Свобода людям, независимость нациям!

“Faşist Ukraynası”nda yəhudini necə prezident seçdilər...

Güman ki, politoloqlar və ya siyasi analitiklər Ukraynadakı son prezident seçkilərini hələ çox müzakirə edəcəklər. İndilik isə demək olar ki, ikinci tur nəhayət, başa çatdı – nəticələr artıq bəllidir və faktiki olaraq elan edilib.

Baxmayaraq ki, birinci turun nətəcələri və aparılan sorğular V.Zelenskinin qələbəsini müjdələyirdi, əksər siyasi müşahidəçilər yenə də ikinci turun bitməsini gözlədilər.

Məsələ bundadır ki, iki möhtəşəm Maydana və yetərincə sanballı “demokratiya stajı”na baxmayaraq (ölkədə artıq ən müxtəlif səviyyəli bir neçə azad və demokratik seçkilər keçirilib) Ukrayna da hələ də “sovet şineli”ndən çıxmış ölkə hesab olunur və belə ölkələrdə seçkiləri adətən hakimiyyətdə olanlar udur; ən son anda görəndə ki, başqa çarə yoxdur, “administrativ resurslar”ını işə salırlar...

Amma xoşbəxtlikdən belə olmadı, hazırki prezident Petro Poroşenko sübut etdi ki, o, iki Maydanın ideallarına və prinsiplərinə sadiqdir və onun ölkəsi artıq sözün əsl mənasında Avropanın bir hissəsidir və bu ölkədə də demokratik, açıq və ədalətli seçkilər keçirilir, ən əsası da onların nəticələri hamı tərəfindən qəbul olunur.

Yəqin məhz bu məqam Ukraynadakı sonuncu prezident seçkilərinin birinci nəticəsi və ya əsas dərsidir. Amma seçkilər digər siyasi mifləri də dağıtdı.

İlk növbədə onu qeyd etmək lazımdır ki, neçə illərdir Rusiyanın KİV-ləri Ukrayanaya qarşı qara təbliğat aparırlar; guya bu ölkədə faşist rejimi bərqərar olub, guya insanlar faşistlərlə əməkdaşlıq etmiş şəxsləri özlərinin milli qəhrəmanlarına çevirirlər, guya ki, ölkədə millətçi – faşist ideologiyası hökm sürür!..

Amma bəs seçkilər nə göstərdi? Ölkə özünün növbəti prezidenti kimi yəhudi əsilli gənc bir adamı, üstəlik, “ənənəvi siyasətçilər və oliqarxlar kastası”nın üzvünü deyil, adi bir jurnalisti, şoumeni, aktyoru, ssenaristi və rejissoru seçdi – bizə elə gəlir ki, bu sonuncu Ukrayna seşkilərinin ən əsas dərsi və ya nəticəsi oldu.

Düzdür, əvvəlki prezident P.Proşenkonun da yəhudi olduğu deyilir, amma onun bioqrafik məlumatlarında bu detal adətən qeyd olunmur. Zelenski ilə bağlı isə açıq şəkildə deyilir və yazılır ki, o, yəhudidir və güman heç olmasa bundan sonra Rusiya media texnoloqları razılaşarlar ki, faşistlər, şovinist- millətçilər heç vaxt yəhudini prezident seçməzlər...

Amma son seçkinin nəticələri hətta bununla da məhdudlaşmır. Uzun müddət bir çox politoloqlar belə hesab edirdi ki, azadlığın və demokratiyanın sovet məkanındakı nüfuz sferası hələ xeyli vaxt yalnız Baltik respublikaları ilə məhdudlaşacaq.
Güman ki, onlara özlərinin çeşidli siyasi və yaxud da geosiyasi ssenarilərinə çox ciddi düzəlişlər etmək lazım gələcək, çünki əski sovet məkanında daha bir demokratik dövlətlər qrupu özünü təsdiq etməkdədir – bəli, söhbət məşhur “GUAM üçlüyü”ndən, Gürcüstan, Moldova və Ukraynadan gedir.

“Guya heç də bütün xalqların azadlığa və demokratiyaya hazır olmaması haqqındakı yalançı və hiyləgər nəzəriyyələr rədd olsun!” – yəqin bundan sonra belə bir şüarı daha çox insan qəbul edəcək, çünki onun bir həqiqət olması getdikcə daha çox təsdiqlənməkdədir.

Uzun müddət bizə belə bir mif təlqin edilirdi ki, keçmiş sovet məkanının “asiyalı seqmenti”nə Baltik ölkələrinə baxıb istiqamət tutmaq düzgün deyil, çünki guya hələ sovetin vaxtında baltiklilər artıq avropalı idilər, biz isə belə deyilik, daha çox asiyalıyıq və bizə ayaqlarımızı sürüyə-sürüyə Rusiyanın arxasınca getmək, yalnız onunla əməkdaşlıq etmək və ondan “öyrənmək”, onun tandemokratiya dərslərini, “suveren və effektiv demokratiya təcrübəsi”ni əxz etmək lazımdır ki, “dağıdıcı demos”un hakimiyyətə gəlişinin qarşısı alınsın...

Budur, artıq bu mif də çəkilir. Amma mühafizəkarların sərəncamında daha bir mif də var. O da budur ki, guya iki Maydana və demokratik seçkilərə baxmyaraq, Ukraynada, o cümlədən Gürcüstan və Moldovada sosial –iqtisadi planda heç bir irəliləyiş yoxdur.

Amma bu da ağ yalandır, bu ölkələr tədricən inkişaf edir və onlar hazırda elə işlər görürlər ki, güman, keçmiş sovet məkanının Rusiyapərəst hissəsinə bunları əlli ildən sonra görmək lazım gələcək.

Əlbəttə, verilən vədlərin heç də hamısı çin olmur, onların bir hissəsini həyata keçirmək mümkün olmur. Aydındır ki, Viktor Yuşşenkonun və yaxud da P.Poroşenkonun dediklərinin heç də hamısı alınmadı. Şübhəsiz ki, elə V.Zelenskilə bağlı da belə olacaq – aydın məsələdir ki, onun seçki vaxtı dediklərinin bəlkə də böyük hissəsi elə vəd olaraq qalacaq.

Amma bu da cəmiyyətin və siyasətin özünəməxsus dialektikası, inkişaf qanunudur. Bircə anlığa düşünün: siyasətçilərin dediklərinin, vədlərinin hamısı gerçək olsaydı, onda dünyada problem qalmazdı və xalqlar bircə dəfə prezident seçməklə bütün problemlərini həll edərdilər! Amma gəlin baxaq görək ki, harada belə olub? Heç yerdə. Problem var və həmişə də olacaq. Ən əsas odur ki, məsələn, Ukrayna Maydandan-Maydana, seçkidən-seçkiyə inkişaf edir, tək siyasətçilər idarə etməyi və daha düzgün qərarlar qəbul etməyi öyrənmirlər, cəmiyyət də seçməyi və siyasi qərarlara təsir etməyi öyrənir və ümid var ki, Ukrayna da, Moldova da, Gürcüstan da gec-tez ən azı siyasi mədəniyyət baxımından Avropa ölkələrinin səviyyəsinə qalxacaqlar...

Məsələnin bilavasitə geosiyasi nəticələrinə gəldikdə isə, artıq ötən gün prezident V.Putin “Luqansk və Donetsk respublikalarının vətəndaşları”na Rusiya pasportunun verilməsi prosedurlarının sadələşdirilməsi haqqında sərəncam verdi.
Bu, birincisi, Putinin Ukraynadakı seçkilərə cavabı oldu. İkincisi, o, seçkilərdə “Rusiya izi məsələsi”nə də yetərincə aydınlıq gətirdi–Kremldə, deyəsən, başa düşürlər ki, daha Kiyevin üzünü Moskvaya tərəf yönəltmək mümkün olmayacaq. Odur, indi də Şərqi Ukraynanın ilhaqına start verirlər...

Новости автора