Свобода людям, независимость нациям!

Evsiz xalq artistinin muzeyi

“ - Çünki, - əcnəbi qara quşların axşamın sərinliyini duyub səssizcə süzdüyü göyə baxdı, - Annuşka artıq günəbaxan yağını alıb, hətta dağıdıb da. Ona görə də iclas baş tutmayacaq”

(Mixail Bulqakov, “Master və Marqarita”)

Çingiz Abdullayev yaratdığı Dronqo obrazı qədər də bilikli detektiv olmadığını göstərmişdir. Bakıda Cəfər Cabbarlının ev muzeyini satıblar, onu söküb yerində göydələn qayıracaqlar. Mədəniyyət Nazirliyi deyir bunda bizim günahımız yoxdur, ev Cabbarlının qohumlarına məxsusdur, onlar satıblar. Əlbəttə. Bizdə azadlıq var, dövlət heç bir əmlak işinə qarışmır. Qanunsevər ölkədəyik. Siz heç kiminsə evinin buldozerlə uçurdulmasını görmüsünüz? Uzun sözün qısası, göydələn qayıran firma mədəniyyətimizə hörmət və ehtiramını da əsirgəmədən bina tikilib qurtaranda onun altında bir otağın Cəfər Cabbarlının ev muzeyinə ayrılacağını deyibdir. Ümid edək heç olmazsa həmin muzeyi 4-5 şair və yazıçımızın ruhuna satmazlar. Sonra ruhlar arasında dava düşər, Allahşükür müəllim də ayıra bilməz, o ruh deyər mənim ev muzeyimdir, bu deyər yox, kupça məndədir, biabır olarıq. Bəs Çingiz müəllimin həmin milli-mülki-mədəni əhvalatda qarışacağı nədir? Yox, makler o deyil, bizdə ev alveriylə AYB-də başqa adam məşğul olur - yanılmıramsa. Hərçənd, yanıla da bilərəm, bunun söhbətimizə dəxli azdır, faktiki yox kimi bir şeydir. Çingiz müəllim Cabbarlının ev muzeyinin “çağdaş” (Bakıda tikilən axmaq göydələnləri memarlıq, arxitektura baxımından yenilik saymaq üçün gərək Xutorda doğulub Keşlədə yaşayasan, axırda da Yeni Günəşlidə öləsən) bir binanın içinə qondarılacağı perspektivini pisləmişdir, deyir dünyanın heç harasında belə təcrübə yoxdur.

Dünya cəhənnəm, bu adam burnunun ucundakı əhvalatları da görmür. Heç Qız qalasının “evroremont”unu, Şəki Xan sarayına döşənən parketləri, nə bilim, İçərişəhərin qala divarından baş qaldıran “Dörd sezon” hotelini-filanı nəzərdə tutmuram. Bunlar qəliz misallar olardı. Bakıda isə Çingiz müəllimin əsəbləşdiyi əhvalatın tam bənzəri var. Füzulinin heykəli yaxınlığında, Şahmat klubunun böyründəki binanın üstündə dünyanın ən karikatur xatirə lövhələrindən biri yapışdırılıb. Üstündə yazılıb: “Bu binanın yerində olmuş binada filan vaxt görkəmli aktyor Cahangir Zeynalov yaşamışdır”. Əla deyilmi? Tarixi belə yaşatmalıyıq. Bir gün Bakı bulvarında gəzərkən “Burada iki yüz milyon il qabaq dinozavrlar Tetis okeanında çimib sonra Kukla Teatrının qabağındakı otluqda zaqar eləmişdir” lövhəsi görsək, yaxşı olar.

Özü də sənətkar vaxtı lap pis seçibdir. Camaat heykəl xahişi eləyir, meşə talasında şairlərə ev tikir, aktyorlar üçün göbələk yığan kim, rəssamlar üçün fırça alan kim... Milli mədəniyyətimizə (bizdə hər şey millidir, elə mənim bu yazım da milli yazıdır - rəhmətlik Vaqif müəllim hələ 80-ci illərdə “milli ayrobika” söhbətiylə bunu uzaqgörənliklə duymuş, nəticədə ömrünün milli ziyalı dövrünü Strasburqda Azərbaycan həqiqəti yüklü viski içmək kimi milli-siyasi işlərə sərf etmişdi) bu cür qayğı heç bir dövrdə olmamışdır. Təsəvvür elə, hətta istəsən babanın adı veriləcək küçəni özün seçirsən! Pul, medal, yemək-içmək də xirtdəyə qədər.

Bircə o 90 yaşlı bəstəkarın niyə evsiz qaldığını qanmadım. Bəstəkarlar İttifaqının sədri dedi kişiyə ev istəyirik. Mən yüngülcə araşdırdım,  həmin ağsaqqal sən demə bizim xalq artistimizdir. (Yutubda yeganə dirijorluq videosunu 43 adam izləmişdi, 44-cü mən oldum - əsl xalq artisti ta necə olur? Qoy getsin Teodor Kurrentzis intihar eləsin - o heç vaxt Bakıda ev ala bilməyəcəkdir). Ancaq uzun illər Abxaziyada işləyibmiş. Fərhad Bədəlbəyli necə dedi? “Onu 1991-də lüt qaçırdıb Bakıya gətirdim”. Lüt - paltarsız mənasında yox, bu milli mentalitetimizə zidd olardı. Gürcü-abxaz savaşı qaçqınıymış. Lakin indi 2019-cu ildir. Adam 28 ildir Bakı Musiqi Akademiyasının müəllimidir, hətta deyəsən kafedra müdiridir. Bu qədər işləyib, ancaq özünə bir daxma da ala bilməyibsə, əsl dövlət qayğısı bu deyildirmi?

Ümid edək kişi tezliklə yeni evinə köçər. Vacibdir, axı bunun sabah ev muzeyi olması da var. Bəlkə biz kirayə ev muzeyləri də düzəldək? Çingiz müəllimin ziyalı mövqeyi lazımdır.

Новости автора