Свобода людям, независимость нациям!

İşıq udulan yerdə

“Harda bir nur görür isək ona qarşı olarıq”

(Sabir)

Avqustun 29-da Qambiya dövlətinin keçmiş prezidenti Davud müəllim rəhmətə gedərək bizləri və bütün dünyanı kədərə boğmuşdu, dünən isə Zimbabve-nin keçmiş prezidenti Robert Muqabe 95 yaşında, Sinqapur xəstəxanasında ölmüşdür. Acımız yenə böyükdür. Muqabe hardasa 37 il Zimbabve-ni fırlatmışdı, əfsanəvi insan idi. Təsəvvür edin, onun dostluq elədiyi adamlar SSRİ şefi Brejnevlə başlayıb indiki Rusiyanın yiyəsi Putin müəllimlə bitirdi. Muqabenin hakimiyyəti dövründə Zimbabve-də camaat acından sese milçəyi kimi qırılırdı, inflyasiya isə neçə... sekstilyon faizə qalxmışdı. (Sekstilyon arxasında 21 dənə sıfır olan ədəddir). 2017-ci ildə ölkədə... 100 trilyon dollarlıq banknotlar buraxılırdı. Nəhayət, həmin il hərbçilər çevriliş edib Muqabe müəllimi ölkədən qovdular. Onun yerinə gələn Emerson Mnanqaqva isə “Timsah” ləqəbi ilə tanınır. Yəqin onun bu ləqəbi yüksək insanpərvərliyinə, mərhəmətinə görə qazanmadığını anladınız. Sözgəlişi, dünən Emerson müəllim iki il qabaq devirdiyi Muqabenin ölümü münasibətiylə elə başsağlığı vermişdi ki, sanki öz ləqəbini doğrultmaq istəyirdi. Əsl timsah göz yaşları idi. Deyir Zimbabve xalqı qara geyinsin, acımız böyükdür. Fantastikadır. İki il qabaq aşırdıb e.

Ancaq nə etmək olar, dünyada belə ərazilər var. Sanki qara dəlikdir, işığı udur. Bir Muqabe yıxılacaq, başqa Muqabe gələcək. Çətin işdir. Qonşumuz, qardaş xalqımız türkmənlərdəki proses kimi: Saparmurat öldü, yerinə Qurbanqulu gəldi və türkmən xalqı üçün heç nə dəyişmədi. Yeltsin öldü, Putin gəldi, onu da başqa çar əvəz edəcək. Köçəryan getdi, Sərkisyan gəldi, onu Paşinyan yıxdı, ancaq erməni xalqı üçün nə yenilik oldu? Heç zad olmadı, olması mümkün də deyil. Çünki demokratiya aşağılardan başlamalıdır. Hər bir insan azadlığını özü əldə etməlidir, sonra da bu azad adamların toplusu azad xalqı, azad dövləti formalaşdırmalıdır. Uzun sözün qısası, Muqabenin rəhmətə getməsi münasibətiylə uca millətimizə başsağlığı verib keçək öz savannalarımıza.

Bizdə, maşallah, inflyasiya problemləri yoxdur, istəyirsən bazarda kartofun kilosu iki manat yox, lap iyirmi manata qalxsın, yenə Statkom “İnflyasiya 1,5  faizi keçməyə cürət etməmişdir” deyəcəkdir. Azərbaycan dünyada yeganə ölkədir ki, bizdə inflyasiyanın dərəcəsini ölçmək üçün qiymətlərə baxmırlar. Harasa başqa yerə baxırlar, doğrusu bizim üçün sirdir. Bəlkə də AzTV-yə baxırlar, deyə bilmərik.

O cümlədən, bizdə timsahlar uçmur, lap uçsalar belə aşağıdan uçurlar. Qayda-qanunlara, adət-ənənələrimizə, milli mentalitetimizə əməl edirlər. İndiyədək bir ucqar kənddə bələdiyyə seçkisini normal keçirdə bilməmişik, ancaq görürsən bütün il boyu parlament seçkilərinin növbəsində, yoxsa növbədənkənar keçiriləcəyi müzakirə edilir. Üzeyir bəy demişkən, öncə siçan boyda işlər görməyi öyrənməliyik. Birbaşa filə keçirik, onillərlə həmin filin quyruğu ilə ağzını müəyyən edə bilmirik, axırda olur “Zimbabve”. Məsələn, mənim yadıma gəlir, bizim müxalifət partiyalarından biri qabaqlar öz namizədlərini ilkin seçkilərdə müəyyən edərdi. Partiya daxilində əməlli-başlı demokratiya vardı, daha tənqid edəni dərhal qovmurdular. Bu yaxında isə həmin partiyanın paytaxtdakı rayon təşkilatlarından birinin sədrinin sosial şəbəkədə yazışmasından skrinşot paylaşmışdılar, adam cümlə qura bilmirdi. “Ziyalılar partiyası” nədən bu günlərə gəldi? Çünki biz qara millətik. İşığın udulduğu yerdəyik.

Ya da bəziləri kimi gərək oturub xaricə teleqram vurasan: “Hyuston, bizdə problemlər var”.

Новости автора