Свобода людям, независимость нациям!

İvanişvili bu dəfə də “sudan quru çıxa” biləcəkmi?..

Rusiya təxribatlarda Gürcüstanın siyasi dairələrini, Gürcüstan hakimiyyəti isə, o cümlədən prezident S.Zurabaşvilinin özü Rusiyanı ittiham edir - bəli, peşəkar təxribatçılar belə işləyir, özlərindən sonra heç bir iz qoymurlar.

Əlbəttə ki, bu yalnız adicə bir zarafatdır. Əslində isə Gürcüstandakı növbəti siyasi böhranın təfərrüatları hamıya, özü də detallarına qədər bəllidir - Gürcüstanı Abxaziyanın və Cənubi Osetiyanın anneksiyası ilə barışmağa çağıran, dəfələrlə bu bölgələrə səfərlər edən bir adamın ölkədə, xüsusən də onun parlamentində peyda olması və hətta həyasızlıq edərək spikerin yerində oturması gürcü parlamentariləri arasında başqa reaksiya doğura bilməzdi.

Maraqlıdır ki, gürcülərin yerində olsaydılar rusiyalı deputatlar özləri necə hərəkət edərdi? Doğrudanmı onlar ölkələrinin ərazi bütövlüyünün əleyhinə olan adamı gül-çiçəklə qarşılayardılar?..

Üstəlik, belə bir təəssürat yaranır ki, Rusiya hakimiyyətinə sadəcə, bəhanə lazım imiş ki, bu azad xalqa qarşı növbəti kampaniyaya başlasın.

Prinsipcə, ölkəsi iqtisadi sanksiyaların ağırlığını yaşayan normal bir adam başqa ölkələrə qarşı sanksiyalar tətbiq etməyə tələsməzdi, çünki sanksiyaların təsiri həmişə ikitərəfli olur, onlar bu sanksiyaları qəbul etmiş ölkənin özünə də ziyan vurur. Üstəlik, bu məhdudiyyətlər həm də Rusiya vətəndaşları, xüsusən də varlı ölkələrə səfərlər edə bilməyən və öz yay və qış istirahətlərini Gürcüstan kimi yaxın ölkələrdə keçirən orta təbəqəyə aid olan ruslar üçün də problem yaradacaq.

Amma Rusiyada hər şey çox güclü şəkildə siyasiləşdirilib, hətta deyərdik ki, geosiyasiləşdirilib. Bu günlərdə özünün növbəti mətbuat konfransı zamanı prezident Vladimir Putin digər ölkələri keçmiş SSRİ-nin dərslərini unutduqlarına və öz qaydalarını digər ölkələrə sırımağa çalışdıqlarına görə qınadı.

Doğrudan da gülməli deyilmi? Əslində nəinki keçmiş SSRİ-nin, hətta Pyotr Rusiyasının belə möhürü - “Parçala və hökm sür!” prinsipi hələ də məhz Kremlin siyasətində qalıbdır, hansı ki, özünü az qala, keçmiş sovetlərin ərazisindəki bütün dövlətlərin kiçik xalqlarının “vəkili” elan edərək və onların yalnız yeni Rusiya imperiyasının tərkibində azad inkişaf edəcəyini iddia edərək bu ölkələrdə etnik separatizmi stimullaşdırır və onlara təkan verir ki, separatizm vasitəsilə həmin keçmiş sovet ölkələrinin siyasətinə və durumuna təsir edə bilsin, onları daim təzyiq altında saxlasın.

Əlli, yüz il yox, vur-tut iyirmi il bundan əvvəl Kreml bütün hərbi vasitələrlə, hətta hərbi aviasiyadan istifadə edərək kiçik İçkeriyanın - Çeçenistanın milli azadlıq hərəkatını qan içində boğdu.

Üstəlik, bu son illərdə həqiqi federalizmin bütün prinsiplərini dövlətçiliyinin hüquqi - konstitusion əsaslarında heçə endirərək “öz ətrafında azad respublikaların ittifaqını yaradan Rusiya”da nədənsə federal subyektlər üçün ən əsas-ali hüququ - federasiyanın tərkibindən çıxmaq hüququnu nəzərdə tutmadı.

Odur ki, Kreml rəhbərləri və strateqləri bəzi keçmiş sovet ölkələrində, o cümlədən də Gürcüstandakı rusofobiyanın əsl səbəbləri haqqında yaxşı- yaxşı düşünsəydilər, heç də pis olmazdı, hərçənd, burada rusofobiyadan yox, Kremlin siyasətinə və siyasətçilərinə qarşı fobiyadan söhbət gedir.

Həqiqətən də siz niyə görə sevilməlisiniz, cənablar? Doğrudanmı az qala, dünyanın yarısı sizə azlıq edir? Doğrudanmı düşünürsünüz ki, keçmiş sovet ölkələrini təzədən anneksiya etsəniz öz Rusiyanızı təkrar böyük fövqəldövlətə çevirəcəksiniz? Məgər aydın deyilmi ki, sizin artıq bu ölkələrə təklif etməyə heç nəyiniz yoxdur? Özü də söhbət tək iqtisadi - sosial dəyərlərdən deyil, həm də mədəni-mənəvi dəyərlərdən də gedir!

Odur, Gürcüstan artıq Rusiya imperiyasının keçmişidir və siz onu bir daha qaytara bilməyəcəksiniz.

Düşünürük ki, indiki siyasi aksiyalar gürcü siyasətinin anti-Rusiya istiqamətini daha da gecləndirəcək və ona dönməz xarakter verəcəkdir.

Hətta əgər cənab B.İvanişvilinin komandasına bu dəfə də bir neçə kadrını qurban verərək “sudan quru” çıxmaq müyəssər olsa, yenə də siz gürcü daxili siyasətinin bu vektorunu da əsl rusiyapərəst bir qüvvəyə çevirə bilməyəcəksiniz, böyük ehtimalla bu dəfə də uğursuzluğa düçar olacaqsınız.

Bizə elə gəlir ki, böhran qabarıq siyasi məzmun alacaq. Artıq belə tələblər eşidilir ki, 2024-cü ili gözləməyə ehtiyac yoxdur və ən yaxın vaxtlarda parlamentə sırf proporsional əsasda seçki keçirmək lazımdır.

Xatırladaq ki, ölkə konstitusiyasına görə növbəti parlament seçkiləri də qarşıq sistem əsasında keçirilməlidir və yalnız 2024-cü ildə proporsional sistem tam oturuşmalıdır. Amma duyulanı budur ki, belə bir perspektiv partiyaları, xüsusən də əsas müxalifəti qane etmir. Amma gəlin nəticələrlə tələsməyək, çünki ən yaxın vaxtlarda siyasi mənzərə tam aydınlaşacaq: İvanişvili bir az əvvəldə qeyd etdiyimiz kimi, özünün bir-iki kadrını qurman verərək canını qurtaracaq, yoxsa ki, Gürcüstanda  növbəti “qızılgül inqilabı” yetişir?...

Новости автора