Свобода людям, независимость нациям!

Din dərsləri

“Uçitel  (Həsənquluya). Get bucağa.

Həsənqulu  çıxıb gedir durur bucaqda, üzü divara, kişilər təəccüb ilə ona baxırlar.

Qasım   kişi  (uçitelə). Ay uçitel, bu uşağı niyə üzü qibləyə qoydun?"

(Mirzə Cəlil, “Danabaş kəndinin məktəbi”)

Düşünürəm ki, Dini İşlər Komitəsi ilə Təhsil Nazirliyinin əlbir olub orta məktəblərdə uşaqlara dini dərslər keçməyə qərar verməsi əslində düzgün addımdır, lakin gecikmiş hərəkətdir. Öncə nəyə görə düzgündür, onu izah edim.

Din, qısaca desək, fövqəltəbii qüvvələrə, gözəgörünməzə inamdır, hər hansı təcrübə, elmi yolla dini rəvayətləri isbat eləmək mümkün deyildir. Azərbaycanda həyat da belə mistika üzərində qurulduğu üçün, dini bilmək vacibdir. Misal üçün, bizdə deyirlər iqtisadiyyat inkişaf edir. Bəs biz bunu həyatımızda görürükmü? Görmürük. Bilirik ki, haradasa Bakının mərkəz tərəflərində aeroport yolu ilə davam edən nəsə bir cənnət diyar vardır. Orda hurilər oynaşır, qılmanlar qaynaşır, canım sənə desin, kürü çayları, süd bulaqları, heroin dağları, alov qüllələri var. Hətta ərəb turistlər putyovka alıb gəlib orda hurilərin qucağında ölməyi tərcih edirlər, nəyə görə? Nöşün ki, cənnətimizin sorağı bütün müsəlman aləminə yayılıbdır.

Eyni zamanda bəzi mənbələr camaatın çoxunun günahlarına görə cəhənnəm əzabı çəkdiyini, idarələrdə süründüyünü, işgəncə alətlərinə tuş olduğunu bildirir. O cümlədən qaçqınlar, köçkünlər, küskünlər, miskinlər, pisgünlər, qəmginlər, dalğınlar, yorğunlar və sairə camaat da yaşayırmış. Lakin biz bu cəhənnəm qəzəbini yaşayanlardan da müəyyən qədər uzaqdayıq. Haradasa ortada, cəhənnəmlə cənnətin arasında bir yerdə qalmışıq. O üzdən, dini öyrənmək vacibdir. Din bizim üçün bir növ təlimat kitabı rolunu oynayır. Yas yerində mollalıq kimi çıxmasın, yol hərəkəti qaydaları ondan ötrüdür ki, avariya eləməyəsən, mənzil başına səlamət çatasan.

Gecikmiş hərəkətdir, ona görə ki, biz onsuz uşaqlara dini tədris edirik. Elə həmin qərarın açıqlandığı gün 4-cü sinifdə oxuyan uşaq gördüm sevimli “Azərbaycan dili” dərsliyindən mətn əzbərləyir, orada isə Həzrət Əli və nökərinin yol getməsindən danışılır. Rəvayət, lətifə o qədər absurd idi ki, şəxsən mən anlamadım uşaqlara bunun hansı xeyri var, nə məqsədlə kitaba soxublar. Qısa məzmunu yazım, özünüz də fikirləşin: deyir bir gün Həzrət Əli xurma dolu xurcun, dəvə və nökəriylə gedirmiş. Yolda dilənçi xurma istəyir, Həzrət Əli deyir xurcunun hamısını ver. Nökər verir. Bir az gedirlər, başqa dilənçi dəvəni istəyir, Həzrət deyir ipi ilə birgə ver. Nökər əməl edir, daha sonra isə deyir ki, ya Əli, qorxdum deyəm ip əlimdədir. Vəssalam. Yəni nökər az qala özünün də əldən gedəcəyinə işarə vurur. Çox gülməli idi. 

Başqa kitablar, dərsliklər də onun kimi. Mən “Fizika” fənnindən abituriyentlər üçün vəsait görmüşdüm, hər fəsil imamlardan sitatla açılırdı. Təxminən belə: “Optika bölümü. İmam Museyi-Kazım demişdir ki...”

Həmçinin əgər sinifdəki 25 uşaqdan 7-si Məhəmməd, 4-ü Əli, 5-i Hüseyn, 9-u Zəhra, 8-i Yusif, 10 nəfəri Mədinə, 6 nəfəri Məryəm adını daşıyırsa, sən kimsən bu uşaqlara din dərsi keçirsən? Onlar özləri istəsə sənə dini başa salarlar. Gecdir artıq. Hərçənd inkişaf eləmiş müəllimlərimiz də çoxdur. Bir tarix müəllimi haqda danışıblar, adam Babək üsyanından danışanda “lənətullah Babək” deyirmiş, ərəblərin uduzmasını nəql eləyəndən sonra “Allah günahımdan keçsin” söyləyirmiş. Gör nə qədər mənəviyyatlı müəllimlərimiz vardır. Bizim evin yanında bir məktəb var, hərdən səhərlər görürəm müəllimələr avtobus tutub Beşbarmaq pirinə, Beyləqandakı Cərcis peyğəmbərin zəncirinə yaylıq atmağa, nə bilim, Nardaran pirində qəbir daşını ovub yeməyə gedirlər. Gözəl insanlardır. Qayıdanda avtobusdan düşəndə başqa müəllimələr, direktor, şagirdlər gəlir, onlara “Allah nəzirlərinizi qəbul eləsin” deyirlər.

Bizə də yalnız xeyir-dua vermək qalır. Sonda Təhsil Nazirliyi güman edirəm din dərsinin qiymətləndirilməsində də fərqli meyarlardan, ölçülərdən yararlanar. Misal üçün, falaqqa, qırmanc, şallaq, lap pis oxuyan uşağın gözünü çıxartmaq və sairə. Əla olardı. Bunun riyaziyyat, biologiya-zad kimi mənasız fənnlərdən bir fərqi olmalı deyilmi? Yoxsa baxırsan bəzi uşaq lap vələdüzna kimi aparır özünü...

Новости автора