Свобода людям, независимость нациям!

Hüquqi islahatlar üçün barmaq

“Burunsuz bir insan - şeytan bilir nədir: quş kimi quş deyil, vətəndaş kimi vətəndaş deyil, sadəcə götür və pəncərədən at bayıra!”

(Qoqol, “Burun”)

Deyir bütün Avropa məkanında ən az vəkil Azərbaycandadır. Hər 100 min nəfərimizə cəmi 9 vəkil düşür (2018-ci il, “Avropa Komissiyasının ədalət məhkəməsinin effektivliyi hesabatı”ndan). Gürcüstanda bu rəqəm 43 vəkildir, bəyənmədiyimiz Rusiyada isə hətta 49,4-ə çatır. Müqayisə üçün, Avropanın hər 100 min nəfərə vəkil sayı üzrə orta göstəricisi 162 vəkildir. Loru dildə desək, azərbaycanlılar orta statistik avropalıya nisbətən 18 dəfə müdafiəsizdirlər. Vəkillərin sayına görə ən yüksək göstəriciyə malik Avropa ölkəsi Kiprdir. Orada hər yüz min adama... 425 vəkil düşür! Ədalət məhkəməsinə çəkilən xərclərin adambaşına nisbətində də (daha aydın olsun deyə belə ifadə edək: dövlətin ədalət üçün hər adama xərclədiyi vəsait) bütün Avropada axırıncı yerdəyik: Azərbaycan dövləti bu məqsədlə adambaşına ildə cəmi 7 avro xərcləyir. Bu məsələdə orta Avropa göstəricisi 64 avro imiş, ən yüksək xərc isə İsveçrədədir: 214 avro.

Doğrusu, bizdə məhkəmə-hüquq sahəsində islahatların vacibliyi teması açılanda mən həmişə bu “vəkilsiz” qalmağımızı xatırlayıram. Ancaq, əlbəttə, avropalılar Azərbaycan reallıqlarını başa düşmürlər, bizim mentalitetimizi, dəyərlərimizi qanmırlar. Yoxsa vəkil bizim nəyimizə lazımdır? Vəkil Amerikada, Fransada, Almaniyada... qısası, qanunsuzluq hökm sürən, dağım-duğum yerlərdə vacib peşədir. Bizdə vəkilin funksiyasını məhkəmədə hakim, prokuror, icra başçısı, penitensiar sistemin baş mollası və sairə hörmətli yoldaşlar özləri həyata keçirirlər. Dəfələrlə şahidi olmuşuq, hakimlər müttəhimlərə ən yüngül cəzaları, ağlaya-ağlaya veriblər. Ağır Cinayətlər Məhkəməsində Mənsur İbayev adlı hakim vardı, bir neçə dəfə camaata cəza kəsmək yerinə öz əlini kəsmişdi. Elə prokuror tanıyırıq ittiham aktında “cinayətkarın yerinə xahiş edirəm məni tutasınız. Humanizm təntənə çalsın” sözlərini səsləndiribdir. Sözgəlişi, bu yaxında Hindistanda maraqlı hadisə baş vermişdi. Orda hakim partiyaya səs vermək istəyən bir adam çaşıb rəqibin adının qabağına barmağını basmışdı.

Burada bir haşiyə çıxım. Hindistanda yoqa elmi, müdriklik dəhşət inkişaf elədiyindən çox adam yazı-pozu bilmir, imza atanda barmaq basır. Sevgililər də hind kinolarında adətən buna görə əl-ələ tutub dağ yamacında mahnı oxuyur, çəmənlikdə yuvarlanır, hər cür dəcəllik edirlər. (Axırda sevişmə səhnəsi isə barmaqların tutuşması, boşalması formasında təsvir olunurdu. Nəsə, çox dərinə getməyək, Tamerlan Qarayev söz verib ki, Hindistanda səfir işlədiyi müddətdə vertolyota minməyəcəkdir). Ümumiyyətlə, orada müdrik ağsaqqallara qulaq asmaq modadır. Burada ictimai fəallarımızdan, görkəmli elm təbliğatçısı Yalçın İslamzadənin fikirləri yerinə düşür: “Dərsliklərimiz doludur bostan, tərəvəz, saman tayası, Ezop dili, tülkü və qarğa kimi allegoriyalar, ibrətamiz rəvayətlərlə. Təsəvvür elə 21-ci əsrdə, informatika dərsliyində alqoritmə dair misal verilib: quyudan vedrə ilə su çəkmək mövzusunda! Elektrik motoru 150 ildir ixtira olunub. Dərsliklər doludur müdrik babalarla, indiki dövrdə müdrik baba ola bilməz. Qədimdə insanlar qısa yaşayırdı, bilgini qeyd etmək üçün heç nə yox idi. Ona görə çox yaşayan, yaşlanan biri müdrik sayılırdı, bilgilər onun yaddaşında idi. İndi dünyanı gəzməmiş, xarici dil bilməyən, texnoloji, elmi savadsız qocalar necə müdrik ola bilərlər? Hələ bir ədəbiyyat dərsliyi var, neçənci sinifdir unutmuşam. Bircə mövzu var texnologiya haqqında. Mövzu belədir ki, atası oğluna həyətdə raketə oxşar oyun yeri düzəldib, uşaq da orda kosmosa uçmaq xəyalı qurur. Və... mentalitet gizlicə özünü biruzə verir - mətndə yazılb ki, digər uşaqlar həmin uşağa paxıllıq edirlər. Uşaq üçün dərsliyə bax - bir imkanlı ailənin uşağına digər uşaqlar paxıllıq edir. Çox köhnə, səmərəsiz təfəkkürün məhsullarıdır bizim dərsliklər”.

Qayıdaq o hindistanlı dostumuzun əhvalatına. Adam səhvən səs verdiyini öyrənən kimi həmin o mürəkkəb vurulan barmağını dibindən kəsmişdir! Gör nə qədər hökumətə bağlı insandır! Ancaq unikal deyil. Bizdə hər seçkidən sonra xeyli adam barmağını laqonda ilə kəsir. Məzahir müəllim MSK-nın hər iclasına Səhiyyə Nazirliyindən cərrah briqadası çağırmalı olur. Bunlar tikir, komissiya üzvləri isə bir ucdan kəsir. Bir nəfər hətta qolunu dibindən kəsmişdi.

İndi söz əlaqədar təşkilatlarındır - sizdən hüquq sahəsində islahat gözləmirik.

Новости автора