Свобода людям, независимость нациям!

İctimai multfilm

“Nə yaraqçı, nə mənim bütün əsləhələrim, nə bənizimin solğunluğu, nə də hədsiz arıqlığım sizi təəccübləndirməməlidir, çünki indi siz mənim kim olduğumu, məşğuliyyətimin növünü bilirsiniz”

(Servantes, “Lamançlı Don Kixot”)

İranın yəmənlilərin əliylə Səudiyyənin neft zavodunu yandırması işimizə yaradı. Dünya bazarında neftin qiyməti qalxdı. Deməli, pulumuz çox gələcəkdir, hətta mümkündür Səyavuş müəllim uşaq pulunu yenidən “qaldırsın”. Çox adam bilmir, dünyada fəlakət olanda adətən bizim işimizə yarayır, misal üçün, İkinci Dünya savaşı zamanı amerikalılar Lend-Liz proqramı ilə SSRİ-yə yardım göndərəndə bunun yollarından biri məhz Azərbaycandan keçmişdi. Yanacaq, ərzaq, avtomobillər İrana gətirilir, Astaradan bəri ötürülürdü. Həmin dövrdə o karvanların sovet ordusuna rahat çatması üçün həm Quzey, həm Güney Azərbaycanda avtomobil və dəmir yollarına babat əl gəzdirməli, təmir etməli olmuşdular. Astara-Bakı yolu həmin proqramın sayəsində keçən ilə qədər babat vəziyyətdə qalmışdı.

Kopenhagendə yaşayan soydaşımız, həkim Məsud Aşinanı isə bugünlərdə Dünya Başağrısı Cəmiyyətinin sədri seçiblər. Deyir Məsud həkim hazırda planetdə baş ağrısından ən yaxşı baş çıxaran adamdır. Şübhəsiz. Başqa nə cür olardı? Biz azərbaycanlılar neçə yüz illərdir baş ağrısı bol olan regionda yaşayırıq, heç başımız ağrımayan vaxtımız olmadı. İşin sənətkarı olmağa məhkum idik.

Ancaq mən İTV-nin şefi Balakişi müəllimi başa düşmədim. Dünən internetdə İTV-nin bir “yeniliyini” paylaşmışdılar, Balaş müəllim... multfilmə intervü verirdi. Guya bu 3D robot idi, soyadını da nədənsə rusca “Dadaşlinski” qoymuşdular (bəlkə də robotumuzun şimaldan gəldiyinə işarə idi; vay səni Ezop TV!) Doğrudanmı artıq efirə çıxarmağa canlı müxbir qalmayıbdır? Azərbaycan xalqının əvəzinə multfilmi danışdırmaq, animasiya müzakirələr açmaq tez deyilmi? Biz hələ uşaq pulu almalıyıq. Hələ müxalifət 77-ci dəfə birləşib ayrılmalıdır. XİN ermənilərin məsuliyyətsizliyi temasında növbəti bəyanat basmalıdır. Neçə ildir biz bu yaramazlarda məsuliyyət hissi yarada bilmədik ki, bilmədik. Hələ Paşinyan... Lap ermənipərəst kimi aparır özünü. Mənə elə gəlir o həm də xaricdən maliyyələşir.

Bu arada mövzumuza dəxli olmasa da (?!) tovuzlu hüquqşünas Firudin Ələkbərlinin qətlindən kədərləndiyimi bəyan edirəm. Mən onunla şəxsən görüşmüşdüm, hardasa 10 il qabaq. Olduqca koloritli, maraqlı, zəngin daxili aləmi olan insan idi. Adicə bir görkəm detalına diqqət edin: 15-20 il qabaq Azərbaycanın hansısa regionunda ispan saqqalı saxlayan çoxmu adam görərdiniz? Firudin bəy həm xaricdən, həm daxilən azad adam idi. Onu danışdırıb Azərbaycanın yaxın tarixi üçün olduqca önəmli, satirik-yumoristik məzmunlu, ictimai-siyasi əhvalatları lentə almaq olardı. Heyf, deyəsən, bunu heç kəs etməyib. Tək Tovuz rayonu üçün yox, ölkəmiz üçün böyük itkidir. Bir dostumuz isə Firudin bəyi qətlə yetirən tipə “Şöhrət”, yoxsa “Tərəqqi” medalı veriləcəyi üzərində proqnozlar fikirləşir. Potensialımızı qiymətləndirməkdə acizəm, bəlkə “İstiqlal” da alar.

Bəli, ictimai televiziyanın müdiri multikə intervü verməklə Patamdarın Palo-Alto olması mümkün deyil. Xüsusilə eyni günlərdə ölkənin enerji sektoruna baxan adamın kabinetini cadudan təmizləmə ayini həyata keçirilirsə demək, bizdə elektronlar hələ də cinlər və şəyatinlər sayəsində tərpəşir, generatorlarımızın pultu dalında isə ifrit və qulyabanılar dayanıbdır. Özü də bu hal bütün dövlət idarələrimizə yayılmaqdadır, keçən aylarda səhv eləmirəmsə hansısa gömrük idarəsində qurd yağı təmizləyən mollanın kinosu çıxmışdı. İnsafən hər iki çəkilişdə 3D keyfiyyəti yoxdur, hələlik bu sahədə bizim liderimiz İTV-dir.

Новости автора