Свобода людям, независимость нациям!

Elmar Hüseynovun qatilləri

“Haraya hay verməyib Dünya keçir kar kimi. Bir kor dəyir divara Bizim dualar kimi..."

(Vaqif Səmədoğlu)

Müsəlman aləmində nəsə baş verir, doğrusu, biz isti-isti buna qiymət verməkdə çətinlik çəkirik. Ancaq hər halda, baş verir. Deməli, hərəkət vardır. Hərəkət varsa, bərəkət də vardır. Misal üçün, 200 milyondan çox din qardaşımızın yaşadığı İndoneziya məmləkətində bu yaxınlarda nəsə seçki olubdur, seçki zamanı Mərkəzi Seçki Komissiyasının düz 500 nəfər əməkdaşı infarkt, paralic, insult, əsəb sarsıntısı və sairə bu tipli həyəcan üzündən ölübdür. Elə məntəqənin içindəcə! Allah-allah! Özün saxla. Məzahir müəllimin idarəsində bu xəbəri oxuyan varsa, ümid edək, qulağını dartıb çiyni üstündən arxaya 3 dəfə tüpürəcəkdir. Bundan da qabaq İndoneziyanın qonşuluğundakı Hindistan cümhuriyyətində, hansında ki, dəxi 140 milyona yaxın müsəlman qardaşımız ibadət etməkdədir, bir nəfər seçkidə səs verərkən çaşıb rəqibin qabağına quş qoyduğu üçün barmağını kəsmişdi. Hesablasan dünyadakı milyard yarım müsəlmanın yalan olmasın dörddə biri elə bu iki ölkədə yaşayır. Yəni o din əleyhinə ateist mürtədləri nəsə qırıldadanda cavabında qardaşlarımız deyirlər ha, “milyard yarım adamın heysiyyətinə toxunursunuz”, bax onların hər dörd nəfərindən biri İndonezya və Hindistanın payına düşür. (Əslində ad etibarilə “İndoneziya” da elə “Hindistan” deməkdir. Yəni bunlar iki millət bir dövlətdir). Deməli, müsəlman cümhuriyyətlərindəki bu seçki təbəddülatları nəsə keçici xarakterə malikdir. Düzdür, bizdə bu il bələdiyyə seçkiləri gözlənilir, bələdiyyənin nə olduğunu isə heç JEK-in süpürgəçisi Fatmanisə xala da bilmir, ancaq nə dəxli? Əsas odur hazırlıq olsun. Odur, Pənah bəy indidən seçkiyə hazırlaşır, deyir, 1993-cü ildəkinin hayıfını alacağam, bu dəfə cinayətimiz qələbəmiz olacaqdır! Bəlkə də istəyir bu dəfə cəbhə xətti Sabirabaddan keçsin. Nə biləsən... Hətta yenə Veberdən sitat çəkir! O Veber ki, 1992-ci ildə Pənah bəy baş nazir qoyulanda hansısa cüvəllağılar araşdırıb ortaya çıxarmışdılar, sən demə, hələ AMEA-nın elmi işçisi olarkən Pənah Hüseyn Axundov adına kitabxanadan Veberin kitabını oğurlayıbmış. Bəlkə də götürüb qaytarmamışdı - amma hadisənin forması indi elə əhəmiyyət daşımır. Necə ki, 15 nəfər bir yerə yığışanda onun adını “Xalq Hərəkatı”, “Milli Şura”, canım sənə desin, Qalaktikalararası Şahmat Turniri qoymaq olar.

Qayıdaq müsəlman aləminə, bizim ciddi işlərimiz var. Misal üçün, elə bu yaxınlarda Mətbuat Şurasının sədri Əflatun müəllim Dövlət Təhlükəsizlik Xidmətinə göz yaşı, kədər, qüssə, ələm dolu bir məktubla müraciət elədi. Deyir, 2005-ci ildə jurnalist, “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu alçaq qatillər öldürmüşdür, lakin bu günə qədər cinayətkarlar tapılmamışdır, xahiş edirik buna bir əncam çəkəsiniz, sizin də sağ və salamat olmağınızı o bir Allahdan arzu edirik, yaz görüm sizdə havalar necədir. Məncə, burada nəsə balaca siyasi səhv vardır, çünki Elmar Hüseynovun qatilləri çoxdan tapılıbdır. İki-üç nəfər Gürcüstan vətəndaşları idilər, birinin familiyası Xubanov olmalıydı, hökumətimiz 14 ildir onları hərləyir, lakin tuta bilmir. Nə etmək olar, çarəsiz işdir. Bəlkə də gürcü hökuməti o qatilləri qəsdən gizlədir ki, Keşikçidağ monastrı ətrafında torpaqları bizə qaytarmasınlar. Belə mübahisəli sərhəd problemləri təəssüf ki, hələ də aramızda qalmaqdadır. Bir məsələ də var ki, Əflatun müəllimin “Arsenal”-"Zirə" UEFA liqa finalı öncəsində bu kimi problemləri dilə-dişə salması bəlkə lazım deyildi, xaricdən maliyyələşən ermənistanpərəstişkarçı qüvvələrin dəyirmanına su axıtmağın bir növüdür. Gözlə, 90 dəqiqə bitsin, ondan sonra hara istəyirsən məktub yaz da bə. Kərbəlayının kinosunda deyilən kimi: “Belə anlarda soyuqqanlı olmaq lazımdır”. Dəlinin yadına nöşün daş salırsan?

Hələlik bu qədər.

Новости автора