Свобода людям, независимость нациям!

Hökuməti tanıya bilmirik

“Ağıllı adam bütün səhvləri özü etmir, başqalarına da səhv etmək şansı yaradır”.

(Uinston Çörçill)

Nazir vəzifələrinə, rayonlara icra başçılığına və nəhayət, Prezident Administrasiyasının şefi görəvinə çox tanınmayan texnokrat saya biləcəyimiz kadrların gətirilməsi yaxşı haldır. Əsas da ona görə ki, bu vəzifələr əslində elə texniki məmur vəzifələridir, siyasətdə, hakimiyyətdə kimin olmasından asılı olmadan xalqa xidmət etməlidirlər. Əlbəttə, seçkili hakimiyyətlərdə nazir görəvi siyasi vəzifədir, ancaq biz reallıqlardan çıxış edək.

Başqa yöndən, biz tarixən belə vəzifələrə klanların, mafiyaların nümayəndələrinin təyin olunduğunu görə-görə gəldiyimizdən yeni şəraiti bir növ heyrətlə izləyirik. Kimsə haçansa, harasa su qabı daşımışdır, indi ona vəzifə verməliyik, o isə vəzifədə xalqı talamalıdır, qudasını, qohum-əqrəbasını vəzifələrə təyin etməlidir - bizim gördüyümüz budur. Yadıma gəlir, bir vaxt Ziya Məmmədov nəqliyyat naziri işləyəndə onun sürücüsü Bakı ətrafındakı qəsəbələrdən birində... marşrut xəttini dəyişdirmişdi. Camaat şikayətlənirdi ki, qabaq avtobus filan məhəlləyə qədər gedirdi, ancaq indi yarı yoldan qayıdır, çünki nazirin sürücüsü orada yaşayırmış, səhərlər pəncərəsinin yaxınlığında avtobusların səsini duymaq istəmirmiş. Təsəvvür elə, hələ bu adi sürücü idi. Gör nazir hansı qüdrətin yiyəsi idi.

İndi isə görünməmiş hallarla üzləşirik. Lap sivil Qərb ölkələrindəki kimi, xalq öz nazirlərini tanımamağa başlayır! Həyat yaxşılaşsa, problem olmasa, naziri niyə tanıyasan ki? Yaxud hansısa şikayətlə bağlı dövlət idarəsinə zəng vurursan, ordan mətbuat xidməti jurnalistə cavab verir! Sualını dinləyir, əlaqədar şöbə ilə calaşdırır, şöbə vətəndaşın nömrəsini alıb özü ona zəng edir və sairə (düzdür, çox vaxt heç bir xeyri olmur, ancaq münasibət bizə bəsdir). Dəhşətdir. Şəxsən mən şokdayam. Mətbuatda böyük təcrübəsi olan adam kimi yazıram. 30 ildə heç vaxt belə hökumət-vətəndaş-jurnalist münasibətləri görməmişdik. Qorxuram sevincdən ağzım əyilsin. Zarafat eləmirəm.

Texnokratların hakimiyyətə yiyələnməsi revanş arzusunda olan klanların təhlükəli addımları ilə üzləşə bilər, eyni zamanda xalq özü də bazburutsuz və peşəkar kadrlarla ünsiyyətə nə qədər hazırdır - bunun özü sual altındadır. Yuxarıda yazdığım kimi, biz canavarlarla yaşamağa öyrəşmişik, indi isə qəfildən yanımıza insan sifəti olan adamlar göndərirlər. Prosesin gələcəyi üz-üzə, göz-gözə durma anında kimin birinci qorxaqlıq nümayiş etdirməsindən çox asılı olacaqdır. Uşaqlıqda hamımızın oynadığı məşhur oyundakı kimi: görək birinci gözünü kim qırpacaqdır.

Qarşıdan gələn bələdiyyə seçkisi də çox mühüm indikatordur, hakimiyyətin islahatlarda nə dərəcədə səmimi olmasını göstərəcəkdir. Çünki indiki nəhəng administrativ aparatla idarəçilik böhrana aparır. Çağdaş dünyada həmişə belədir, güclü hakimiyyət xalqın zəifləməsi ilə nəticələnir. Təbii, Çin kimi istisnalar var, ancaq orada da azı iqtisadi sferada azadlıq, liberalizm hüququ tanınıbdır. Bu baxımdan, yaxşı olar hakimiyyət hazırda bəyan elədiyi xalqa açılım prinsiplərini hakimiyyətin məsuliyyətini də xalqla bölüşməyə qədər davam etdirsin. İlk növbədə şəffaf bələdiyyə seçkisinə şərait yaratmaqla bu unikal imkandan yararlanmaq olardı. Neftin qiyməti həmişə belə qalmaya bilər, xalqı bir az da özünün aktivləşməyi, çalışması üçün həvəsləndirmək lazımdır. Bu isə hakimiyyət rıçaqları olmadan mümkün deyil. Əlbəttə, bələdiyyə qanunvericiliyinə də yenidən baxılmalıdır, indiki qanunlarla yerli özünü idarəetmə yersiz özünü ironiyadan başqa heç bir zad deyildir.

Nəhayət, iqtidar bəyan elədiyi islahatlar zəncirində ən unudulmuş həlqəni - məhkəmə-hüquq sistemini yada salsa yaxşı olardı. Çünki hüququn ali olmadığı ərazidə istənilən texnokratın sabah mafioz klan yaratmayacağına heç kim təminat verə bilməz. Kadr islahatları yaxşıdır, ancaq sistem islahatları da olmalıdır. Qanunun şah olduğu ölkələrdə şah da çoxundan yaxşı yaşayır, buna əmin ola bilərsiniz.

Новости автора