Свобода людям, независимость нациям!

Hakimin oğurlanmış velosipedi

“Bütün şubalar bir güvəyə yerləşər”

(Şenderoviç)

Avropa İttifaqının Prezidenti Donald Tusk müəllimi Azərbaycana səfərinin sonuncu günü Qobustan qoruğuna apardılar, qayaüstü rəsmləri, mağara divarlarındakı keçi, öküz, yallı, gəmi, maral şəkillərini göstərdilər. Beləliklə, Donald müəllim bizim Avropaya inteqrasiyamızın uzun, məşəqqətli, keşməkeşli olacağından xəbər tutub, kürü yaxmacından son dişləmi alıb, Beyləqan quzusunun antrikotunu yeyib, üstündən sərin ayran içməklə mürəxxəs olub getdi. Hərçənd Tusk müəllimin həvəsi olsa qayalar arasından magistral yola tərəf boylanar və orada boz çölün ortasında ömürlük məhbusların və sairə dövlətçiliyimizə zidd şəxslərin saxlandığı Qobustan qapalı həbsxanasını görə bilərdi.

Lakin niyə qanımızı qaraldaq? Onsuz pomidor manat yarımı keçəndən kefimiz yoxdur. Deyir, guya bunun səbəbi mövsümi iqlim dəyişməsi imiş. Necə deyərlər, yağdı yağış, bitdi qamış, bitmədi pomidor. Ancaq fikirləşsən pomidorun bahalaşmasında Donald müəllim kimi çağırılmamış qonaqların rolu vardır. Biri gəlir, biri gedir... “Bəyin oğurlanması” kinosunda deyilən kimi, bizdən “yazanın əli qurusun”. Biri gəlir deyir sizi YUNESKO-nun siyahısına salmışam, başqası gəlir nəzir istəyir, üçüncüsü yaxın qonşuluqdan dəm vurur. Hamısı xərcdir. Nəticədə pomidor bahalaşır. Hələ sevinmək lazımdır ki, Xaçmazın Nabran kəndi “Dünya plyajları abidəsi” siyahısına salınmayıb, yoxsa indi Xaçmaz pomidorunun kilosunu 10 manata alırdıq. Vallah. Dünyada reket təşkilatlar, çağdaş quldur və soyğunçular çoxdur, hamısı da yetim-yesirin, kasıb-kusubun, fəhlə-kəndlinin cibinə göz dikibdir. Bunun bir oktyabr inqilabı olacaq, baxarsınız.

Havaların yağışlı keçməsi deputatların işinə də mənfi təsir göstərdi, sessiya uzanıb iyulun ortasına qədər çəkdi. Halbuki qabaqlar Günəş çıxırdı, hər gün 4-5 qanuna səs vermək olurdu.  İndi isə məcburən bir saata 45 qanun düzəldirlər. İşlər yığılıb qalıbdır. Qanunları parnikdə yetişdirmək onların keyfiyyətinə mənfi təsir göstərir, əhali arasında geni modifikasiya edilmiş (ÇMO) qanunlar yayılır, sağlamlığa, genofonda, başqa fondlara sağalmaz zərbə vurulur. Hərçənd bir deputatın açıqlamasını oxudum, deyir, guya indiyə qədər məhkəmə-hüquq islahatları lazımi qaydada aparılmır, hansısa məhkəmə hakimi cəzalanmayıbdır. Ancaq biz bu yaxında bir istintaq xəbəri aldıq, Zaqatala Rayon Məhkəməsinin hakimi, həmin hakimin məsləhətçisi və bir vəkil rüşvət aldıqları üçün damlanıblar. 3 nəfər. 1 rüşvətə görə. Bəs bu məhkəmə-hüquq islahatı deyildirmi? Başqa hakimlərə də sözsüz, dərs olacaqdır. Daha onlar məsləhətçi və vəkillə əlbir olub rüşvət istəməyəcəklər, yəqin tək alacaqlar. Deməli, pulun hamısı özlərinə qalacaq, mənzil şəraitləri yaxşılaşacaqdır. Yoxsa birdən xəbər lentində görürük: filan hakimin 1700 manatlıq velosipedi oğurlanıbdır. Adam xəcalətindən yerə girmək istəyir. Hakim də o cür ucuz velosiped sürər? Min yeddi yüz manat. Ölkəmizdə süpürgəçilərin orta aylıq maaşı bundan çoxdur. Eyni anda görürsən Bakıda təzə dükan açıblar, 9 min manata velosiped satırlar. Biz nə millətik ki, bizim hakimlərimiz o cür velosipedlə işə gəlib-getməsinlər?

İnsafən deputatın intervüsündə bir təklif çox xoşuma gəldi, deyir, bizdə əxlaq polisi yaradılmalıdır. Lap mənim adamımdır! Gərək gedib ona növbəti seçkidə səs verim. Çünki mən də bu yaxında çoxlu polis növlərinin yaradılmasını təklif eləmişdim.

Sözgəlişi, təzəlikcə nazirliklərin birində şöbə müdiri işləyən yoldaş da avtoqəzaya uğramışdı, maşının qiyməti hardasa 100 min manata yaxın olardı. Özü də adam məhz əhalinin sosial şəraitinə baxan idarədə işləyirdi. Sizi bilmirəm, mən çox utandım. Biz niyə yaşayırıq? Nazirliyin şöbə müdiri də o cür ucuz maşın sürərmi? Gərək onun maşını aşağısı 300 min dollarlıq bir şey olardı.

Sonda ümid edirəm, hakimin velosipedini tapıb qaytarıblar. Çünki orada-burada “İsveçdə kral saraya velosipedlə gedir” mızıldanmaqla iş düzəlmir. Burada hakim velik alır, dərhal çırpışdırırsınız. İmkan verin, biz də Avropa olaq, Donald müəllimə qonaq gedək.

Новости автора