Свобода людям, независимость нациям!

"Demokratiya nağılları"ndan çıxardığımız nəticə - Qarabağ zəfərindən narahat olanlar...

Bəzi Qərb dairələri dünyanın böyük bir hissəsində insanları uzun müddət özünün “demokratiya nağılları”na inandıra bilmişdi. 90-ların əvvəllərindən başlayaraq, elə təsəvvürlər formalaşdırmışdılar ki, guya Amerikada, İngiltərədə, Fransada insanlar, kütlələr qanuni-qanunsuz nə etsələr də onların xətrinə dəymirlər. Buraxırlar hamını özbaşına. İxtiyari bir adam gəlib dövlətin üstünə qışqıranda, o saat onun dediyi olur və olmalıdır. 

Elə Azərbaycanda da xeyli adamı ötənlərdə aldada bilmişdilər...

Hətta bizim ölkəmizdə də insanların beynini zəhərləyirdilər ki, Qarabağın azadlığı üçün ölkədə inqilab eləməliyik...
Əlbəttə, demokratiya bir ideologiya, idarəetmə forması kimi sonuncudur, hələlik ondan yaxşısı icad olunmayıb. Amma məsələ ondadır ki, bizə təbliğ edilən heç də demokratiya deyilmiş. Zamanla aydın oldu ki, demokratiya adı altında bizim başımıza öz istədikləri oyunları gətirmək planları varmış. İraqdakı, Misidəki, Tunisdəki, Liviyadakı kimi...

Sonralar başa düşdük ki, demokratiya əslində və birmənalı şəkildə mövcud qayda-qanunlara tam əməl etməkdir. Necə ki, Amerikada, Fransada, İngiltərədə özlərinə münasibətdə belə edirlər.
Dünyaya isə deyirdilər ki, yox, siz qanun-qaydaları pozanlara, iğtişaş törətmək istəyənlərə dəyməyin, onlara bir şey etsəniz, demokratiya pozulur.

Elədirsə, Amerikada bir neçə gün öncə qanunları pozan, ABŞ Konqresinə hücum edənləri niyə döyürdülər, hətta bir neçəsini nə səbəbə öldürdülər, anlamaq olmur. İmkan verəydilər kütlələr öz bildiyini edəydi, olaydı əsl demokratiya...
Amma biz nəyin şahidi olduq? Bir qrup adam Konqresə basqın edən kimi, polis, xüsusi xidmət qurumları onları dərhal neytrallaşdırdılar.

konqres.jpg (34 KB)

Müqavimət göstərənləri Amerika polisi möhkəm döydü, zərərsizləşdirdi, sakitliyi bərpa etməyə çalışdı. Mən deyə bilmərəm polis onları qanun əsasında çırpdı, yoxsa qanunsuz. Amma Amerikanın yeni seçilmiş prezidenti Co Bayden bəyan etdi ki, baş verənlər hətta terrordur, bu proseslərdə iştirak edən, Konqresə soxulan, polislərə müqavimət göstərənlər də terrorçudur. Bütövlükdə baş verənləri dövlət əleyhinə qiyam adlandırdı.

425897146.jpg (127 KB)

Yəqin ki, Bayden yalan danışmaz.
Elə isə ortaya sual çıxır ki, 2020-ci il iyulun 14-də Azərbaycan parlamentinə edilən basqının adı nə idi? Niyə onda rəsmi Vaşinqton və Qərbin müxtəlif institutları, dairələri fərqli mövqe sərgiləyir, başqa cür bəyanatlar verirdilər?

mm.jpg (34 KB)

Deyirdilər ki, bəs, Azərbaycanda insan hüquqları pozulur, sərbəst toplaşmaya imkan verilmir.
Bu iki eyni hadisəyə Qərbin müxtəlif yanaşması beləqənaət formalaşdırır ki, əgər bu hadisə Azərbaycanda baş veribsə, hüquq-mühafizə orqanlarının sabitliyi bərpa etməsi, iğştişaşçı qrupları qanuni məsuliyyətə cəlb etməsi demokratiyanın pozulması, xalqın istəyinin qarşısının alınmasıdır, ABŞ-da olanda isə terror və qiyam?!

Konqresə basqın edənlər terrorçudursa, iğtişaşçı, qiyamçıdırsa, Azərbaycanda eyni hərəkəti təkrarlayanlar niyə məsum günahsız insanlara hökumətin repressiyası adı verilir?
İstənilən zorakılığa qarşıyam. Amma asayişin qorunması, qanunsuzluq edənlərin fiziki güclə və bəlli normalarla neytrallaşdırılması anlayışını da qəbul edirəm. Qəbul edilməyən isə bilirsiz nədir? ABŞ-da polis qanunsuzluq edəni zərərsizləşdirəndə, bu zaman 5 nəfəri öldürəndə bu, terrorun qarşısının alınması sayıldığı halda, Azərbaycanda qanunsuzluq edənlərin həbs edilməsi, məsuliyyətə cəlb olunmasının anti-demokratiya kimi təqdim edilməsi belə “demokratiya” anlayışına hətta nifrət yaradır. Çünki bundan ikili standartlar, şantaj, siyasi təzyiq vasitəsi kimi yararlanılır.

Təbii, biz o qədər sadəlövh deyilik ki, bu ikili yanaşmanın, demokratiyanın Amerikada bir cür, Azərbaycanda isə bunun əksi kimi təqdim olunmasının səbəbini anlamayaq.

Çünki burada “hüquqları pozulan dəstələr” adətən, Amerikadakı müxtəlif anti-Azərbaycan qrupların, Sorusun təsir dairəsində olanlardır.
O qrupların qanunsuz davranışlarının qarşısının alınması nəticə etibarı ilə “beşinci kolon”un bosslarının planlarının pozulması deməkdir. Təsəvvür edin, “Soros uşaqları”na illərlə böyük vəsaitlər xərclənir, “qrantlar” ayrılır, axırda bütün projeləri ifşa edilir. Bu zaman neyləməlidirlər? Təbii ki, maliyyələşdirdikləri, istiqamətləndirdikləri, amma missiyaları faş olan qrupları “demokratiya” pərdəsi altında müdafiə edirlər.

Bu kimi işlər yeni deyil. Biz hələ 90-cı illərin əvvələrində baş verənlərə nəzər salsaq, görərik ki, Qərb dairələri Azərbaycanda hansı xain projeləri buradakı əlaltılarının vasitəsi ilə reallaşdırıblar. Birmənalı şəkildə söyləmək olar, Qarabağı da 90-cı illərdə məhz bu oyunların nəticəsi olaraq itirmişdik. Burada bir incə məqama toxunaq: Prezident İlham Əliyev çıxışlarında bir neçə dəfə 90-cı ilin əvvəllərində baş verən xəyanətləri xatırladıb. Həmin dönəmlərdən siyasi meydanda olan, bu gün isə bəziləri xaricdə, bəziləri ölkə daxilində qrupları da sərt tənqid etməsi şübhəsiz ki, səbəbsiz deyil. Prezident İlham Əliyev ölkənin ən məlumatlı şəxsidir və Azərbaycana qarşı kampaniya təşkil edənlərin, Vətən müharibəsində qələbəmizə xələl gətirmək istəyənlərin də arxasında dayananları, onların məqsədlərini dəqiqliyi ilə bilir.
Müharibə dövründə bəziləri qısa müddətdə xislətlərini pərdələyə bilsələr də, çox keçmədi ki, öz “fabrik ayarları”na qayıtdılar. Məsələn, bu günlərdə Əli Kərimli açıqlama verib deyir ki, Azərbaycandan 3-5 dəfə zəif olan Ermənistanı müharibədə məğlub edib, Qarabağı işğaldan qurtarmaq elə də böyük qələbə deyil. Təsəvvür edirsinizmi? Adam bir partiyanı idarə edə bilmir, bir ofis saxlaya, bir pasport əldə edə bilmir, internetə normal çıxış əldə edə bilmir, deyir ki, Ermənistanı məğlub etmək asan iş idi. Adam dərk etmir ki, Ermənistanı 3-5 dəfə zəif duruma salmaq məhz Azərbayan dövlətinin uzunmüddətli, Qarabağın azadlığına hədəflənmiş siyasətinin nəticəsi idi...
Ən pisi isə odur ki, bu adamlar özlərini Azərbaycan cəmiyyətinə demokratiya carçıları kimi sırıyırlar. Bir tərəfdən demokratiyanı ona Qərbdən ikili standartlarla yanaşanlar gözdən salır, digər tərəfdən ölkədə də belələrinin “demokrat” adına iddia etmələri. Ümumi mənzərə isə odur ki, elə bunlar Qəbdəki o qərəzli qüvvələrin monopoloiada saxladığı “demokratlar”dır. Eyni mahiyyətli olmalarını başqa cür izah etmək olmur.
Hazırda da eyni “ələ oynayırlar”: Qərbdəki məlum dairələr də Qarabağ qələbəmizə kölgə salmağa çalışır, Əli Kərimli, Milli Şura da. Bu, təsadüfi ola bilməz axı. Ortaq bir projedir. Bunlara ölkədə möhkəm birlik, qələbə əzmli, qələbə qürurlu xalq sərf etmir. Çünki bu halda onlara meydan qalmır. Xaotik, nizamsız, bulanıq, birliyi olmayan cəmiyyət formalaşadırmaq istəyirlər. Öz məqsədlərini həyata keçirmək üçün. Lakin artıq bunlar baş tutacaq iş deyil.

Qarabağ qələbəsindən sonra Azərbaycan cəmiyyətini zəif salmaq, aldatmaq, ölkədə xaos yaratmaq əvvəla mümkün deyil, buna cəhd edənlər isə elə vətəndaşlardan ağır reaksiyalar alarlar.

Elşad MƏMMƏDLİ

"Yeni Müsavat"

 

Новости автора