Свобода людям, независимость нациям!

Hətta bəzən kişilər

“Vay, vay! Deyəsən bəşər deyil bu!

Bir şəklə uyan təhər deyil bu!”

                                              (Sabir)

Son yazımda qulyabanı ictimai-siyasi probleminə yüngülcə toxunmuşdum, ancaq məsələnin dərinliklərinə enmək lazımdır. İlk növbədə biz hüquq-mühafizə orqanlarının zəif fəaliyyətindən narazı qalmağa hardasa meylli olmağa borclu kimi görünsək, düşünürəm, səhv etmərik. Niyə indiyə qədər bir qulyabanı tutulub türməyə salınmamışdır? Nə üçün qulyabanıların sərbəst toplaşmasına, kənd icra hakimiyyətlərindən icazəsiz şəkildə özü də - icazə verilir? Bəyəm biz indi 1992-1993-1884-1773-1492-ci illərdə yaşayırıq? Yox. İndi bizdə hər bir ərazidə ASAN-xidmət mərkəzləri xalqa yüksək səviyyədə xidmət göstərir. Ucardan isə belə xəbər alırıq ki, DİN Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Toğrul Nəsirli oxu.az-a açıqlamasında qulyabanının tutulması xəbərini təkzib edibdir. Sitat: “Çiyni kəndi ərazisində artıq neçə gündür polis postları qurulub. Amma hələ ki, deyilən məxluq görünməyib. Axtarışlar aparılır”.

Gördüyümüz kimi, burada əməliyyat-axtarış prosedurlarının pozuntusu hiss olunur. Sən axı nə üçün qulyabanının axtarılmasını hər cür saytda, orda-burda açıq bildirirsən? Məqsədin nədir? Ta qulyabanı biləndən sonra ki, kənddə polis postları qurulubdur, bir də gözə görünərmi? Başa düşürəm, biz demokratiya, aşkarlıq, mətbuata dövlət qayğısı şəraitində yaşayırıq, dövlətin hər addımı xalqa çatdırılır, ancaq müəyyən hərbi-strateji, taktiki-operativ məsələlər olur ki, onu sirr saxlamalısan. Klassikimizin sözü olmasın, sən orda “aç qapını, gələk səni öldürək” deyəcəksənsə, nəinki qulyabanı, heç milçək tutmağın mümkün olmaz.

Yeri gəlmişkən, qulyabanıların xalqın həyatına mənfi təsirinin forma və üsullarını da mən elə o xəbərdən öyrəndim. Sitat nömrə 2: “Qadın və uşaqlar, hətta bəzən kişilər gecələr küçəyə çıxmaqdan qorxduqlarını bildiriblər”. Doğrudan da, bizim müstəqillik dövründə ən böyük uğurlarımızdan biri gecələr küçəyə çıxmağımız idi, indi bundan məhrum oluruqsa, nə üçün yaşamalıyıq? Məsələn, mən bu yaxında gecə saat 4-də Kürdəmir rayonu ərazisindən keçirdim, yolun qırağında o qədər adam, maşın, avtobus var idi, əyləncənin, səs-küyün, işıqların effekti elə göyə ucalırdı sanardın Las Veqasdasan. Əlbəttə, Azərbaycan xalqı həmişə, ömrü boyu oyaq olmuş, torpaqlarının keşiyində ayıq-sayıq dayanmışdır, buna söz yoxdur. İndi biz bu mühüm keyfiyyətimizi itirsək, mənfur qonşularımızdan nə fərqimiz qalar? Qulyabanının son peyda olduğu Ucar rayonu Kürdəmirlə qonşudur, kim zəmanət verə bilər ki, sabah o qulyabanı Kürdəmirin “Bığ” restoranında oturub mığmığadan dəmlənmiş pürrəngi çaydan hortdatmayacaqdır?

Hesab edirəm ki, dövlət fondlarının vəsaiti hesabına ucarlı kəndlilərin müvəqqəti də olsa Bakıda gecə gəzintiləri təşkil olunmalıdır. Qulyabanı tapılana qədər. Çətin iş deyildir, beş-on avtobus göndərib camaatı dənizkənarı bulvara gətirmək olar. Bizdə konstitusiyada yazılıb ki, qanun qarşısında hamı bərabərdir. Ancaq indiki halda Bakı sakinləri gecə gəzirlər, Ucar kəndliləri isə yox. Bu da dövlətimizin müsbət imicinə xələl gətirir. Məncə dünya azərbaycanlılarının qarşıdan gələn həmrəylik günü münasibətilə biz özümüz dünyanın hər bir yerində gecələr evdə oturmaq aksiyaları keçirə bilərik. Qoy Ucar kəndliləri qulyabanı qarşısında tək qalmadıqlarını görsünlər, sarsılmasınlar, gələcəyə inamları ölməsin.

Mən özüm şəxsən bir jurnalist olaraq bu yazının qonorarını evdə oturmağa sərf edəcəyimə and içirəm. Hətta ola bilər hamama da keçməyim – quru evdə oturma etiraz aksiyası keçirdim. Əlaqədar orqanlardan xahiş edirəm, məni narahat etməsinlər.

 

Новости автора