Свобода людям, независимость нациям!

Dövlət sirri

“O rəsm oğurlamaq Qərbdə olur. Bizdə mənasız hərəkətdir. Lap oğurladın, kimə satacaqsan?”

(Eldar Ryazanovun “Qoca quldurlar” filmindən)

Şəmkir rayonunda prokurorluq kommunal idarənin müdirini tutub içəri salmışdır. Sən demə, bu yoldaş 70 nəfər işçinin adına maaş kartı açaraq 1 il ərzində 70 min manata yaxın pulu cibişdana qoymuşdur. Miqyası görürsünüzmü? Bir deyil, beş deyil, on deyil... Heç bu hadisə bir-iki ayın işi də olmayıbdır. Azərbaycan, bax, belə münbit ərazidir. Hansı lotu istəsə, dövlət büdcəsinə yetmiş dənə deşik açıb bala-bala sümürər. Necə deyərlər, dövlətin malı dənizdir, onu yeməyən donuzdur. Bu mənim yadımda Rafiq Əliyevin məhkəməsindən qalıb. Yadınıza gəlirmi, belə bir adam vardı, qardaşı da iqtisadi inkişaf naziri idi, “Öz pomidorumuz, öz musiqimiz” şüarını fikirləşib guya islahatlara aparacaqdı. Bax, həmin Rafiq müəllim də o vaxtların bərkgedən bir zapravka idarəsinin müdiri idi, iki qardaşı birdən tutmuşdular, məhkəmədə də bu afyorizmi səsləndirmişdi, açığı, indi heç yadıma gəlmir hansı kontekstdə (savadlı uşaqlar demişkən) söyləmişdi. Əhvalat niyə yaxşı yadımda qalıb, onu da yazım, keçək ayrı temalara: Rafiq müəllimin üzünə duran yoldaşlardan biri mənim tələbə yoldaşım olmuşdu, məhz bu baxımdan mən o məhkəməni xüsusi maraqla izləyirdim. Fikirləşirdim, ey dadi-bidad, insan insana rast gəlməz, dağ dağa rast gələr. Elə bilməyin səhv yazmışam, Nepalda, İndoneziyada güclü zəlzələ olanda məhz bu hal yaşanır.

Ancaq indi həmin 70 nəfərin maaş kartı özlərinə qaytarılıbmı, yoxsa Şəmkirin kommunal təsərrüfatına əlavə 70 nəfər gəlibmi - biz bunu bilmirik. Hər halda, heç yaxşı olmadı, çünki bizdə son illər 2 milyon yeni iş yeri açılıbsa, bunun 70 yeri bir adama məxsus imişsə, dövlət büdcəsinin bucaqlarının cəmini tapın. Təklif edirəm, bunu orta məktəb şagirdlərinə test sualı olaraq salaq. Qoy görüm o zaman 700 balı necə yığırlar. Yoxsa ağını çıxarıblar. Haçan baxırsan, hər məktəbdən 7 dənə 700 ballıq uşaq çıxır. Dövlət təqaüd verib çatdıra da bilmir.

Ümumiyyətlə, bizdə hər işin belə bir “əmması” vardır. Örnək üçün, ASAN xidmətdə işləyən cavan yoldaşı kənd təsərrüfatını dirçəltməyə göndərdik, o da qucağında quzu, ayağında sapoq şəkil çəkdirdi, çox sevinmişdik, elə bilirdik tarla da İnstaqram kimi şeydir, bu yandan şəkil çəkdirib qoyursan, o yanda camaatın qarnı dolur. Ancaq belə deyilmiş. Soğan qalxıb ət qiymətinə oldu, kələm də kərə yağı ətirli marqarinə çatdı. İstədilər burada müəyyən qayda-qanun olsun, bəzi məhsullara ixrac rüsumu qoyduq, bəzilərinə idxal. Aləm qarışdı, bilinmədi hansı kisədən çıxan kartof kimindir. Pakistandan gəlibdir, yoxsa Cəlilabaddan? Soğanı Bakıda satmaq sərfəlidir, yoxsa Ağcabədidə arxa tökmək? Türkiyəyə bir maşın soğan vurmaq dövlətçiliyə görə düzgün hərəkətdir, yoxsa İrandan pomidor almaq?

Sevindirici haldır ki, dünən kartofa qoyulan ixrac rüsumu aradan qaldırılmışdır, yəni kartof istəsə daha respublikamızın sərhədlərini tərk edə bilər. Gün o gün olsun, bütün respublikadan çıxışına qadağa qoyulanların qadağası ləğv edilsin, ilahi, amin! Məsəl üçün, nəhayət, Əli bəyin xarici pasportu verilsin. Yoxsa baxırsan, dünən yumurtadan çıxmış gənc müxalifətçilər qocaman müxalifətçiyə yanıq verirlər, deyirlər, sən xaricə gedə bilmirsən, ancaq biz gedirik. Rəhmətlik Mayakovski-nin “Pasport” şeirində deyilən kimi:

“Alın a,

yana-yana qalın a,

Mənəm bu pasportu daşıyan!

Mən sovet vətəndaşıyam! “

Sonda temaya uyğun bir lətifə:

“- Əgər biz sizi dövlət sirrinə yaxın buraxsaq, o zaman gərək xaricə çıxışınıza qadağa qoyaq.

Razıyam, məncə, buna dəyər. Sirri deyin.

Yaxşı, qulaq asın: xaricdə yaşamaq bizdəkindən əladır".

Новости автора