Свобода людям, независимость нациям!

Çöldə ölənlər

Birləşmiş Ərəb Əmirliyinin Əbu Dabi şəhərindəki beynəlxalq silah sərgisində Ermənistanın bukletlərdən ibarət stendini ələ salanlar çox oldu. Deyir guya ermənilərin nəsə silah istehsalı varmış, ancaq loqistik (daşınma) problemlər üzündən vaxtında sərgiyə çatdıra bilməyiblər. Rus mənbələrinin yaydığı xəbərdə erməni silahlarının “ilişdiyi” yer mənə maraqlı gəldi. Yazmışdılar: “Silahlar Moskvada qalıb, biz isə sərgidə stendlərin pulunu boş-boşuna verdik”. Bu, əslində erməniyə silahı kimin verdiyinin simvoludur. Yoxsa özlərində paslı tüfəng də yoxdur. Hələ utanmadan rus silahıyla sərgiyə çıxmaq istəyiblər, alınmayıb.

Bugünlərdə Moskva hava limanları çox qarmaqarışıq əməllərə məkan olmaqdadır. Təkcə Navalnını qaytaran təyyarənin məcburən liman dəyişdirməsi əhvalatı nəyə desən dəyərdi. Ən absurd hadisələrdən biri isə İsrail və Suriya arasında əsir dəyişdirmə əhvalatının... Moskvada baş tutması oldu.

İsraillə Suriyanın mübahisəli ərazilərindən biri İordan çayının sahilindədir. Fevralın əvvəlində bir gənc yəhudi qadın həmin dağlıq ərazidə gəzişərkən yolunu itirib Suriyaya keçibmiş. Onu orada Bəşər Əsədin əsgərləri əsir götürüblər. İsrail o qadını geri almaq üçün... Putinə ağız açıb. Putin Əsədə deyib, Əsəd də qadının əvəzində İsrail türməsində saxlanan 2 ərəbi istəyib. Maraqlıdır ki, ərəblərdən biri Suriyaya qayıtmaqdan imtina edib. Nəsə, bu əvəzetmə alınmayanda 2 suriyalı çobanla - bunlar da haçansa İsrailin əlinə düşübmüş - dəyişmək qərarı verilib. Nəticədə iki çobanı İsraildən uçaqla gətiriblər Moskvaya (anası ölmüş çobana əsl dünya səyahəti qismət oldu). Suriya da yəhudi qadını Moskvaya göndərib və orada əsirləri dəyişiblər. Təsəvvür elə, iki qonşu ölkə əsir dəyişdirmək üçün minlərlə kilometr uçuşa məcbur qalıbdır. Torpaq üzərində 2-3 metr bir-birinə tərəf addım atmaq yerinə...

Sözgəlişi, SSRİ dönəmində oxşar absurd sərhəd, səfər, viza problemlərini çox yaşayardıq. Məsələn, hansısa bakılı şair təbrizli şairlə görüşmək üçün icazə alsaydı, səfərlər Moskva üzərindən olmalıydı. Eyni qayda İstanbula, Ankaraya uçuşlara da aid idi.

Bəşəriyyətin milyonlarla kilometr uzaqdakı Mars planetini su yoluna döndərib günaşırı hansısa aparat uçurmasına baxmayın, elə milyon il öncəki mağara adamları kimi bir şeyik. Heç inkişaf etməmişik. Kainatın bir yiyəsi olsaydı bizə deyərdi ki, bu qanacaqla Marsda nə sülənirsiniz, gedin hələ qonşuluqda adam kimi, sülh şəraitində yaşamağı öyrənin. Şair demişkən: “Soyuq divarlarda güllə nişanı, Didir, parçalayır insan insanı”.

Marsda həyat izləri axtarırıq. Amerikalıların indi göndərdiyi qurğunun qabaqkılardan bir fərqi də kiçik dron-helikopterlə təchiz olunmasıdır. Qurğudan qopub 100 metrəcən uça, mağaralara girib araşdırma aparmaq qabiliyyəti varmış. Yerdə savaşlar dronla aparılarkən, Yerdə yağılar işğal elədikləri yurdları mağara-tunellərlə dəlmədeşik edərkən insanın o qədər uzaq planetdə həyat əlamətlərini bu cür araması necə tragikomikdir. Kim bilir, bəlkə Marsın çöl olması da milyon illər qabaqkı vəhşi savaşların nəticəsidir? Bəlkə orda da atmosfer zəhərli tayfaların iyrənc nəfəsindən yox olub? Dənizləri, gölləri manyak qəbilələr müstəqillik davasında qurudublar?

“Dəvə oynayanda qar yağar” deyiblər, bugünlərdə Səudiyyəyə qar yağmışdı, ancaq dəvələr heç oynamaq həvəsində deyildilər. Hürküclərinə çökən ağ qarın altında büzüşmüşdülər. O isveçli balaca qız planetin taleyindən narahat olanda lağa qoyurduq. Getdikcə hər yan çöl olur. Çöl, səhra, boşluq, quraqlıq, buzlaşma - hər yandan üstümüzə gəlir. İçimizlə çölümüzün fərqi qalmır.

O üzdən, intihar edən gənc qızın atasının intervüsündə “nə edəydim, çöl qızı olmasına imkan verəydim” sualını eşidəndə mən diksindim.

Новости автора