Свобода людям, независимость нациям!

İki qaçqın və milyonçu qadının iztirabı

Bu yazıda söhbət iki qaçqın qadından gedəcək.

“Qaçqın qadın” deyəndə gözünüzün önünə Suriyadan, İraqdan, Yəməndən, Əfqanıstandan didərgin düşən, qonşu dövlətlərin sərhəd bölgələrində çadır düşərgələrində yaşayan binəsib qadınlar gəlməsin.

Bu qaçqın qadınlar nəinki çadır şəhərciklərində və yastı-yapalaq tikililərdə yaşamırlar, hətta dünyanın ən qədim və ən zəngin şəhərlərindən olan Londonun mərkəzindəki adi evləri belə bəyənmirlər.

Onlar saray xanımlarıdır, lüks həyat yaşadıqları saraylardan çıxıblar və yenə də saray kimi villalarda yaşayırlar.

Bu qadınlar afrikalı, asiyalı qaçqınlar kimi yemək-içmək, gün-güzəran dərdi də çəkmirlər. Düzdür, onların da sıxıntısı var, amma maddi planda deyil.

Onları başqa qaçqın qadınlarla birləşdirən yeganə cəhət eyni dərəcədə qorxu çəkmələri, gələcək taleləri, aqibətləri barədə əndişəli olmalarıdır.

Necə ki, suriyalı, iraqlı qadınlar öz ölkələrinə qayıtmaqdan qorxurlar, eləcə də Haya bin əl Məktum və Zamirə Hacıyeva da öz ölkələrinə qayıtmaqdan, daha dəqiqi, zorla qaytarılmaqdan qorxurlar.

Onlardan biri, birincisi BƏƏ-nin ən məşhur əmirliyi olan Dubayın şeyxi Məhəmməd ibn Rəşid əl Məktumun zövcəsidir. O biri isə azərbaycanlı bankir (Beynəlxalq Bankın sabiq rəhbəri) Cahangir Hacıyevin xanımıdır.

Şeyx hazırda 40 milyon dollar pulla və övladlarıyla aradan çıxmış arvadının geri verilməsini tələb edir. Cahangir Hacıyev isə həbsxanadadır və xanımının geri gəlməsini qətiyyən istəmir, əksinə, özünün hansısa yolla həbsdən çıxıb Londona getməsini düşünür.

Bu qadınların Londonda rahat, komfortlu həyatlarını təmin edən pulların hər ikisi oğurluq pullardır. Haya xanım həmin pulları əri Məhəmməddən oğurlayıb. Zamirə xanımın Londona apardığı pullar isə Azərbaycan xalqından oğurlanıb.

Fərq budur ki, Hayanın özünün şəxsən çırpışdırıb apardığı pullar əri Məhəmmədin varidatının bir hissəsidir, Zamirə Hacıyevanın apardığı pullar isə Azərbaycan xalqının, dövlətinin qazandığı, əri Cahangirin oğurladığı pullardır.

Bəs onların hansının pulu çoxdur? Təbii ki, həmvətənimiz xanımın. Haya əl-Məktumun olan-qalanı 40 milyondursa, Z.Hacıyevanın ərinin dövlətdən 8-10 milyard oğurladığı iddia olunur. 40 milyon hara, 10 milyard hara?

40 milyon həmvətənimizin bir neçə elitar mağazada xərclədiyi, lüks mülklərə sərf etdiyi puldur.

Elə buradan da görünür ki, Z.Hacıyeva Haya əl Məktumdan daha səxavətlidir. Onu səxavətli edən əlinin altındakı maliyyə vəsaitinin çoxluğudur.

Ərəb qadın ərindən qaçıb, hiss olunur ki, onu sevmir, amma təbii ki, o, nə qədər olmasa da dünyanın gözü olan Dubayı sevər. Zamirə isə vətəndən qaçıb, amma hiss olunur ki, dustaq ərinə bağlıdır və onu gözləyir.

Onlar öz ölkələrinə qaytarıla bilərmi? İndilikdə çətin görünür. İngilis hakimlər və məmurlar o qədər də axmaq deyillər ki, “qızıl yumurtlayan toyuğu” kəssinlər.

Bu qadınlar öz ölkələrindən oğurladıqları pulu harada saxlayırlar? Londonda. Harada xərcləyirlər? Londonda. Lazım gələndə onların bu pullarının hamısını olmasa da, yarısını almaq olarmı? Olar.

Elədirsə, pulgir ingilislər o qaçqın qadınları öz ölkələrinə niyə versinlər?

Əksinə, London belə qadınlar (eləcə də kişilər) üçün əsl cənnətdir. Albionun çox zaman dumanlı olması fərq etmir, əsas odur ki, dünyanın bütün oğrularını böyük adada parlaq günlər gözləyir.

Bəs gələcəkdə bu qaçaq qadınların taleyi necə olacaq?

Əgər İngiltərə başbilənləri onları nə vaxtsa öz ölkələrinə versələr, onların ikisini də həbsxana gözləyir. Haya əl-Məktumu, şübhəsiz ki, ev dustağı edəcəklər. Amma Z.Hacıyeva ev dustağı olmaqla canını qurtarmaya bilər.

Bəlkə də kənardan baxan bir çoxları bu iki qaçqın qadının varidatına, azad ölkəyə sığınaraq asudə yaşamasına həsəd aparırlar. Ancaq onların ətrafında gedən söz-söhbət göstərir ki, onlar həsəd aparılacaq durumda deyillər.

Hər an saxlanılmaq və deportasiya edilmək qorxusu heç kəsə asan gəlməsin. Bəlkə də suriyalı və iraqlı qaçqın qadınlar sırf psixoloji baxımdan daha rahat durumdadırlar.

Новости автора