Свобода людям, независимость нациям!

Həmsədrlər Şuşaya getmək istəyir, ya Xankəndiyə?

Azərbaycan Şuşada Vaqif Poeziya günləri, “Xarı bülbül” Beynəlxalq Festivalını bərpa etməyə hazırlaşır, Ermənistanda hələ də Şuşa müzakirələri gedir. Bu günlərdə Nikol Paşinyanı “Şuşa Azərbaycan şəhəridir” dediyinə görə çarmıxa çəkirlər. Qarabağ caniləri Seyran Ohanyan, Robert Köçəryan, daha hansı yanlar...

Deyək ki, adları çəkilənlər başdan-ayağa zəhərlənmişlərdəndir, Azərbaycanla Ermənistan arasındakı nifaq onların işinə yarayır, cinayətlərini ört-basdır etməyə imkan verir. Bəs, gənc nəsil? Bunlar niyə adam kimi yaşamaq istəmirlər?..

80 faizi 44-cə günə darmadağın edilmiş Ermənistan ordusunun “günü”ndə Liya Sarkisyan adlı jurnalist yapışıb Paşinyanın yaxasından ki, sən niyə Şuşanın “erməni şəhəri” olduğuna şübhə etmisən? Matəm günündə Yerablur pantionuna güclə girə bilən Nikol görüb yenə vəziyyət “yaşdır”, belə söz söyləmədiyini iddia edib. Ardınca axçiyə deyib get, mənim bu sözləri harda, necə dediyimi yazılı şəkildə hazırla, mən də sənin ittihamını canlı yayımda cavablandırmağa söz verirəm.

Yanvarın 29-da həmin bu ləçər də bir plakat hazırlayıb, gedib durub hökumət evinin qarşısında. Düzdür, mühafizəçilər həmin posteri alıb. Amma bu söhbətlərin bitəcəyini demək olmaz. Əgər Nikol Paşinyan da etiraf edirsə ki, hadisələr baş verənə qədər Şuşanın əhalisinin 90 faizindən çoxu azərbaycanlılardan ibarət olub, o demək deyil ki, ermənilərin içərisində “ən ədalətlisi”dir.

Təbii, ermənilər nə qədər şivən salırsa, xeyri yoxdur, bizim daha Şuşanı yuxuda gördüyümüz günlər keçmişdə qaldı. Prezident Şuşaya alternativ yol çəkdirməklə, Şuşaya səfər etməklə, Şuşa barədə qərar və tapşırıqlar verməklə, Prezidentin ilk nümayəndəsini məhz Şuşaya (!) təyin etməklə, ən əsası, Ali Baş Komandan olaraq Azərbaycan əsgərinə Şuşanı “göz bəbəyi kimi qorumaq” tapşırığını verməklə məsələyə nöqtə qoyub. 

Milliyyətçi Hərəkat Partiyasının başqanı dəyərli Dövlət Bahçeli 30 yanvarda Şuşada məktəbin təməlini qoyacağını bəyan edib - Üzeyir bəy Hacıbəyli adına məktəb! Hər iki prezidentdən xeyir-dua alan Dövlət bəy artıq heyət göndərib Bakıya...

Bu günlərdə əsas diqqət Qala şəhərimizə - Şuşaya yönəlib. Düşmən ölkədə doğrudanmı anlamırlar ki, artıq “qatar keçdi”, reallıqla barışmaq lazımdır? Görünür ki, yox. Amma bizim qatarımıza az sonra Mehridən keçəcək! Nə qədər tez ayılsalar, özlərini xilas etmiş olarlar.

Müharibə günlərilə bağlı bir hadisəni xatırladım. Füzulidə məhv edilmiş bir zabitin ailə üzvləri xəbəri eşidən kimi İrəvana yollanır. Ancaq yolda avtomobil aşır, zabitin arvadı yerindəcə keçinir. Bütün bunlardan sonra bir insan olaraq bir çoxumuzda qəribə hisslər yaranır, deyilmi? Amma ata-anasız qalmış 3 uşağın atası görün nə demişdi: “Mən türklərdən bunun qisasını almasam, bu uşaqların gözlərinin içinə baxa bilmərəm”. Təsəvvür edirsinizmi?! Adam libasında olan bu vəhşi tayfanın nümayəndəsi düşünmür ki, onun zabit qohumunun Füzulidə nə ölümü var idi?

Bax, ermənilər bu ruhda böyüyürlər, nifrət qusurlar. Odur ki, onlarla asan olmayacaq. Hələ bunlar Şuşanın Azərbaycan şəhəri olmağına bu qədər şübhə ilə yanaşırlar, Putinə, Merkelə, Baydenə minnətçi salırlar ki, onları Şuşaya, Hadruta qaytarsın. Laçında, azərbaycanlının evində yaşayan erməni kaftar iddia edirsə ki, onlar burada “5 min ildir yaşayırlar”, bunların psixoloji durumuna sadəcə heyrət etmək olar.

Ancaq “ocağı körükləyənlər” də az deyil. Budur, Mariya Zaxarova deyib ki, BMT Qarabağa “qiymətləndirmə missiyası”nın göndərilməsi istiqamətində Bakı və İrəvanla danışıqlar aparır. Bunların “qiymətləndirməsi” bizə yaxşı tanışdır, 4 qətnaməni 27 il yerinə yetirmədi, Azərbaycan torpağını azad etməyə başlayanda məxfi toplaşıb Ermənistanı xilas planı qurmaq istədilər.

Erməniləri xilas prosesində aparıcı rol oynamış Minsk Qrupunun həmsədrləri də Qarabağa gələcəklərini anons ediblər. Onları Qarabağa, Azərbaycan ərazisinə kim çağırıb? Yoxsa yenə də İrəvan yolu ilə getmək istəyirlər Xankəndiyə? Onlara başa salmaq lazımdır ki, Qarabağa yol İrəvandan yox, Bakıdan keçir! Özü də müzakirə aparmaq istəyirlərsə, gəlib Azərbaycan Prezidentinin Şuşa üzrə xüsusi nümayəndəsi ilə görüşüb-danışa bilərlər, təbii ki, Azərbaycan dövlətinin razılığı olarsa. Yoxsa Xankəndidə kiminlə görüşəcəklər: barəsində cinayət işi qaldırılmış Araik Arutyunyanla?!

Azərbaycan Şuşanı mədəniyyət paytaxtı elan edib. Faktiki olaraq Qarabağın paytaxtı Şuşadır, separatçıların, İnterpol xəttilə barəsində axtarış elan edilənlərin yığışdığı, hələlik bayrağımızın dalğalanmadığı Xankəndi yox! Deməli, həmsədrlərin Xankəndidə olmasına zərurət yoxdur. Orda olmaları sadəcə ermənilərin qızışdırılması anlamına gələcək. Şuşaya, güllələnmiş heykəllərə baxmaq üçün getmək istəsələr, Azərbaycan XİN-ə müraciət edə bilərlər.

Elşad Paşasoy - 46 -Vətəni, xalqı, dövləti canı qədər sevən və öyən  jurnalist

Elşad PAŞASOY

Новости автора