Свобода людям, независимость нациям!

İstanbuldakı evlərim

Qabaqlar “Qaçqınkom”da işləmiş məmur-deputatın milyonları, xaricdəki mülkləri, şirkətləri haqda yazıblar. Məcburi Köçkünlərin İnkişafı Fondu adlı idarənin müdiriymiş. İndi bunu soyğunçuluqda qınayanlar heç fikirləşmir ki, bəs müdir özü inkişaf etməli deyildimi? Özü ac qalsa qaçqın-köçkün necə inkişaf edəcəkdi? Atalarımız yaxşı deyibdir, qonşu ac olanda yatan adamın yuxusuna ilan-qurbağa girər. Keçəl saç tökülməsinə dərman tapsa birinci öz başına yaxmalıdır.

Düzdür, müdir bir qədər çox inkişaf eləyib və haradasa İstanbulun yarısını alıbdır, ancaq ziyanı yoxdur. Guya bizim məcburi köçkünlər və qaçqınlar pis yaşayır? Maşallah, hamısına mikrorayon tikib vermişik. Həyətində domino oynamağa skameykalar, Qarabağ üzrə sülh danışıqlarını müzakirə etməyə çərənxana (besedka-nı belə tərcümə elədim), uşaqların eşələnməsi üçün qumluq, yun çırpmaq, yorğan yumaq, qeybət eləmək, zibil atmaq, adam yortmaq, təsbeh fırlatmaq, təkər qaldırmaq, qız bişirmək, oğlan fitləmək və sairə ictimai-sosial, siyasi-mədəni, kütləvi-fərdi tədbirlər üçün yerlər ayrılmışdır. Axırıncı çadır şəhərciyini də söküb palatkaları Suriyadan qaçan ermənilərə bağışlamışıq, müvəqqəti olaraq Zəngilanda çinar meşəsinin yanında qurublar. Bütün bunlar Qaçqınkom məmurlarının, o cümlədən keçmiş deputatların varlanmasını zəruri edir.

Yadımdan çıxmamış, eşitdiyimə görə, Eldar Mahmudov Metro Tağının 3 milyon dollarını hələ də qaytarmayıbdır, xahiş edirik, qaytarsın, dünyada yaxşılıq qalır. Kişi 40 il yerin altında işləyib köstəbək kimi özünə gün-güzəran, qara gün xərcliyi yığmışdı, basıb alıblar, bunu Allah götürməz. Özü də AMEA Şamaxı Rəsədxanasından alınan məlumata görə, məhərrəmlik ayı yaxınlaşır, bu ayda nəzirlərin kosmosa çatmaq imkanları böyüyür. Bu arada sənətkarımızın Tağı Sadiq imzasıyla həmin pullara həsr elədiyi nəğməli-şeir əlimizə keçibdir, istəyirik efirə verək: “Dünyada min dollar tapardın, Sən mənim ömrümü qopardın, Qaytar ver 40 illik pulumu, Sən onu özünlə apardın. Gəl məni ucuz tutma sən, MTN-ə heç qayıtma sən, Qaytar 3 milyon dolları, Sən qaytar, qaytar pulları. (Nəqarət) Ver mənim pulumu, O sənə heç gərək deyil” və sairə. Hazırda ictimai problemləri poeziya ilə çözmək dünyada yeni trendə çevrilibdir, o gün Dubay şeyxi də Londona qaçmış 16-cı arvadına şeir yazmışdı, deyir, nə durmusan dağ başında qar kimi, məmələrin baş qaldırıb nar kimi... Üzr istəyirəm, bu başqa temaya aid şeir idi, səhvən yazıya düşdü, uşaqları oxumağa qoymayın. Şeyx yazmışdı ki, bir zənənin xəyanətinə tuş gəldim, Allah hamını qadın şərindən qorusun, imkan varsa Anar müəllim məni təqaüd proqramına salsın.

Həqiqətən, çox yaxşı olardı şeyx Əl Məktumu çağırıb AYB üzvlüyünə, “Ulduz” jurnalının redaksiya heyətinə daxil edək. Yoxsa 2500 yazıçı-şairimiz var, hamısı ancaq ağlaşma qurur, Anar müəllimdən babasil müalicəsi üçün stipendiya umur. Varlı əmir ora üzv olsa nə qədər şairi müalicəyə göndərər.

Sözgəlişi, hesab edirəm ki, həmin gəlin də Londona qaçdığı üçün haradasa qaçqın statusunda adamdır, biz onu Məcburi Köçkünlərin İnkişafı Fondundan maliyyələşdirsək, yerə-göyə xoş gedər. Yaradan səxavətliləri sevir. Bunun ata sözü də var: “Verdin adındır, yedin dadındır, qaldı yadındır”. Yeyin-için, kef eləyin, dünya beş gündür, beşi də qara.

Ancaq məni düşündürən qəribə bir detalı, uzunmüddətli müşahidəmi bölüşmək istəyirəm. Nə məsələdirsə bu məmurların var-dövlətinin, mal-mülklərinin siyahısı işdən çıxarılandan sonra məlum olur. İşlədikləri müddətdə hamısı kasıb, yetim, quru maaşa baxan, yataqxanada qalan, “Zapı” sürən, nə bilim, ac-yalavac vəziyyətdədir. Vəzifə itirilən kimi bahalı maşınlar, villalar, milyardlar tapılır. Bəlkə də bu, bizim dövlətin nə qədər təmiz, korrupsiyadan uzaq olmasının göstəricisidir. Var-dövlət ancaq özəl sektorda, vəzifəsiz insanlardadır. Bax, mənim vəzifəm yoxdur, deməli, haradasa İstanbulda villam olmalıdır. Tapan kimi bütün oxucularımı qonaq çağıracam. Şəxsi təyyarəmdə.

Onu da harada saxlamışam, heç bilmirəm...

Новости автора