Свобода людям, независимость нациям!

Gilas təzyiqi

“Bağım var, bağım var - tuman bağı!”

(Azərbaycan ata sözü)

Hörmətli maliyyə naziri deyir ki, biz inflyasiya təzyiqi görmürük. Əlbəttə. Mən də hökumətin üzvü olsam, inflyasiya təzyiqini görməzdim. Özü də buna belə dəbdəbəli adlar qoyanda guya dərdimizə dərman olurmu? “Qiymətin qalxması millətin belini qırır” - el dilində bu cür yazmalıyıq. Dükan-bazarda təzyiqi yüksəlib xəstələnən, o cümlədən çəki daşlarının, tərəzinin altında beli qırılan nə qədər zəhmətkeşimiz  vardır. Daha qiymət ağırlığının buynuzu olmaz ki. Yoxsa sən bu cür şeylərə “inflyasiya təzyiqi”, “fiskal siyasət”, nə bilim, “üzən məzənnə” deməklə işimiz düzəlmir. Hələ ara yerdə Elmar müəllimi də yoluxdurublar, görürsən birdən “substantiv danışıqlardan” danışır. Halbuki, qabaqlar ana dilimizdə çisti razqovarivat eləyirdi, bir neçə dəfə radionun “Bulaq” verilişinə canlı yayıma çağırmışdılar.

Ötən yazımda toxunmuşdum, vəd elədiyim kimi, ardını yazıram: kənd təsərrüfatımızın uğurlu inkişafı, regionlara qoyulan investisiya, aparılan proqramlar sayəsində bazarımızda avokado, manqo ilə ərik və gilasın qiyməti eynidir. Hətta bəzən tropik meyvələr daha ucuz olur. Misal üçün, mən bir marketdə kilosu 7 manata avokado görmüşdüm, indi isə gilası bəzi yerlərdə 9 manata satırlar. Əlbəttə, avokadonu 3-4 ay qabaq görmüşdüm, ola bilsin, həmin vaxt bu meyvənin yetişdiyi yerlərdə məhsul yığımı vaxtıydı. Ancaq gilasa nə sözünüz? Axı indi onun bizdə tam sezonudur, ən ucuz vaxtı olmalıdır. Ananas alçadan, banan çiyələkdən ucuzdur, a kişinin oğlu!

Yeri gəlmişkən, bizim folklora da bu bahalaşmadan zərbə dəyir. Bəzi ata sözü, məsəllərimiz qüvvədən düşür, mənasızlaşır. Örnək üçün, “səbət dalından gilas tökülür” deyə məsəl var. Burada gilasın ucuz bir meyvə olmasına işarə edilirdi. İndi sən necə iddia edərsən ki, səbətdən gilas tökülür? Tökülmür. Tökülsə, yığıb millətə verərdik, nübar edərdilər. Yaxud, “Örtülü bazar, dostluğu pozar” ata sözünü götürək. Ancaq bazarın açığında da millətimiz arasında düşmənçilik yaranmaqdadır.

Uzun sözün qısası, hökumət nümayəndələrinin iddialarından fərqli olaraq biz bahalaşmanın canlı şahidləriyik. Sadəcə, bilmirik gözümüzlə, cibimizlə, bazar çantamızla gördüyümüzə inanaq, yoxsa məmurların dediyinə. Prinsipcə, onlar həqiqətpərəst adamlardır, yalan danışmazlar. Ancaq qiymətlər də qalxıb axı. Tək meyvələrin yox, hər şeyin qiyməti qalxıb. Ucuz qalanların keyfiyyəti itib, həmçinin, çəkisi azalıb, forması, qabı isə əvvəlki kimi saxlanılıb - bu da bir bazar fırıldağıdır, inflyasiya olan ölkələrdə geniş tətbiq edilir. Keyfiyyətsiz, xarab məhsul hər yerdədir. İnternetin sürətindən pendirə, ayrandan kitab çapına qədər. Bizi hər yerdə aldadırlar, biz də taleyimizlə barışmışıq, fikirləşirik yenə bunlar yeyib doyublar, allaha şükür, müharibə yoxdur, inşallah, maşallah, sən o yanındakı qəşəng qızın canı, bir nəzir ver, mən siyasətə qarışmıram və sairə.

Əriyin bahalaşması isə həm də patriotik baxımdan bizə mənəvi zərbə vurur. Çünki neçə illərdir ermənilər əriyi qanunsuz özəlləşdirməyə çalışır, bunu öz meyvələri kimi təbliğ edirlər. Guya ilk ermənilər mağaradan çıxanda ərik ağacının üstündə məskunlaşıblar. Hətta İrəvanda hər il “Qızıl ərik” adında beynəlxalq kino festivalı keçirirlər. (Rüstəm müəllimə imkan versəydilər o da “Şərqin gilas səbəti” festivalını davam etdirərdi). İndi biz ərik yeyə bilmiriksə, bunun turistlərə təbliğatını necə aparaq? Hesab edirəm, əlaqədar orqanlar bu strateji məsələni təcili düşünməlidir.

“Əlaqədar orqanlar” demişkən, onlar meyvə bahalaşmasını yazda havaların soyuq, yağışlı keçməsi ilə izah edir. Əlbəttə, havanın ölkəmizə təsiri böyükdür, çünki biz havalı dövlətik. 11 iqlim qurşağından 12-si bizdədir. Bir ara bulvar buz bağlamışdı, pinqvinlər Tiflisdən Kürlə üzüb bizə doğru qaçırdı. Unutmadıq. Ancaq mən arıların kütləvi qırılmasının da çiçəklərin tozlanmasına təsirini görürəm. Xüsusən pambıqçılıqla bağlı havaya, suya çoxlu əcaib zəhərli maddələr, pestisidlər axıdıldı, səpildi, arılar da öldülər. Gilas və əriyin çiçəyinin tozlanmasında, meyvə yaranmasında arılar əsas rolu oynayır. Məncə kənd təsərrüfatı mütəxəssislərimiz bu istiqamətdə də düşünsələr yaxşı olardı. Axırıncı dəfə haçan arı görmüşük, yadımıza gəlmir.

Gəlin arıları qoruyaq!

 

Новости автора