Свобода людям, независимость нациям!

Keçmiş xidmətlər

“Yaltaqlıqla əldə edilən qazanc, dürüstlüklə əldə edilən gəlirdən çox olarsa o ölkə batar”

(Şarl de Monteskyö)

Vaxtilə qoçu dəstələri müxalifətçilərin anasını ağladan adam indi anası ilə məhkəmədə oturub ağlayır. Necə deyərlər, qəribə həyatdır. Bir dənə də müdrik ata sözü var, deyir quyu qazanda dərin qazmaq lazımdır. Dibinə çatana qədər nə qədər çox uçsan özünü quş kimi hesab edərsən. Uçanlar deyir ləzzətli olurmuş.

Ancaq əlbəttə, biz istəsək indi onu “rejimin basqıları altında inləyən yorğun demokrat”, “bəstələrinə qandal vurulmuş bala Motsart”, canım sənə desin, “Oğuz elinin yeganə ümidgahı, qibləgahı, pulqəbahı (təzə iqtisadi termindir, indicə kəşf elədim)” elan edə bilərik. Hamısı bizim öz əlimizdədir. “Dannıları”, preyskurant göstəriciləri, karatı və termodinamik keyfiyyətləri-zadı - uzun qısası, hər şeyi də yerindədir. Biz vaxtilə elə adamlardan dissident, hüquq müdafiəçisi, nə bilim, azadlıq carçısı qayırmışdıq ki, onlara baxanda bu yoldaşın ətəyində hətta namaz qılmaq olar. Təbii, dini işlər komitəsindən icazə almaqla. İcazə verməsələr qılmarıq. Komitə lazım bilsə lap xaç çəkərik. 

Hökuməti əsas ona görə qınayırıq ki, insanların keçmiş xidmətlərini nəzərə almır. Burada bir insafsızlıq gizlənir. (Müəllifin xahişi ilə yazının bu yerində Moskvada siyasi-musiqili sığınacaq almış başqa görkəmli dissidentimiz Rəqsanə xanımın ifasında “Bivəfa, bivəfa, atmısan odlara, öylə yandırmısan, sönmərəm bir daha” mahnısı səsləndirilməlidir. Diski qəzet köşkündən almağı unutmayın. Yazını internet üzərindən oxuyanlara pirat mp3 saytlarının linklərini göndəririk). Misal üçün, ədəbiyyat nazirinin icra başçısının müavinini qorumaq məqsədiylə yazdığı açıq məktub hökumətə də dərs olmalıdır. Bildiyiniz kimi, bir icra başçısının müavini var, özünü atıb xəsarət almış uşağı müalicəyə götürmək əvəzinə telefonla intervü alıbdır. Camaat da buna qəzəblənmişdi. Çünki dünyada hətta jurnalistlər belə görürsən hadisə olanda yaralılara yardıma qaçırlar, çəkiliş-zad yaddan çıxır, bu isə icra hakimiyyətindən basa-basa gedib məktəbə, 3-cü mərtəbədən düşmüş uşağı çəkibdir, danışdırıbdır. Hər dəqiqənin, bəlkə saniyənin o uşağın xilası üçün vacib olduğu bir zamanda. Ədəbiyyat naziri, AYB sədri Anar müəllim isə deyir gəlin o müavini qınamayaq, mən onu yaxşı tanıyıram, həmişə bizim yazıçıların tədbirlərində fəal iştirak edibdir. Yəni keçmişdə hansısa axsaq şairin tualetində unitazın remontuna yardım edibsə, bu, icra hakiminin müavininə intihar eləmiş uşaqlarla istədiyi kimi məzələnməyə hüquq verir. Hazır temadır, istəsən bunu götür, “Üçmərtəbəli məktəbin altıncı mərtəbəsi” melodraması yaz. Nə olsun uşaq ölüb? Ədəbiyyat üçün bütün temalar sərbəstdir.

Sözgəlişi, mən o müavin qadının da haradasa açıqlamasını oxumuşdum, deyir uşağı danışdırmaqda məqsədim ondan hadisə haqda ifadə almaq idi. Sanki bu, prokurorluğun, polisin müstəntiqi imiş. Sənə kim ixtiyar verib ifadə alasan? Əlbəttə, Anar müəllim düz deyir: keçmiş xidmətləri nəticəsində o ixtiyarı əldə edibdir. Allah bilir o xanım seçkilərdə-filanda nə qədər protokol, bülleten daşıyıbdır. İndi biz bunu bir balaca uşağa qurban verməliyik? Bəs ədalət hanı? Müdriklər demişkən, qoy ədalət zəfər çalsın.

Azərbaycan xalqının “yazıçı və şair” adıyla tanıyıb toyda-yasda başda oturtduğu tiplərə gələndə, onların mənəviyyatına, ictimai-siyasi əxlaqına hökumət çox yaxşı bələddir. Yadınıza gəlirmi, onlardan biri keçmiş prezidenti Şəhidlər Xiyabanında görəndə “Çox sağ ol, ev vermisən, ancaq hamam-tualetin təmiri də lazımdır” demişdi. Millətin azadlığı uğrunda qurban gedənlərin məzarı önündə dövlətdən unitazının təzələnməsini xahiş edən şairin yeri əslində hara olmalıdır? Bunun üzərində düşünməyi sevgili xalqımızın ixtiyarına buraxıram. İndi də biri uşağına mənzil, başqası gəlininə vəzifə, üçüncüsü yoğun bağırsağında əməliyyat xərcləri, dördüncüsü burun çəpərinin düzəldilməsi... arzusundadır. Millətdən, ölkənin gələcəyindən başqa hər şeyi fikirləşirlər.

(Yazının sonu yoxdur, ancaq keçmiş yazılarımı nəzərə alın, yola verin).

 

Новости автора