Свобода людям, независимость нациям!

Dotasiyalı gövşəmə

“Qoy desinlər Qasıməlinin çustu var,

Kim nə bilir altı yoxdur, üstü var"

(Azərbaycan ata sözü)

Lerikdə deputata məxsus istirahət mərkəzində vergi müfəttişlərinə hücum, deputatın oğlunun, qardaşı oğlunun və başqa şəxslərin həbsinin axırı necə olacaq? Hazırda bütün zəhmətkeşlərimizi bu düşündürür. Zarafat edirəm, qorxmayın. Zəhmətkeşlərimiz belə problemləri düşünsə nə vardı? Biz xalq olaraq heç vaxt oğruları qınamamışıq, əksinə, hörmətlə yanaşmışıq. Necə deyərlər, tutulmayan oğru, bəydən-xandan doğru. Çalış, ələ keçməyəsən, qalanı əfsanədir. Bizim camaat insana sərvətinə, evinin, hasarının qəlbiliyinə, arvadının geyindiyi şubanın qıllarına, nə bilim, saxladığı məşuqənin silikonlarına görə qiymət verir. Əgər bir kənddə təmiz, düzgün, yalansız, yalaqsız yaşamış adam varsa, onun qara qəpiklik hörməti olmaz. Əksinə, quldurun birinə “Filankəs müəllim” deyib bellərində gəzdirərlər.

İndi də heç kimin vecinə deyil ki, bu tip axı nə cür deputat qoyulmuşdu, deputat ola-ola bizneslə niyə məşğul olmuşdur. Mənim yadıma gəlir, həmin şəxs bir ara hətta lotuyana formada intervülər paylayırdı, deyirdi Lerikdən hansı uşaq universitetə qəbulda 700 bal toplasa ona maşın bağışlayacağam. Ancaq özünün istirahət mərkəzinin dövlət büdcəsinə ödədiyi vergilər ildə 70 qəpik imiş. Deməli, bu adam illər boyu azərbaycanlıların, həmçinin elə lerikli abituriyentlərin cibinə girməklə pul, sərvət yığırmış. Çünki sən normal vergini ödəsən nə qədər uşaq pulsuz təhsil alardı. İndi isə cəmi 25 faizə qədər dövlət təhsili qalıb, qalan hamısı pulludur.

Bu yaxınlarda dəmir yolumuzun zərərlə işləməyindən xəbər oxudum. Sən demə, orada son 3-4 ildə yığılan zərər 1 milyard manatı ötmüşdür. Necə olub belə alınıb? Bəlkə 180 manatlıq bileti ilə hər kəsi qorxudub heç işə düşməyən Bakı-Qars dəmir yolunun çəkilişinə axıdılan milyonlardır? 2017-ci ilin sentyabrında açılışı olan bu yolla indiyə qədər 1 nəfər də getməyibdir. Bəs bunu nə üçün tikirdik? Türkiyə-Gürcüstan-Azərbaycan dostluğundan yadigar qalsın deyə? Ya Bakı ətrafında elektrik qatarlarının bərpası projelərinə görədir? Axı o yolları da qabaqca niyə sökürdülər, niyə təzədən çəkirlər? Sanarsan dəmir yolu da bulvarın daş səkilərinin taleyini yaşayır. Yalnız ehtimallar var, dəmiryolunun zərərlə çalışmasının səbəblərini biz bilmirik. Lap bilsək belə, məcburuq özümüzü bilməmiş kimi aparaq. Çünki qurdalasan görəcəksən həmin zərərə görə nəinki kiminsə başı ağrıyıb, əksinə, çoxlu medal alan var.  “Şərəf”, “Şöhrət”, “İstiqlal”, nə bilim, “İgidliyə görə”, “Yaxşı boynuna görə”, “Bir ton puluna görə” və sairə medallar.

Dünyanın başqa ölkələrində iqtisadiyyatın zərərlə işləyən sahələri müflis olur, yenidən qurulur, tam dayanmağa məcbur olur və sairə, ancaq bizdə tam tərsinədir. Ziyanla işləyənlər hamıdan hörmətlidir. Hətta deyərdim kim daha çox ziyanla işləsə onun daha çox hörməti olur. Absurd görünsə də belədir. İşıq idarəsindən qaza, sudan kənd təsərrüfatına, təyyarə sürənlərdən eşşək otaranlara qədər hər kəs dövlətdən yardım alır. Yazıçılar, qaçqınlar, rəssamlar, evlilər, boşanmışlar, jurnalistlər, yetimlər, yesirlər, turistlər, yerlilər, gəlmələr, marsiançiklər, əcinnələr, qulyabanılar və sairə - hamısı ağzını açıb dövlət büdcəsinin məmələrini gözləyir. Hətta, təsəvvür eləmək belə çətindir: neft-qaz çıxaran idarəmiz də dövlətdən dotasiya alır! Atalar demişkən, biz gəldik gəlin görməyə, gəlin getdi təzək yığmağa. Dövlət büdcəsi hardasa 60-70 faiz elə o neft idarəsinin hesabına dolur, ta bunlar da onun yardımına məcburdursa, bizim xeyrimiz nədir? O cibimizdən çıxarıb, bu cibimizə qoyuruq, adı da olur iqtisadi inkişaf. Əlbəttə, camaata bunu danışsan deyəcəklər şükür elə, başqa ölkələrin heç cibi yoxdur.

P.S. Türkcə “relaks” sözünün iki anlamı var: rahatlama və gevşeme. Məncə, bizdəki ikinci mənaya uyğun oldu. Yaxşı gövşədilər.

Новости автора