Свобода людям, независимость нациям!

Elbaşının ilbaşı gedişi

“Nazarbayev bilsə onun haqqında kim yazacaq, heç istefa verməzdi”
(Məhşur KVN zarafatının parafrazı)

Bu saat bütün dünya Qazaxıstan prezidenti Nursultan müəllimin qəfil istefasını müzakirə edir, nədən mən də bir-iki cümlə yazmayım? Misal üçün, onun ərazidə sabitlik yaratdığını, hakimiyyətdə olduğu 30 il ərzində Qazaxıstanın qazax əhalisini hardasa elə cəmi 30 faizdən qaldırıb 65 faizə çıxartmasını və rusları mədəni şəkildə qovmasını qeyd etməliyik. Çünki bilənlər bilir, bilməyənlərə də agah olsun ki, Qazaxıstan əslində SSRİ yarananda müttəfiq respublika statusunda bir dövlət olmayıb, Rusiya tərkibində muxtar vilayət sayılırdı. Yalnız 1930-cu illərdə Qazaxıstan Sovet Sosialist Respublikası yaradılmışdı. Bu minvalla orada ruslar da həmişə çoxluqda olmuş, həlledici əhali faktoru rolunu oynamışdı. Sözgəlişi, SSRİ-nin dağılmasına təkan verən hadisələrdən birincisi elə Qazaxıstanda, Alma-Ata-da, 1986-cı ildə baş vermişdi – qazaxlar birinci katib vəzifəsinə milliyyətcə rus Kolbin-in qoyulmasına etiraz etmiş, keçmiş SSRİ-də görünməmiş hərəkətə, icazəsiz mitinqlərə başlamışdılar. Qorbaçov ordu yeritmiş, kütləvi həbslər, repressiya, deyilənə görə öldürülənlər olmuşdu.

Ancaq bir məsələ də var ki, bütün milliyyətçiliklərinə baxmayaraq qazaxlar SSRİ-dən ən son çıxan respublika olublar. Müstəqilliyi yalnız 16 dekabr 1991-ci ildə elan ediblər, SSRİ-nin rəsmən süqutundan cəmi bir həftə öncə. O cümlədən, bu ərazicə böyük, geopolitik baxımdan önəmli türk dövləti dünyada türkdilli dövlətlər üçün indiyəcən bir işə də yaramayıbdır. Yəni, biz deyək ki, Qazaxıstan filan vaxt filan türkdilli dövlətin yaralı barmağına “çiş” eləyibdir, yoxdur belə bir şey. Heç qonşuluqda Çin uyğur türklərini repressiya edəndə, yainki Orta Asiyada özbəklərlə qırğızlar, taciklərlə özbəklər, nə bilim, türkmənlərlə Qurbanqulu müəllim dalaşanda da Nursultan müəllimin ağsaqqal səsi eşidilməyibdir. Amma şəxsən xoşuna gəlməyən nəsə olanda sərhəd bağlasın, müxalifətçiləri yox eləsin – belə şeylər yadımıza gəlir. Bunları xüsusən ona görə yazıram ki, indi orda hər yerə Nursultan müəllimin adını verməyə başlayıblar, ləqəbi isə “Elbaşı”dır. Bir növ, Türkiyədə vaxtilə Mustafa Kamalın özünə Atatürk adı götürməsi tipində. Ancaq ad götürməklə olmur ki. Ona qalsa hələ sovetin vaxtında İsmayıllıda bir kişi əkiz oğullarına Vaşin və Qton adı qoymuşdu, uşaqlar birləşəndə Vaşinqton alınırdı, bunun uşaqların xoşbəxtliyində hansısa təsiri vardımı? Yox idi. Bizdə Əbülfəz bəy də özünə Elçibəy ləqəbi götürmüşdü, təxminən elbaşı-nın başqa forması idi, ancaq cəmi 1 il hakimiyyətdə qaldı, elçi ola bilmədi.

İnsaf naminə, Nazarbayevin Qarabağ məsələsinə 1991-ci ilin payızında guya baş qoşmaq istədiyini yazmalıyıq. O vaxt Yeltsinlə birgə Bakıya, İrəvana səfər də eləmişdilər, Jeleznovodsk razılaşması imzalanmışdı, lakin o müqaviləyə heç vaxt, heç kim əməl eləmədi, elə o vaxtdan zibilliyə atıldı, getdi.

Nursultan müəllimin ölkədə sabit, güclü iqtisadiyyat qurduğunu qeyd edənlər var. Əlbəttə, indiki dünyada bir küncə çəkilib başını salamat saxlamaq özü də böyük qabiliyyət tələb edir, bu mənada MDB dövlətləri arasında yanılmıramsa Kazaxıstan adambaşına ən yüksək ÜDM-i ilə fərqlənir. Ancaq bu nəyin hesabınadır? Bax bu yerdə Kərəmi ağlamaq tutur, çünki Qazaxıstan da karbohidrogen ehtiyatlarından, xammal ixracından asılı bir ölkədir. Qeyri-neft sektorunu inkişaf elətdirmək, inhisarçılığı azaltmaq, liberal bazar – bunlar orada da tanış problemlərdir. Müxalifət yerli-dibli yoxdur, 2000-ci illərin ortalarında isə bəzi müxalif liderləri şübhəli şəkildə qətlə yetiriblər, indiyəcən öldürənlər tapılmır.

Bütün hallarda, az və ya çox saysan da, Qazaxıstan bu yaz yeni bir ölkəyə çevrilir, bu yeniliyin axırı nə olacaq, zaman göstərər. Yeri gəlmişkən, qazaxlar da bizim kimi 21-23 martda yaz bayramını, Novruzu qeyd edirlər: “Naurız meyramı” adı altında. Bayramlarda istefa vermək köhnə sovet partnomenklaturasında adətə çevrilir. Yeltsin də Yeni il təbrikində istefasını açıqlamışdı. Görünür bununla öz gedişlərinə bayram ovqatı qatmaq istəyirlər. Bayramda pis şeylər unudulur. Ancaq millət bunu “ikiqat bayram” kimi də qəbul edə bilər.

Новости автора