Свобода людям, независимость нациям!

Hərbçisiz çevriliş: Ermənistanda "AXC-Müsavat dövrü”

...Yaxud, bölgədə sabitliyin qarantı

Ermənistanda hazırda sözün əsl mənasında “AXC-Müsavat dövrü” yaşanmaqdadır. Baş nazir Paşinyan ordunun baş qərargah rəisi Qasparyanı işdən çıxarmaq istəyir, lakin prezident Sarqsyan buna icazə verməyib, sərəncamı qaytarıb Paşinyanın üstünə. İndi təzədən Paşinyan sərəncamı Sarqsyana yollayıb. Axırı necə olacaq, heç kim bilmir. İrəvanda Paşinyanın “mənə qarşı hərbi çevriliş cəhdi var, çıxın küçəyə” müraciətindən sonra tərəfdarları böyük yürüş elədilər, onu və tərəfdarlarını isə polis, təhlükəsizlik qüvvələri qoruyurdu. Maraqlıdır ki, Paşinyanın əleyhdarlarının küçəyə çıxardığı qüvvə Paşinyanın yürüşündəki adamların heç yarısı qədər deyildi. Yeri gəlmişkən, vaxtilə bizdə bəziləri öz tərəfdarları ilə belə yürüş keçirmək əvəzinə Moskvaya, biri isə dağ kəndinə qaçmışdı. Bunu girişdəki bənzərlik məsələsində fərqi göstərmək üçün yazdım.

Əlbəttə, qonşuda vəziyyət qəliz olmaqda qalır, prezident növbəti dəfə dərkənar qoymasa Paşinyanın əlacı Konstitusiya Məhkəməsinə üz tutmaqdır. Orada nə olacaq, bu hakimiyyət böhranı Ermənistanı hara aparır – heç kim bilmir. Maraqlı olan Moskvanın mövqeyidir. Şimal qonşumuz həmişəki “dovşana qaç, tazıya tut” mövqeyindədir. Gah Paşinyanı “İsgəndər” raketi temasında tənqid edirlər (bunun özü də maraqlıdır ki, erməni generaliteti niyə Paşinyanın rus raketiylə məzələnməsindən sonra oyandı), gah da Ermənistanın qanuni hakimiyyətinə dəstək ifadə edirlər. Açığı, ruslar deyəsən orada Paşinyana alternativ tapmaqda çətinlik çəkirlər. Köhnələr – köçəryanlar, manukyanlar və serjsərkisyanlar etimad limitini tamam tükədiblər. O qədər korrupsiyaya qurşanmışdılar ki, Putin onları xlorda qaynatsa da ermənilərə təmiz köynəkdə təqdim eləyə bilməz.

Ancaq bütün bu proseslərlə yanaşı, erməni xalqı hazırda dövlətçiliyi (bunu dırnaq arasında da yaza bilərdim, amma hər halda BMT-nin üzvüdürlər) üçün... Azərbaycana borclu olduğunu başa düşməlidir. İroniya üçün yazmıram.

Birincisi, 1993-cü ildə bizdə hərbi çevriliş olanda Ermənistan bundan namərdcəsinə yararlandı, Bakıdakı hakimiyət boşluğunu görüb dərhal bütün cəbhə boyu hücuma keçdi, böyük ərazilərimizi işğal etdi. Hazırda biz belə davranış göstərmir, atəşkəs razılaşmasına, 9 noyabr anlaşmasına tam əməl edirik, bu da Ermənistanda siyasi böhranı körükləməyən hərəkətdir.

İkincisi və ən əsası, hərbi çevriliş temasını analiz edək. Hansısa ölkədə hərbi çevriliş olursa, bu zaman ordu siyasi hakimiyyəti – yəni, xalqın səsvermə yoluyla düzəltdiyi, seçdiyi adamları yıxır. Bu, həmin dövlətin tam qanunsuz, xunta rejiminə keçməsi deməkdir. Kimi istəsən məhkəməsiz vur öldür. Hansı qərarı istəsən çıxar. Banan dövləti – Latın Amerikasında və Afrikada belə rejimlərə, sistemlərə bu adı qoyurlar. Hərbi çevrilişlər dövləti beynəlxalq arenada hörmətsiz duruma gətirir. Uzun sözün qısası, hazırda Ermənistanda biz nə görürük? Paşinyanın iddia etdiyi kimi, hərbi çevriliş cəhdi var, prezidentlə baş nazir arasında fikir ayrılığı var, ancaq nəsə mühüm bir element çatışmır. Nə? Ay sağ olasınız: ordu yoxdur!

Baş qərargah rəisi Onik Qasparyan (nabələd oxucularımız üçün ermənilərin milli “Nəcməddin Sadıxovu” adlandıraq) Paşinyanı istefaya çağırır, ancaq biz İrəvan küçələrində tanklar, başqa zirehli texnikalar, ümumən üsyana qalxmış ordu görmürük. Hansısa hərəkatın “hərbi çevriliş” adlanması üçünsə ilk növbədə ordu siyasi mərkəzi – paytaxtı tutmalıdır, hökumət idarələrini (bolşeviklərin diliylə desək, “poçtu, teleqrafı və vağzalları”) ələ keçirməlidir. Bəs bu hərbi çevrilişin hərbçiləri hanı?

Biz onların yerini bilirik. Hər həftə onlarla belə əsgəri ermənilər Füzulinin, Cəbrayılın, Şuşanın, Qubadlının... dərələrindən toplayırlar. Cəsəd şəklində. Erməni xalqı bunu anlayır, o üzdən daha Qarabağa, Azərbaycana uşaqlarını əsgərliyə göndərmək istəmirlər.

Bu gün İrəvanda Paşinyana qarşı çıxmalı, erməni xalqını basıb keçməli olan tanklar Bakıda, Ağ Şəhər bulvarı tərəfdə muzeyə qoyulmağa hazırlanır.

Qəhrəman Azərbaycan oğulları öz canları, qanları bahasına o texnikaları əziblər, “metalloma” döndəriblər. Erməni generalları hərbi çevriliş üçün sınıq araba da tapmırlar, hamısını məhv eləmişik.

Azərbaycan bütün Qafqazda sabitliyin qarantıdır deyərkən biz həm də bunu nəzərdə tuturuq.

Новости автора