Свобода людям, независимость нациям!

Dəmir məntiq

“Mən salim olum, cümlə-cahan batsa da batsın”
(Sabir)

Bir qrup ictimai fəal qadın Bakıda 8 mart günü “Qadına şiddətə yox” şüarıyla yürüş eləmək istəyirdilər, polis buna icazə vermədi. Qadınların plakatları əllərindən alındı, özlərini metroya basıb saldılar. Tədbirin videosunu izləyərkən dəli şeytan hardansa yadıma Hüseyn Cavidin “Sürüklənən bəşəriyyət qadınla yüksələcək” misrasını saldı. Bəlkə də bizdə bunu yanlış anlayıblar? Sözlərin yerini dəyişərək: “Bəşəriyyət sürüklənən qadınla yüksələcək!” Nə biləsən... Üstəlik, son dövrün elan edilən inqilabi islahatlar paketində hüquq-mühafizə orqanlarına, məhkəmə sisteminə cəmi bir cümlə ayrılmışdır, o cümlənin icrası isə heç deyəsən Nazirlər Kabinetinə də tapşırılmamışdır. Çətindir.

Ancaq o yürüş cəhdində polislər və ictimai fəal qadınlardan başqa anti-ictimai fəal qadınlar da vardı, bu da bizim başqa reallıqdır. Həmin qadınlar isə yürüş keçirmək arzusunda olanlara etiraz edirdilər, deyirdilər ölkəmizdə qadınlar üçün hər cür şərait yaradılıb, şadlığa şitlik eləməyin, bu qadın cənnətinə şıllaq atmayın və sairə. Bir ağbirçək hətta az qalırdı feminist qadınları öz birçəkləri ilə boğsun. Ən maraqlı dialoqlardan biri isə iki qadın arasında yaşandı. Onlardan biri deyirdi ki, ölkəmizdə qadınlara qarşı zorakılıq var. Hökumətyönlü qadın isə buna etirazını bildirdi: “Yalan deyirsən. Məni niyə zorlamırlar?!”

Dəmir məntiqdir. Rus ata sözündə deyilən kimi, loma qarşı priyom olmur. Nə deyəcəksən? Doğrudan da əgər qadınları zorlayırlarsa, niyə hamısını zorlamırlar? Bu cür seçim eləmək kimin işidir? Pis çıxmasın, yenə dəli şeytan xarab beynimi qurdalayıb ordan saqqal basmış köhnə bir lətifəni çıxartdı. Deyir, bir gün cavan uşaqlar hansısa qarının bağçasına girib meyvələri yolurlar, ölkəmizdə kök atmış demokratik-hüquqi dillə desək, oğurluğa cəhd göstərirlər. Qarı nənə hadisədən duyuq düşür, bağa gəlib uşaqlara mədəni formada etirazını bildirir, deyir axı bu meyvə bağı regionların inkişaf proqramı sayəsində ASAN xidmətdən götürülmüş uzunmüddətli kreditlər və lizinq hesabına... Nə isə, qarı deyir meyvələri yoluşdurmayın, bu zaman ağacdakı tərbiyəsiz, vaxtilə böyük ehtimalla AXC Gənclər Təşkilatının üzvü olmuş cavanlardan biri armudu gəmirə-gəmir yuxarıdan aşağı söyüş söyür: “Gəlib bu saat səni filan-filan eləyərəm”. Qarı kədərlə deyir: “Eh, a bala, siz də həmişə yalan vədlər verirsiniz, heç dediyinizi eləmirsiniz”. Sitatın, daha doğrusu lətifənin sonu. Açığı çox da lətif olmadığını başa düşürəm, ancaq ümid edirəm oxucular məni qınamazlar. Biz həqiqətin gözünə dik baxmalıyıq.

Bu cür “məni niyə zorlamırlar” məntiqi bizim istənilən sferada özünə sağlam yaşamaq mühiti bulmaqdadır. Əgər sən işsizlikdən şikayətlənsən, mütləq böyürdən biri çıxıb deyəcək iş itə tök qədərdir, zəhmət çəkmək lazımdır. Desən təhsildə ciddi problem var, uşağı oxutmağa məktəb tapmıram, kimsə şərh verəcək ki, yalan demə, mənim uşağım Stenfordda oxuyur, ilinə də 40 min dollar təhsil haqqı verirəm, halal maaşımla. Həkimdən şikayətlənirsən, deyirlər yaxşı həkim çoxdur, sən sağalmaz xəstəsən, buna həkim neyləsin. Toplaşmaq istəyirsən, deyirlər bura pəncərəmizin altıdır, meyvə dükanımızın qabağıdır, dörd adamı bir yerdə görəndə xiyarımız əyri bitir. Dağılışmaq istəyirsən, sərhəddən buraxmırlar ki, vətənin dar günündə hara qaçırsan, ay namərd? Çətin məsələdir. Bizdə ictimai məsələlərlə fərdi məsələlər arasında balans tapmaq adətən alınmır. Kiməsə nədəsə yaxşıdırsa, elə bilir hamıya yaxşıdır. Eyni zamanda, pis olanlar da elə zənn edir hamı pisdir.

Görünür günah hardasa zorlayanlardadır. Niyə ayrı-seçkiliyə yol verirlər ki? Bu “Ay zor” verilişində müzakirə eləməliyik.

Новости автора