Свобода людям, независимость нациям!

Ən yaxşısı öz oyunlarımızdır

“İndi bizə bir çarə ki, yağış kəssin, dünən gedib çay qırağındakı cindar Hacı İsmayıldan xəbər aldım yağışı nə cür kəsmək olar? O büzürgüvar buyurdu: qırx keçəlin adını yazıb ağacdan asarsan, yağış kəsər”

(“Molla Nəsrəddin” jurnalı, 4 avqust, 1906-cı il)

Bəli, bütün dünyaya sübut elədik ki, çox gözəl formada futbol yarışı da keçirərik, ən dalaşqan azarkeşləri olan ölkədən camaat gələr, birinin burnu qanamadan gedər. Bu nə şeydir, bizim vaxtilə fiqurlu konkisürənlərimiz, xizəkçilərimiz də var idi, olimpiadalarda iştirak edirdilər. Düzdür, axırıncı dəfə nəsə bir yarışda heç finişə gəlib çatmadılar, ancaq dərd eləmirik. Lazım gəlsə taparıq, istədiyimiz qədər sürüşərlər. Elə final oyununda qalib komandanın 4 topundan 2-nin müəllifinin Eden Azər adlı oyunçu olması əsl mistika deyildimi? Tanrı işarə verir ki, azərilər deyirlər, edirlər. Bizdə boş söhbət olmaz. Sözgəlişi, hələ final orucluğa düşdü, bir az ona görə başımız ibadətə qarışmışdı. AMEA Fizika İnstitutunun fətvası var, deyir Ramazan ayında futbol oynamaq məkruhdur. Yəni, günah deyil, ancaq eləməsən məsləhətdir. İnşallah, növbəti illərdə futbol üzrə dünya çempionatının oyunları başqa aylara düşər, biz bacarığımızı tam şəkildə göstərərik. Yanlış anlaşılmasın, indi də yaxşı oldu, sadəcə, deyirəm lap əla olar. Bizi istəməyənlər ölsün.

Milli Məclisdən də xoş soraq var, deyir orda təzə qanun düzəldilib, indən belə iclasa gəlməyən deputatlar cəzalana bilər. Maraqlı yanaşmadır. Deputatın iclasa gəlməsi niyə vacibdir ki? Bəlkə o daim xalqın arasında, seçicilərinin problemləri ilə döyüşlərdədir? Bunu zorla gətirib iclasda oturtmaqdan biz nə qazanacağıq? Məncə çox düzgün olardı qanuna təzədən baxılsın, orda yazılsın ki, deputat iclaslara heç gəlməsin. Yoxsa elə deputat var beş il bütün iclaslara gəlir, lakin bir dəfə danışıb camaata tema vermir. Ancaq deputat da var Milli Məclisin qapısını tanımır, adı bütün millətin dilində əzbərdir.

Bayaq dini söhbətimiz yarımçıq qaldı, istəyirəm bir az onu xırdalayım. Diqqətli oxucuların yadında olar, mən köhnə yazılarımdan birində Avropanın, Qərbin oyunlarına - hər mənada - aludə olmağımızın ziyanlarından yazmışdım. Özünüz baxın, Bakıda indiyə qədər min dənə oyun olub, lakin bunlarda həmişə axmaq söz-söhbət, böhtançı yazılar, xaricdən maliyyələşən qara qüvvələrin dəyirmanına su tökən... Uzun sözün qısası, problem çıxaran turnirlər ancaq Avropaya, Qərbə aid olanlardır. Ən rahat turnirimiz İslam Oyunları olub. Bir dənə olsun tənqidi məqalə yazılmayıb, xaricdən üstümüzə bir it balası da mırıldanmayıb. Nəyə görə?  Çünki biz müsəlman dövlətiyik! Şərqdə ilk cümhuriyyəti biz qurmuşuq, qadınlara səsvermə hüququ vermişik, ona görə indi qadınları UZİ-də aşkar edib öldürürük. Mövzu başqadır, əlbəttə, qanımızı qaraltmayaq. Sözümün canı odur ki, gərək hər millət öz tay-tuşları, öz mühitində otursun, oynasın. Sovet vaxtı bu temada yaxşı bir lətifə var idi, deyir tələbə gəlir imtahan verməyə, müəllim soruşur: “Marks kim olub?”. Tələbə deyir bilmirəm. Soruşur: “Engelsi tanıyırsan?”. Yenə cavab mənfi olur. Müəllim deyir sənə “2" yazıram. Tələbə etiraz edir: ”Müəllim, sən Ağabala ilə Gülbalanı tanıyırsan?". Müəllim deyir: “Yox”. Tələbə: “Gördün? Hərənin öz kruqu var da bə!”

Keçən dəfə qəzetdə bu temada yaxşı bir qafiyə açmışdılar. Deyir Avropanın çox yerində homoseksual, gey adamlar şəhər rəhbərliyinə, nazir vəzifəsinə-zada gətirilir, bəs biz buna hazırıqmı? Müəllif tam haqlı olaraq axırda qənaətə gəlmişdi ki, yox, hazır deyilik. Doğrudan da, şəhərin başçısı, nazirliyin müdiri kişi adam olmalıdır. Biri var sən rüşvəti kişi adama verəsən, biri də var, türkün məsəli, hansısa gey qışqırda-qışqırda sənin pulunu alsın. Böyük fərqi var. Adamın reputasiyasına, gələcəyinə də mənfi təsir edir. Misal üçün, tutalım sən getdin homoseksual merə rüşvət verib bir neçə sot yer aldın, orda göydələn qayırdın. Kim ordan mənzil alacaq? Almazlar. Bizim millət belə şeylərdə tükü-tükdən seçir. Apple firmasının şefi Tim Kuk açıq gey olduğundan “Ayfon” telefonunu yandıran soydaşımız var.

Hər iki halda misalı rüşvətlə bağlı çəkdim, ancaq başqa nə misal çəkməyimi gözləyirdiniz? Adam dövlət qulluğuna başqa nəyə görə gedir ki? Xalqa xidmət üçün? Gülməli fikirləriniz var. Belə fikirləriniz olanda yazın  göndərin, birlikdə gülək.

Новости автора