Свобода людям, независимость нациям!

Hacı Madərin xalqa görünməsi

“Xalatlarını günahdan təmizləyənlər nə bəxtiyardır! Bununla da həyat ağacından yeməyə icazələri olacaq, darvazalardan keçib şəhərə girəcəklər”.

(Müqəddəs Kitab, 22:14)

29 avqustda İctimai Televiziyanın yaradılmasının 14 ili tamam oldu, bu münasibətlə həmkarlarımızı, başda hörmətli Balakişi Qasımov olmaqla, qutlayıram. 14 ildə televiziya keşməkeşli inkişaf yolu keçmişdir, şəxsən mən indiyə qədər buradakı verilişlərə 14 dəqiqə də baxmamışam. Buna görə xüsusilə minnətdaram. Hətta Balaş müəllim istəsə iştirakçı olduğu “Nə? Harda? Haçan?” (NHH) verilişinə belə sual saldıra bilər: “O hansı kanaldır ki, 14 il ərzində yayıldığı ölkənin 14 ictimai problemini işıqlandırmayıbdır?” Heç bir bilici bu suala cavab tapmaz, evinə büllur bayquş aparmaz.

Problemlər, müzakirə ediləsi dərdlərimiz isə çoxdur. Misal üçün, təzəlikcə Binəqədidən 40 illik deputat Madər müəllim intervü vermiş, seçicilər tarixdə ilk dəfə bu mübarək insanın simasını görmək şərəfinə nail olmuşdur. Madər müəllim dünyada yeganə deputatdır ki, heç vaxt seçkiqabağı görüşlər keçirmir, əhali ilə görüşmür, divara plakatını yapışdırmır. (Deyəsən bunu “zapodlo” sayır və məncə düz eləyir - yuxarıdan seçilmiş, müqəddəs adamın şəklini hər itin-qurdun divarına yapışdırıb hörmətsiz eləmək olmaz). Ancaq möcüzə sayəsində həmişə qutudan o çıxır. İndi belə dahi, gözəgörünməz, qutsal, tabu, mistik, pir, büt, ilahi insanın müsahibəsi çıxıbsa, həmçinin fotojurnalist yanıb kül olmaq, daşa dönmək, ən azı kor olmaq təhlükəsi altında Hacı Madər müəllimin şəklini çəkibsə, niyə bu xəbər İTV-də verilməsin? İntervüdə Madər müəllim seçicilərlə görüşün modern formasını da açıqlayıbdır. Jurnalist soruşur ki, seçicilərlə necə əlaqə saxlayırsınız, onlarla görüşürsünüzmü, deputat deyir: “Mən özüm elə Binəqədidə yaşayıram, hər gün işə gedəndə seçiciləri maşının pəncərəsindən salamlayıram”. Fantastikadır. Xalqa yaxınlığın zirvəsidir. Mən özüm də Madər müəllimin dairəsində yaşamaq şərəfinə mənsubam, düz dediyini təsdiqləyirəm. Həqiqətən, səhərlər Madər müəllim işə gedəndə seçicilər trasa çıxır, maşının böyürüncə qaça-qaça deputata “Sabahınız xeyir, Madər müəllim” deyirlər. O da yayda toza, istiyə, qışda şaxtaya, qara baxmadan pəncərənin şüşəsini endirib nəvazişli səslə deyir: “Salam, mənim əziz seçicilərim!” Modern adamdır Madər müəllim. Bəlkə də modernizm elə onun adından götürülmüşdür. İnşallah, Binəqədi xalqı gələn il də ona səs verər. Binəqədi Madər müəllimin simasında ən layiqli namizədini tapmışdır. Nəyə desəniz and içərəm ki, bu, belədir.

Yaxud ölü yerləri haqda qanun yenidən müzakirə edilir, cürbəcür maraqlı təkliflər var. Deputatlardan Səyavuş müəllim təklif edir, yas yerində hərə 10 dəqiqə otursun, dövlət qəzetində başsağlığı çap edilməsin, ehsan ancaq ölünün “üç”ündə verilsin. Doğrudan da, bəzən baxırsan dövlət qəzetinin dal səhifəsi tamamilə hansısa rayon prokurorunun bacanağının əmisi nəvəsinin rəhmətə getməsi münasibətilə başsağlığı ilə dolub-daşır. Bu kimə lazımdır? Nəticədə müstəntiqlər işi-gücü atıb ancaq başsağlığı oxuyurlar. Bəzən cinayətkarlar həyasızlaşıb, bu vəziyyətdən sui-istifadə edir, özləri də qəzetə başsağlığı göndərir. Qaldı ölü yerində 10 dəqiqə oturmaq maddəsi, bu lap gözəl təklifdir. Şəxsən mənim fikrimə görə bu təklif Səyavuş müəllimin 40 illik deputatlığı müddətində verdiyi ən dəyərli, ən səmərəli, ən müdrik (“ən”lər çoxdur, hamısına yer yoxdur) qanun maddəsi olacaqdır. Hətta bunu daha təkmilləşdirib ölünün özünün də qəbirdə oturmasına 10 dəqiqə-zad müddət qoymaq yaxşı olardı. Ölmüsən, əcəb eləmisən, gəl çıx belimizə! On dəqiqə, maksimum 10 gün orda uzandın, bəsdir. Dur, get, başqa ölülər üçün yer açılsın. Sən öl, bu ölülər elə bilirlər dirilər halva yeyirlər. Hardan... Bizim başımız belə qanun projelərinin müzakirəsinə qarışıbdır, siz ölüb canınızı qurtarmısınız.

Mənə maraqlıdır, görəsən o biri dünyada televiziya olur? Şeyxdən soruşmaq lazımdır, təzə yubileyi olub, əlaqələri güclüdür, o bilər...

Новости автора