Свобода людям, независимость нациям!

Əslində “Bolton planı” nədən ibarətdir...

Məlum olduğu kimi, nazirlərin növbəti – bu dəfə Vaşinqton görüşü Qarabağ danışıqlar prosesində heç bir pozitiv dəyişikliyə səbəb olmadı.

İmkan daxilində, hər iki tərəfin rəsmi şəxslərinin bəyanatlarını izləməyə çalışdıq, amma Vaşinqtonda, heç olmasa, münaqişə tərəflərinin münasibətlərində müsbət tendensiyanın hiss olunmasına sübut ola bilən hər hansı bir tutarlı arqument tapa bilmədik.    

Nazirlər növbəti görüşü də Vaşinqtonda keçirməyi qərarlaşdırdılar – güman ki, bunu Vaşinqton görüşünün ən əsas, yadda qalan nəticəsi kimi qəbul etmək olar.

Ümumilikdə isə, ABŞ-da Dağlıq Qarabağ problemilə bağlı görüşlər əvvəllər də olmuşdu – güman ki, oxucular hələ də 90-cı illərdə ABŞ-ın Ki-Uest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş görüşü xatırlayırlar.

O vaxt da müəyyən ümidlər və gözləntilər vardı, amma onlar gerçək olmadı. Bu dəfə də çoxu düşünürdü ki, Vaşinqtonda görüşün keçirilməsi hansısa diplomatik, ən başlıcası da coğrafi formalizm deyil, bunun arxasında ABŞ hökumətinin real və ciddi niyyətləri dayanır.

Düzünü desək, görüş ərəfəsindəki diplomatik atmosfer də müəyyən mənada bu cür gümanları gücləndirirdi: ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi C.Bolton bir neçə dəfə bildirmişdi ki, münaqişə tərəflərinin təmsilçilərilə görüşləri səbrsizliklə gözləyir.

Belə vəziyyət bəzi politoloqları yenidən “Bolton planı” haqqında danışmağa vadar etdi. Amma nazirlərə Dağlıq Qarabağ probleminin hər hansı aspektilə razılığa gələmək müyəssər olmadı, hətta əvvəlki iki görüş zamanı müzakirə olunmuş mövzuların belə inkişafı duyulmadı – burada söhbət əsir və girovların dəyişdirilməsindən və “snayperlərin müharibəsinə son qoymaq” haqdakı çağırışlardan gedir.

Cənab Boltonun diplomatik səylərinə gəldikdə isə, görüş ərəfəsində dəfələrlə yazılmışdı ki, ayrıca bir “Bolton planı” yoxdur, hətta indiki müzakirələrin də nüvəsini Madrid və Qazan prinsipləri təşkil edir - hansılar ki, ilkin addım kimi Azərbaycan ərazilərinin bir hissəsinin azad olunmasını nəzərdə tutur.

Real “Bolton planı”na gəldikdə isə, o, bunu faktiki olaraq özünün ötən ilki səfəri zamanı bəyan etmişdi: o vaxt amerikalı diplomat Ermənistan baş nazirinə birmənalı şəkildə məsləhət görmüşdü ki, Bakı və Ankara ilə normal münasibətlər qurmağa başlasın.

Amma o vaxt da, indi də bizdə belə təəssürat yaranıb ki, C.Boltonu ilk növbədə Azərbaycan-İran və Ermənistan-İran əlaqələrinin perspektivləri maraqlandırır, çünki əgər bu iki ölkə İranla ticari - iqtisadi əlaqələrini məhdudlaşdırmağa qərar versə, o halda Tehran rejimi sözün əsl mənasında müvazinətini itirər – axı söhbət İranın ən əsas ticari-iqtisadi arteriyalarının ikisindən gedir.

Картинки по запросу bolton planı

Düşünürük ki, ötən il də Azərbaycan-Ermənistan münasibətləri C.Boltonu yalnız Ermənistan-İran və əlbəttə ki, Azərbaycan – İran əlaqələrinin prizmasından maraqlandırırdı. Təsadüfi deyil ki, nazirlərin növbəti görüşünü şərh edən bəzi rusiyalı politoloqlar açıq mətnlə yazdılar ki, E.Məmmədyarov və Z.Mnatsakanyan Vaşinqtona əsasən İran məsələsinə görə çağırılıblar. Sözsüz, burada Moskvanın qısqanclığı da müəyyən rol oynayır – danışıqların Vaşinqtonun çətiri altına keçməsi Kremlin heç ürəyindən deyil.  

O ki qaldı ABŞ prezidentinin köməkçisinin də səylərinə, hələ ki, C.Bolton özünün istəyinə nail ola bilməyibdi: nə İrəvan, xüsusən də nə Bakı İranla əlaqələrinə hər hansı korrektələr etməyə hazırlaşmırlar.

Prinsipcə, C.Boltonu başa düşmək olar. Hal -hazırda ABŞ diplomatiyasının əsas səyləri üç istiqamətdə cəmləşib: İran, Şimali Koreya və əlbəttə, Venesuela. Mübaliğəsiz demək olar ki, İran bu müstəvidə ən ön cərgələrdədir. ABŞ siyasətçilərinə və diplomatlarına inansaq, bu ölkələr təkcə son aylarda bir neçə dəfə böyük müharibə ərəfəsində olublar. Elə bu günlərdə prezident D.Tramp bildirdi ki, İrana qarşı müharibəni əməliyyatların başlanmasına 10 dəqiqə qalmış ləğv etməli olubdur. Aydındır ki, ABŞ –ın müharibə ilə bağlı narahatlığı hər vaxt bir amillə əlaqəli olub: canlı itkilər...

Amma buna baxmayaraq hazırda çox intensiv demokratik proseslər gedir: alyanslar və koalisiyalar yaradılır, müxtəlif hərbi-siyasi konfiqurasiyalar qurulur. Elə bu günlərdə cənab Bolton özü İsraildə rəsmi səfərdə oldu. Bu ölkədə İsrailin, ABŞ-ın və nə qədər qəribə olsa da, Rusiyanın təmsilçilərinin iştirakı ilə müzakirələr keçirildi.

Bəs Vaşinqtonun annti-İran kampaniyasının arxasında nə dayanır? Doğrudanmı hipotetik nüvə silahı bu məsələdə əsas amildir? Düşünürük ki, yox. Bəli, amerikalılar həmişə deyir ki, iranlılara nüvə silahı əldə etməyə heç vaxt imkan verməyəcəklər. Amma burada sual yaranır: axı niyə?

Məsələ bundadır ki, belə perspektiv Yaxın Şərqdəki təhlükəsizlik arxitekturasını birdəfəlik poza bilər. Müxtəlif mənbələrin məlumatına görə, ABŞ möhtəşəm Yaxın Şərq planını reallaşdırmağa hazırlaşır və bu plan onların fikrincə, ərəb- yəhudi münaqişilərinə son qoymalı, Fələstin problemini birdəfəlik həll etməlidir. Sirr deyil ki, planın qarşısındakı ən  əsas maneə İrandır. Odur ki, ABŞ hökuməti hələki bu problemlə məşğuldur və ola bilsin ki, yaxın aylarda münasibətlər bir az da gərgin xarakter alacaq, çünki bu düyün də hansısa formada açılmalıdır...

Новости автора