalar ola bilər. Demokratiya sabitliklə bəzən üst-üstə düşməz. Bunun qəbiristanlıq sükutuna qərq edilmiş avtoritar, totalitar sistemlərdən bir fərqi də elə bundadır. Demokratiya birrəngli, düzxətli, dəqiq sxemə salınmış sistem deyil, rəngarəngdir, xaotikdir, daim inkişafdadır. Üçüncü dünya ölkələri üçün bunu anlamaq, dərk etmək, qəbullanmaq çox çətindir. Ona görə belə ərazilərdə “Tramp haqlıdır, hakimiyyəti niyə əldən versin ki”, “Qoşunu vaxtında yeridib Konqresi qorumaq olmazdımı”, “Sosial şəbəkənin prezidenti bloka atmağa nə ixtiyarı var” kimi suallar ortaya çıxır. Elə bil, Amazonda yaşayan qəbilənin üstündən təyyarə ilə uçub keçirsən. Onlar bu əcaib qurğunun nə olduğunu, nəyə xidmət etdiyini necə başa düşsünlər? Evdə bişməyib, qonşudan gəlməyib. Daha doğrusu, gəlməyə indi-indi cəhd edir.

Biz gərək “yaşıl kart”la ordan vətəndaşlıq udmuş keçmiş həmyerlimiz Elariz müəllimdən, ya da lap elə Rəsul bəydən istəyək, qoy gedib Trampa VPN-lə “Feysbuk”un blokunu açmaq üsullarını öyrətsinlər. Azərbaycanda internetə girmək çətin olanda biz belə edirik. Hərçənd, ola bilsin çatdırmadıq, adamı dəlixanaya basdılar - rəqib partiya prezidentin başının xarab olması haqda məhkəmədə iddia qaldırmaq fikrindədir. Amerikanın başı xarab oldusa, vay dünyanın halına. Çünki camaat dəli olanda mollaya gedir, molla dəli olanda hara getsin? 

Новости автора