Свобода людям, независимость нациям!

Əlaqədar təşkilatlar iş başında

“Axı K. hüquqi bir dövlətdə yaşayırdı, hər yanda əmin-amanlıq idi, bütün qanunlar işləyirdi, kimin nə ixtiyarı vardı ki, onun evinə soxulaydı?! Həmişə çalışmışdı ki, hər şeyə fikir verməsin, pis lap pis olanda da onun pisliyinə inanmasın, hətta hər hansı bir təhlükənin gəldiyini hiss etsə də, əvvəlcədən ona qarşı tədbir görməsin”.

(Frans Kafka, “Məhkəmə”)

Dövlətin ziyalılarımıza yüksək qayğısından ürəklənən sənətkarlar artıq dil açıb danışırlar. Bir xalq artisti deyir serialda çəkilirdik, rejissor prezidentin bizim qonorarımız üçün ayırdığı pullarla özünə göydələndə bir mərtəbəni aldı, üstəlik, “İnfinit”di-nədi, o maşından. (Guya maşının adını deyə bilmir. Bəlkə də şirinlik üçün eləyir. Bizdə hər bir sənətkarın bu cür tanınma nişanı vardır axı. Biri Səmayə xala rolu ilə ürəklərdə iz qoymuşdur, başqası Moşunun arvadı rolu ilə, üçüncüsü şəkililərin ağzını istedadsız formada əyməklə).

Əməkdar artistə mikrofon və kamera göstərməyə peşman olurlar, türkün məsəli, açır sinəsini, ürəyində neçə ildir gizli saxladığı dərdini danışır: “Dövlət tədbirlərinə gedib müftə oxuyuruq, ancaq o tədbirlərdə bizə verilmək üçün rəhbərlik pul ayırır. Həmin pulu təşkilatçılar mənimsəyirlər. İndiyədək dinmirdik, ancaq daha səbrimiz tükənmişdir”. Bəli. Burada əsas vurğu “indiyədək” sözünə qoyulmalıdır. Yeni dövrə qədəm qoyuruq.

Misal üçün, srağagün prokuror müsavatçı gəncin həbsdən azad edilməsini istəyibdir. Hakimdən. Azərbaycanda. Bakı şəhərində. Məhkəmədə. Prokuror. Müsavatçı gəncə. Azadlıq. İstəyibdir. Məhkəmədə. Hakimdən (Qapalı çevrəyə düşmüşəm çaşdığımdan). Fantastika kimi görünəcək, ancaq qıpqırmızı həqiqətdir. Bir daha xatırladım ki, prokuror istəyibdir, hər hansı vəkil-zad yox. İndi biz vəkillərin çoxunun lisenziyasının geri alınmasının mənasını qanmağa başlayırıq. Əgər prokuror müttəhimi müdafiə edəcəksə, vəkil nəyə gərəkdir? Hətta ola bilər hakimlər sabah ədalətli qərarlar qayırsın, heyrətdən lap ağzımız əyilsin. Biz islahat istəyirik e, ta bu qədər yox da bə. İqtisadiyyatı güclü olan dövlətin hər şeyə qadir olduğunu bilirdik, lakin hər şeyin bu qədər çox olacağını zənn eləməzdik. Millət çaşqınlıq içindədir. Küçələrdə öz-özünə danışan adamlar görürəm.

Dünənə qədər türmədə aclıq aksiyası keçirən cavan oğlan çıxıb azadlığa, evində mətbuat konfransı keçirdir. Deyir, mən türmədə kabab istəmirdim. Bah. Niyə istəmirdin?

İstəsən verərdilər. Bizdə hər şey xalqın istəyinə bağlıdır. Təkədən pendir tutmaq, tut yarpağından ipək qayırmaq bacaran ölkədə dustağa kabab vermək nə şeydir? Bizdə adam var kamerada suşi yeyir. Sözgəlişi, elə bu oğlanın evində brifinq keçirməsi özü söz azadlığı sahəsində nə qədər qabağa getdiyimizi göstərir. Xaricdə kimsə jurnalistləri toplayıb dərdini danışanda hara gedir? Mətbuat  konfransı salonlarına. Xüsusi ayrılmış otaqlara. Bizdə isə hər ev brifinq salonudur. Sosial şəbəkələr, internet vasitəsilə də hər bir zəhmətkeşimiz jurnalist olmuşdur. Daha “söz azadlığı pozulur” deyib zıqqıldamaq olarmı? Olmaz. İstəyirsən lap dodağını büzüb İnstaqrama qoy. Kimsə “niyə bu bizim inkişafa dodaq büzür” deyib təzyiq etməyəcəkdir. Düşünürəm ki, “Sərhədsiz reportyorlar” beynəlxalq qurumu 2019-cu il dünya söz azadlığı reytinqini hazırlayanda məhz bu detallara diqqət eləməlidir, Azərbaycanı 1-ci yerə qoymalıdır. Danimarkada belənçik azadlıq yoxdur.

Mövzu açılmışkən, hazırda türmədə qalan jurnalist Seymur Həzi və bloqçu İlkin Rüstəmzadəni də azadlığa buraxmaq yaxşı olardı, ümid edirəm, hörmətli prokurorlarımız bunu oxuyacaqdır, humanizm növbəti kərə təntənəli zəfər çalacaqdır! Nədən ki, bu iki yoldaş uzun illərdir zindanda saxlanılır, bəlkə yalan olmasın, qırx ildir. Sanarsan hökumət, müxalifət, beynəlxalq qurumlar və uca millətimiz bu iki gözəl insanı tamam unudubdur. Heç onlardan ötrü mitinqə də çıxan yoxdur, halbuki İlkin Rüstəmzadə “Əsgər ölümlərinə son” eventiylə mitinq elan edəndə camaat meydana axışırdı. Nəticədə Səfər Əbiyev kimi yarıtmaz tip işdən çıxarıldı. Ancaq indi Əbiyev Çexiyada pivə horuldadır, Rüstəmzadə isə zindanda paket çay üzünə həsrətdir. Gəlin onu azad edək, yoxsa elə alınır Əbiyev geri qayıtmalıdır.

“İndi söz əlaqədar təşkilatlarındır” yazardım, ancaq daha buna da ehtiyac yoxdur, əlaqədar təşkilatlar öz sözlərini bizdən qabaq, bizim xatırlatmağımıza ehtiyac olmadan deməyə başlamışdır.

Новости автора