Свобода людям, независимость нациям!

Dəqiq havalar

Molla Nəsrəddin kənddən keçəndə görür camaat yığışıb, ox atır. Yaxınlaşır, deyir kənara durun, indi sizə əsl mahir oxçuluq necə olur, onu göstərəcəyəm. Yayı çəkir, ox nişangahın xeyli aralısından keçir. Camaat gülüşür, Molla isə tövrünü pozmadan deyir: “Mən belə atmıram, sizə padşahın necə ox atdığını göstərirdim”. Beləcə, Molla vəzirin, vəkilin, uçaskovının, rayon prokurorunun və sairə hörmətli yoldaşların da necə ox atdığını bir-bir camaata nümayiş etdirir, nəhayət, təsadüfən oxun biri nişangaha dəyəndə qürurla deyir: “Bax, Molla da belə ox atır”.

Bizim ölkədə ictimai-siyasi, o cümlədən iqtisadi-sosial, hətta geoloji-ekoloji işlərə baxanda burada həmin Molla Nəsrəddin prinsipini əyani müşahidə etmək mümkündür. Örnək üçün, adam var, yetmiş ildir millətin dərisinə saman təpir, ancaq keçən il Qarabağı geri almışıq deyə, hesab edir ki, millət indi bunun ayaqqabılarından öpməlidir. Gerçəkdən xidməti olanlar abrına qısılıb susur, yenə görürsən reklamçılar öndədir. Hətta elə adam var, Ağcabədidən qırağa çıxmayıb, ancaq yalan olmasın, “Varşavanın azad edilməsi” medalına iddialıdır.

Əlbəttə, biz heç kimə hansısa iddiaya düşməsini qadağan edə bilmərik. “İddia” sözü “ideya” sözüylə səsləşdiyi kimi, bəlkə bunun da kökündə hansısa ideyalar durur və Azərbaycanda söz, fikir, düşüncə azadlığı vardır. İdeya şəklində nə qədər istəsən xəyala düş. Lakin həyata keçirilməsində qanunu pozmaq olmaz. Bizim mətbəxin milli xörəkləri sırasında xəyalplov da var (reseptini istəyən olsa, köşəmizlə əlaqə saxlasın). Məsələn, həmişə arzu edirik ki, məmurlar rüşvət almasın, düzgün adam olsunlar. Dələduzlar vəzifə tutmasın, fırıldaqçılar at oynatmasın, işlərimiz Avropadakı kimi getsin. Ustad şairimiz Məhəmmədhüseyn Şəhriyar necə yazmışdı? “Bizdən qabaqdadır avropalılar, İşi iş bilənə tapşırır onlar”. Yeri gəlmişkən, sənətkarın “Şeir və hikmət” adlı bu əsərini farscadan dilimizə Xəlil Rza çevirmişdir və o uzun şeirdə başqa mənalı, mövzumuza uyğun beytlər də vardır: “Volterin əlindən qələmini al, Ona kamança ver, de: ”Bir hava çal", Kim bilir, bəlkə də alar, çalardı. Fəqət bəşəriyyət onsuz qalardı". Şairin necə gözəl fantaziyası varmış... Volterin kamançada “Cücələrim” çalmasını və axırda Azərbaycan xalq artisti adına layiq görülüb üçüncü fəxri xiyabanda dəfn edilməsini xəyalıma gətirdim. Ancaq əlbəttə, şair burada demək istəyir ki, hərə öz işiylə məşğul olsa yaxşıdır. Musiqiçi musiqisini çalmalıdır, icra başçısı da maaş kartlarıyla pulları çalmalıdır. Yoxsa baxırsan yetimin biri vəzifəyə iddia edir. Deputatlar futbolun problemlərindən qırıldadır. Yazıçılar reklam lövhəsinin yəcuc-məcuc dilində olmasından şikayətlənir. Guya bunlar hamısı millətin taleyini düşünən olublar. Siz dediniz, biz inandıq.

Yuxarıda mən şeiri niyə çap elədim, istəsəm onun yerinə öz fikirlərimi yaza bilməzdimmi? Bilərdim. Rəhbərlik tərəfindən bizə bu istiqamətdə, göz dəyməsin, hər cür münbit şərait yaradılmışdır, fürsət ikən hamısına dərin minnətdarlığımı bildirirəm. Sadəcə, istəyirəm xalqımız şeir oxusun, ədəbiyyatdan zövq alsın.

Srağagün saat 4-ə az qalmış Bakıya sözün əsl mənasında fırtınaqabağı sakitlik çökmüşdü. Bir çöp də tərpənmirdi. Ancaq hava məlumatı idarəsi öncədən xəbərdarlıq etmişdi ki, saat 4-də tufan başlayacaqdır. Möcüzədir, mən bunu yoxladım, düz saat 4-də Bakı və Abşeron yarımadasını qar-boran altına aldı! Heyrət ey büt - yenə şairin sözü olmasın... Görün proqnoz işində nə qədər dəqiq olmuşuq. Artıq dəqiqə söhbəti gedir.

Yazını isə Osman Sarıvəllinin misraları ilə bitirirəm: “Döydü yağış məni, döydü qar məni, Bir qarışqa minsəm, aparar məni”. Həqiqətən bu saat o vəziyyətdəyəm, dayanacaqda qarışqa gözləyirəm. 

Новости автора