Свобода людям, независимость нациям!

İslahat bayramı

“Yaz var, qış var,

Hələ nə qədər iş var"

(Azərbaycan ata sözü)

Məncə, biz Novruz bayramında da müəyyən islahatlar aparsaq yaxşı olar. Bunun vaxtıdır. Zaman tələb edir.

Misal üçün, Kosa və Keçəlin başında, üzündə tük əkilməsi üzrə dövlət proqramı bayramın estetikasına müsbət çalar qatardı. Yoxsa haçana qədər bu iyrənc tiplər bayramı gözümüzdən salacaqdır? Dilənçiyə oxşayırlar. Haçan yaz bayramı olsa bu iki cındırından cin ürkən məxluq, türkün sözü, yaratıq haradansa hoppanır ortalığa, adamın qanını qaraldır. Onlar yaraşıqlı, gözəl-göyçək, Armanidən, Guççi-dən, nə bilim, lap elə Volodarski kombinatı məhsullarından ən son dəbdə, şıq geyinmiş fotomodel kimi cavanlar olsalar, bəyəm pisdir? Respublikamızın beynəlxalq imicinə, regionda lider dövlət olmağımıza, həmçinin BMT Təhlükəsizlik Şurasında apardığımız sülhpərvər əməliyyatlara yaraşan imic olardı. Özü də bu Kosa-Keçəl ittifaqı 92-93-də gəlmişdi, gördük necə oldu. AXC-Müsavat cütlüyünün hakimiyyəti illərində Azərbaycana heç yaz gəlmirdi, gəl gör Cıdır düzündə xarı bülbül çiçəyi pardaqlansın. (Doğrusu, burada “pardaqlanma” sözünün nə dərəcədə məna daşıdığını bilmirəm, səslənişi xoşuma gəldi, yazdım getdi. Səhv olsa, yola verin getsin, guya hər işiniz düzəlmişdi, qalmışdı elə “pardaqlanma” sözü). Bu mənada islahat aparandan sonra təklif edirəm Novruz qəhrəmanlarının adını Saçlı və Saqqallı qoyaq. Telli və Ağsaqqal, Tüklü və Kəkilli və sairə belə adlar da yarayar.

Düzdür, bir Bahar qızı adında alayarımçıq elementdən də bayram törənlərində istifadə edilir, ancaq bəs eləmir. Bu Bahar qızı adətən kənddən şəhərdəki xalasına qonaq gələn, tualetin yerini soruşmağa utanan qız uşağı kimi künc-bucaqda utancaq, boynubükük durub Kosa və Keçəlin at oynatmasına yazıq-yazıq, ədəbi dildə desək, məlul-məlul baxır.

Elə adlardan söz düşmüşkən, Novruz sözünə də əl gəzdirsək yaxşı olar, çünki bu, iranmənşəlidir, adama Nardaran hadisələrini xatırladır. Görkəmli alim Mirəli Seyidov hələ 30 il qabaq deyirdi bunun adını “Törə” qoyaq, çünki yaz törəmək, artmaq dövrüdür, qədim türklər yaz bayramına elə bu cür deyirmiş. İndi Türkiyədə bütün bayramlar haqda işlənən “törən” sözü ordan gəlir. Ancaq Novruzu Törə ilə əvəzləmək çətinlik yaradacaq, çünki bir çox şivə (az qalmışdı işvə yazım; ay səni, yaz!) və dialektlərimizdə “törə” - balaca, qısaboy adam deməkdir. O üzdən təklif edirəm, biz Novruzu elə İslahat bayramı adlandıraq. Axı bu bayramdan sonra da il təzələnir, yeniliklər artır, otlar çıxır, atlar oynaqlayır, çiçəklər açır, arılar vızıldaşır. Şair demişkən: “Bu göyərən otlara bax, Anna, Otlayan ac atlara bax, Anna!” Ev-eşikdə təmizlik işləri aparılır, palazlar çırpılır, keçmiş siyasi dustaqlar tonqal qalayıb ağırlıqdan təmizlənir... Əslində mən siyasətə qarışmıram, son cümlə də kompüteri çırpanda təsadüfən gəlib düşdü.

Tonqal işində də Fövqəladə Hallar Nazirliyi ilə birgə hərəkət etməliyik. Yoxsa hər il baxırsan neçə yerdə lazımsız yanğınlar törədildi, camaat özünü yandırdı (özünü yandırıb türməyə girənlər də olur). Tonqalın hündürlüyü, paxlavanın tərkibindəki qozun miqdarı, şəkərburaya qatılan pesokun xırçıldayıcı səs effektləri, səməninin rəngi, döyüş yumurtalarının bərkliyi, qulaq falına çıxılacaq obyektlərin siyahısı dövlət orqanları tərəfindən müəyyən edilməlidir. Yoxsa bu nə deməkdir, camaat gedir AzTV-dən yaxşı sözlər eşitsin, qapıya qulağını dirəyəndə içəridən hansısa axmaq mühacirin yutub videosunun təhqirləri gəlir... Təbii ki, bu da bizim təbiiliyimizə ziddir.

Bir də bu bayramın cəmi 1 həftə çəkməyinin azlıq elədiyi düşüncəsində və qənaətindəyəm (hesab elə köşə xonçadır, qapıya atılan papaqdır, mən də onu qoz-fındıqla doldururam). İstərdim bunun ardı gəlsin. Yaz bayramı lap elə avqusta, sentyabra, dekabra qədər çəksin. Ondan sonra da Yeni ilə ta nə qalır ki?..

Новости автора