Свобода людям, независимость нациям!

İbadət yolunun naziri

“Təsbeh aldı əlinə, Şal bağladı belinə"

(Abdulla Şaiq)

Bu yaxında Bakıda “Qədir Xum” adlı dönərxanada 12 nəfər zəhərlənmişdi, deyəsən, bundan sonra Qida Təhlükəsizliyi Agentliyi oranı bağladı, yiyəsinə qarşı cinayət işi açdılar. Çox nahaq yerə. Çünki Qədir Xum şiə müsəlmanlar arasında zilhiccə ayının 18-də qeyd olunan bayramdır, bu haqda hər il AMEA Şamaxı Rəsədxanası müvafiq fətva verir, millətimiz də hazır olur. Bəs dönərxananın mənəviyyata nə dəxli? Orada xalqımızı axirət gününə hazırlayırdılar, çünki biz hazırda fani dünyada yaşayırıq, dözümlü olmalıyıq, qoy yuxarıda oturanlar yaxşı yaşasınlar, biz o biri tayda kef çəkəcəyik. Bu temada bir lətifə də var, məktəbli uşaqların tətilə çıxmasından istifadə edib yazıram. Deyir, bir mömin kişi ölür, o biri dünyada öz şeyxi ilə qarşılaşır (hesab elə cənnətin Praqa hissəsində). Görür şeyx həzrətləri qucağında Kim Kardaşyan, kamali-ədəblə əyləşibdir. Deyir, ya şeyx, şükürlər olsun, demək, sənin o biri dünyadakı müsbət hərəkətlərin qiymətləndirilibdir, sənə burada mükafat veriblər. Şeyx köks ötürüb deyir: “Yanılırsan. Bu mənim mükafatım deyil, mən bunun cəzasıyam”. Əlbəttə, hər yerin yaxşısı da var, pisi də. Biz özümüz gərək Avropanın yaxşı cəhətlərini götürüb, pis cəhətlərini ataq. Azərbaycan Qərblə Şərqin arasında körpüdür.

Bax elə körpü məsələsinə keçəcəyik, darıxmayın. Söhbət ondan gedir ki, keçmişnəqliyyat naziri Ziya müəllimin dindarlığı, ibadət eləməsi, namaz qılması haqda intervü dərc olunubdur. İndi bütün millət bu cür müqəddəs işə mız qoymaqla məşğuldur. Biri Nəqliyyatın İntellektual İdarəetməsi Sisteminə qoyulan 100 milyon manatın hara yox olduğunu soruşur, başqası avtovağzalda batan pullardan danışır, üçüncüsü lap uzağa gedib hörmətli Ziya müəllimə Hacı Əbdülün məscidində şallaq vurmaq istəyir. Guya bu yolla adam keçmiş günahlarından təmizlənib tövbə edirmiş. He-he. Başqa tövbə idarələri daha güclü işləyir. Misal üçün, keçmiş MTN və Rabitə Nazirliyindən nə qədər yoldaşları həmin idarələrdə yaxşıca təmizləyib buraxdılar (bu arada fürsət ikən Eldar Mahmudovdan tələb edirik, Metro Tağının 3 milyon dollarını qaytarsın).

Məncə, insanlarımız Ziya müəllimin nəqliyyat naziri olarkən fəaliyyətinin də dinə söykəndiyini, bir ibadət olmasını başa düşmürlər. Savadsızlıqdan irəli gəlir. Elə bu savadsızlar hər kvartalda 3 dəfə Mübariz müəllimi bezdirirlər, deyirlər, qəbirlər haçan eyni boyda olacaqdır. O da neçənci dəfədir deyir ki, ay balam, qəbir işinə bələdiyyə baxır, elə adında “din” sözü olan hər şey dini komitənin fəaliyyətinə aid ola bilməz. Qaldı Ziya müəllimin həmişə dindar olması, bunu istəyirəm misallarla sübut edim, camaat da oxuyub agah olsun, savadı çoxalsın. Çünki elm dalıyca hətta Çinə getmək lazımdır. Düzdür, bizimkilər Çinə ucuz və zay mallar vurmağa getdilər, ancaq ziyanı yoxdur, içində heroqlif öyrənib gələnlər də olacaq.

Baxın, Ziya müəllimin tikdiyi yollar qısa müddətdə darmadağın olardı. Nəticədə adamlar elə bil Qıl körpüsündən keçib cənnət və cəhənnəm arasında seçim edirdilər. Yaxud, idarənin əli lomlu müfəttişləri yetim taksi sürücülərini harada tutsalar əcinnə kimi, İnkir-Minkir kimi üstlərinə tökülüşüb qışqırda-qışqırda çırpardılar. Bununla da camaat axirətə sınaq imtahanı vermiş kimi olurdu, sanarsan Məlaikə xanımın Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün sınaq imtahanları keçirdir. Görün Ziya müəllim nə qədər müqəddəs iş görürmüş. Ziyalı adam başqadır. Sözgəlişi, Ziya müəllimdən sonra taksi sürücülərinin əli-qolu açıldı, hətta çoxlu ucuz taksi firmaları yarandı. Nəticədə camaatın bir növ axirət qorxusu azaldı, din-iman əldən getdi. Biz bunun ziyanlarını görəcəyik. (Fikir verin, “ziya” sözü ilə “ziyan” arasında cəmi bir hərf fərqi var. Bu da bir daha göstərir ki, insanın günahdan savaba, cəhənnəmdən cənnətə yolu əslində cəmi bir addımdan ibarətdir. Çox ehtiyatlı olmalıyıq). Elə pomidorun qiyməti nahaq yerə qalxmayıb ki.

Новости автора