Свобода людям, независимость нациям!

Çürümüş avtobus

“Hələ mən Teziki demirəm, yoldaş Zeynalov, Teziki!”

(“Yol əhvalatı” filmindən)

Lənkəranda avtobus qəzaya uğrayıb, ölən və yaralılar var. Hadisə yerindən foto və videolara baxdım, bu, istehsalı 1989-cu ildə dayandırılmış “PAZ” avtobusu idi. Daha doğrusu, Pavlovo şəhərinin avtobus zavodu sonralar da maşın buraxıb, yanılmıramsa, indi də buraxır, ancaq həmin qəzaya uğrayan avtobus PAZ-672 modelinə bənzəyirdi, həmin model də 1967-ci ildən 1989-cu ilə qədər istehsal edilib. O üzdən bütün korpusu darmadağın, çürük, pas içində idi. Çox təəccüblüdür ki, azı 30-40 yaşlı bu avtobus indiyəcən lənkəranlıları necə daşıyırmış.

Ancaq bizdə çox şey elə o avtobus kimidir. SSRİ dağılandan bəri qüvvədə saxlayırıq, “harada qırılar-qırılar” prinsipiylə idarə eləyirik. Kadrlardan təhsilə, mənəviyyatdan istehsala qədər. Bütövlükdə ölkəmiz həmin PAZ avtobusuna oxşayır. Əyləci tutmur, yoxuşdan geri dığırlanmaqdadır, içəridə arvad-uşaqlar qışqırışır, kişilər pəncərədən düşüb başqa avtobuslara qaçırlar. Hələ buna şükür eləmək lazımdır, çünki daha köhnə model də ola bilərdi - “Alabaş”. Yəqin o avtobuslar uca millətimizin yadındadır. Bəlkə bəzi yerlərdə yenə istifadə edilir.

Sözgəlişi, həmin “PAZ”lardan birini Bakıətrafı qəsəbədə görmüşdüm, Şuşa nömrəsi ilə. Adam Şuşadan avtobusu Bakıya qədər sürüb gətirmişdi, burada binanın həyətində atmışdı. Avtobus orada illərlə çürüməkdə idi. Nadinc uşaqlar qabaqca şüşələrini qırdılar, nömrələrini, işıqlarını söküb apardılar. Bir müddət qırıq pəncərələrdən pərdələri külək bayıra yelləyirdi, sanki o qara bayraqlar bizim Şuşanı ermənilərə təhvil verməyimizi yad edirdilər. Sonra pərdələr də yox oldu, yazıq maşın qaldı çırılçılpaq. Müasir inkişafımızın ortasında. Deyəsən, hələ də oradadır, utandığından yavaş-yavaş torpağa girir. Dəcəl qızlar onun fonunda dodaqlarını büzüb şəkil çəkdirir, instaqrama-zada qoyurlar. Əlbəttə, o gənclər bu avtobusun salonunda hansı xatirələrin uyuduğunu, çürüməkdə olduğunu bilmirlər, bilmək belə istəmirlər.

Yaxşı, sentimental düşüncələri burada dərəyə yuvarladıb daha optimist şeylər fikirləşək. Axı bizim köhnə PAZ-larımız varsa, kosmosda şırım açan “Azərsat” peyklərimiz də var! Bambılı yazarların sözü olmasın, həyat yalnız ağ və qara rənglərdən ibarət deyildir. Boz rəng də var. Rəng teması açılmışkən... Bu yaxında şair Vaqif Bayatlının qardaşı ilə rastlaşdım. Şairin əməkdar incəsənət xadimi adına layiq görülməsindən narazı qalmışdı. Doğrudan da, bir zamanlar “yaşıl köynəkli oğlan” fəxri adına layiq görülən şairin indi dövlətdən bu mükafatı alması oxucuların təəssüfünə səbəb olmuşdur. Üstəlik, “Qardaşımın üzü köməyim olsun” misralarının ünvanlandığı bir qardaşın qəlbinin səsinə qulaq asmaq yaxşı olardı.

Dövlətin zəhmətkeşlərə qayğısı isə bütün marşrutlar üzrə özünü göstərməkdədir. Örnək üçün, başqa ölkələrdə tələbələrdən təhsil haqqını onlar universitetə girməmiş, zorla, polis gücünə, döyərək alırlar, bizdə isə Təhsil Nazirliyi rektorlara tapşırıq verdi: pulu iki dəfə, hissə-hissə alın. Yarısını dərs ilinin əvvəlində, yarısını axırında. Ya da ortasında - detallar tam yadımda qalmayıbdır. Tələbələr özlərini yaxşı aparsalar qarşıdan gələn illərdə təhsil haqqı gündəlik ödəmə sisteminə keçiriləcəkdir. İllik haqq dərs günlərinin sayına bölünəcəkdir. Hər gün, misal üçün, beş manatını ver, gir dərsə. Nəticədə universitet və tələbə arasında doğmalıq, səmimilik, intim hisslər artacaqdır. Məncə, bu, ədalətli olardı. Gənc almadığı dərsin pulunu ödəməz, müəllim hamının dərsə gəlməyində maraqlı olar. Hətta dərsə hər gün gələn tələbələrə rübdə bir dəfə pulsuz dönər və ayran hədiyyə eləmək tədrisə müsbət stimul verərdi. Bu üsul bəzi orta məktəblərdə yaxşı göstəricilərə gətirmişdir. “Şagirdlərə dönər 1 manat” yazılan obyektlər ətrafındakı məktəblərdə davamiyyət 150 faizə qalxmışdır. Başqa məktəblərin uşaqları da ora oxumağa gəlirlər. PAZ avtobusları ilə.

Yazını elə bu nikbin notlarla bitirirəm.

Новости автора