Свобода людям, независимость нациям!

Cövlan dağlarından əsən soyuq rüzgarlar

“Pəhləvanlar padpalar səgridəndə hər yana, Tifl həm cövlan edər, amma ağacdan atı var”. Məhəmməd Füzulinin bu məhşur şeirinin yadıma düşməsində sizcə kimin rolu var? Yazsam inanmazsınız: ABŞ dövlət katibi Mayk Pompeonun. Füzulinin şeirinin mənası odur ki, pəhləvanlar hər yana at çapanda balaca uşaq da onları yamsılamaq, özünü onlara oxşatmaq istər və başlayar cövlan eləməyə, ancaq ağac, oyuncaq atın belində. Şeirin mənasının mövzumuza uyğunluğunu çox analiz eləmək fikrim yoxdur, bunu buraxıram hörmətli oxucuların ixtiyarına. Mən yalnız ordakı “cövlan” sözünə şərh yazmaq istəyirəm.

Söhbət ondadır ki, təzəlikcə ABŞ prezidenti Donald Tramp Colan təpələrini İsrailin ərazisi saymaq qərarına gəlibdir. Bu, Suriya ilə İsrailin sərhədində, hardasa bizim Xızı rayonundan (1670 kvadrat kilometrdir) azca böyük, 1800 kvadrat kilometrlik bir yerdir. Elə iqlimi, şəraiti baxımından da Xızı kimi cənnət ərazidir. Orta Doğu, Yaxın Şərq deyəndə bizim ağlımıza adətən nə gəlir? Ay sağ olasınız: səhralar, çılpaq qayalıqlar, boz relyef, duz gölü, nə bilim, uzağı hansısa oazisdə su hortdadan dəvələr... Colan təpələri isə bundan çox fərqli bir məkandır. Orada dağ çayları, şəlalələr, göllər, meşələr, hətta qış kurortu, xizək sürmək üçün şəraitə qədər var. Yəni, buna “təpələr” demək bəlkə də gülüncdür, əməllicə dağlıq yerdir. Misal üçün, ordakı Xermon dağının hündürlüyü 2814 metrdir. (Müqayisə üçün: bizdəki Kəpəz dağı 3066 metrdir). Elə Colan təpələri öz adını ərəbcə “dolanmaq, gəzmək” mənası verən “cövlan” sözündən alıbdır. Yəni, biz bu yer haqda yazarkən, danışarkən adətən rus-ingilis və sair dillərdə səslənişi nəzərdə tutub “Qolan”, “Colan” sözünə üstünlük versək də fikrimcə oranı öz dilimizdə milliləşmiş formada “Cövlan dağları” adlandırsaq, daha məntiqə uyğun olar.

Güman edirəm, artıq Pompeo-nun Cövlan dağlarını yadıma salmasının səbəbi aydın oldu. Çünki ABŞ dövlət katibi öz prezidentinin açıqlamasını əsaslandırmaq üçün deyib ki, o yerlər İsrailə məxsusdur, dünya bu reallıqla barışmalıdır və sairə. Haqlı olaraq bu mövqe zəhmətkeşlərimizdə də təşviş doğurur, çünki “reallıqla barışmaq” bir gün bizə də tətbiq olunacaq, Amerika Qarabağı erməni dövlətinin torpağı sayacaqdır.

Cövlan dağlarının Suriya ərazisi olmasını BMT indiyəcən neçə dəfə təsdiqləyib. Qətnamələr var. Ancaq buna kim baxır? Heç kim.

Ermənilərin bizim torpaqları tərk etməsi haqda qətnamələr də eynilə tualet kağızına döndərilib. Dünyada ikili standart var. Kim güclüdürsə, o da haqlıdır. Ona görə də, necə deyərlər, xiyar əyri bitir, Yer kürəsində dava-şava azalmır. Serblər güclü olanda müsəlmanları qırırdılar, nəticədə NATO Kosovo adlı oyuncaq dövləti düzəldib ordakı albanlara bağışladı. O zaman Rusiyanın çeçenlərlə davaya başı qarışmışdı, ona görə gecikdi, serblərin ərazi bütövlüyünə tarixi qarant rolunu oynaya bilmədi. Ancaq sonra Rusiya şişdi, basıb Krımı aldı. Pompeo demişkən, “reallıq bərpa olundu”. Yəni, beynəlxalq qanunlar, dövlətlərin ərazi bütövlüyü, insan hüquqları-zad yeri gələndə hamı tərəfindən ayaqaltı edilir. İndi yankilər deyir, Krım işinin Cövlan dağları işinə oxşarlığı yoxdur. Ha desinlər. Kor kor, gör gör, eyni məsələdir.

Təsadüfən mən Pompeo-nun açıqlamasından az sonra kanadalı rejissor Deni Vilnev-in “Sikario” triller filminə baxırdım. Sikario – qədimdə Roma imperiyası yəhudilərin torpaqlarını tutan zaman bəzi radikal yəhudilərin müqavimət üçün yaratdığı terrorçu qruplaşmanın adı olub. Adam öldürmək, dağıdıcı əməllərdə məhşur imişlər. Uzun sözün qısası, filmin bir yerində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin göndərdiyi agent Meksika narkotik kartelinin şefini yaxalayır. Bu agentin ailəsini də vaxtilə narkokartel amansızca məhv edib. Və orda qısa dialoq zamanı meksikalı deyir: “Səncə biz bu qəddar üsulları kimdən öyrənmişik?”.

Tamaşaçı anlayır ki, bandit bu zaman MKİ-yə işarə vurur.

Новости автора