Свобода людям, независимость нациям!

Çiynimizdəki qulyabanı

Camaat aran rayonumuzda qulyabanı ilə rastlaşıbdır, onu yerli icra hakimiyyətinə işləməyə dəvət etmişlər. Zarafat edirəm, bizdə dövlət idarələrində ancaq xalqa can yandıran, özünü xalqa fəda edən, millətin qulu olanlar çalışır, elə “qulyabanı” da “vəhşilərin, yabanıların içində parlayan gül, qızılgül” deməkdir. Əgər cinin varsa, gedirsən Cinçıxartma İdarəsinə, bir pəncərə üsulu ilə adamı cinlərdən tərtəmiz arıtlayırlar. Olursan güli-rəna, bülbüli-şeyda, nə bilim, canım sənə desin, feyzi-cud, şərəfi-vücud, məqami-cavidan, təxti-rəvan və sairə və ilaxır bunun kimi ölkəmizin müsbət imici fason şey... Qulyabanısı olanlara dövlət sancaq yardımı proqramı var, sancağı taxırsan yaxana, qulyabanı o anda elə ilim-ilim itir ki, sanarsan dalıyca bir bölük Çevik Polis Alayından düşübdür, heyvan bu tip yerlərdə bir daha görünmür. Xırda-mırda şeytancıqlar, halarvadı, əcinnə, şəyatin, ifritə, damdabaca, xəyalət, qarabasan, damda yaşayan Karlson tərəfindən xaricdən maliyyələşən qara qüvvələr isə arada-bərədə görünüb ürəyimizi bulandırmağa zəif cəhdlər göstərsələr də xalq tərəfindən nifrətlə qarşılanır, dərhal yerlərində oturdulurlar.

Sözgəlişi, xalq-iqtidar münasibətlərindəki yaxınlıq bugünlərdə prokurorluğun mətbuat nümayəndələrinə müraciətində özünü bariz surətdə göstərmişdir. Müraciət intihar hadisələrinin işıqlandırılması temasına aid idi. İdarə jurnalistlərdən acizanə xahiş edirdi ki, hansısa icra hakiminin müavininin bacanağının şoferinin itgəzdirəninin əmisi nəvəsi rəhmətə gedərsə, ölkəmizdə xoşbəxt yaşamaqdan doyub başqa dünyalara köçərsə bunu “yüksək vəzifəli şəxs özünü öldürdü” başlığı ilə tirajlamasınlar. Həqiqətən, bu məsələdə hansısa qayda yaratmaq çox vacibdir. Bəlkə də gecdir, ancaq zəruridir. Ola bilsin artıq mümkün deyildir, lakin lazımdır. Bəlkə də yüksək vəzifəli şəxsin intiharını yazının içində versən buna dözmək olar, ancaq vələdüzna jurnalistlər bunu başlığa çıxardaraq adətən süni diqqət çəkmək istəyirlər. Bu, bizim Çin Xalq Respublikası ilə dövlətlərarası dostluq münasibətlərimizə də mənfi təsir edirdi, ÇXR Kommunist Partiyasının sədri Si müəllim Bakıya son səfərində Siyavuş müəllimə görüşü zamanı ona etiraz bəyanatı vermişdi. Deyir axı bizim xalqın intiharları niyə Azərbaycanda bu qədər diqqət mərkəzindədir, haçan sizin qəzetləri, saytları açsaq orda görürük belə yazılıbdır: “Yüksək çinli məmur intihar etdi”. Görüşün sonunda “Sədərək” yarmarkasında YAP və ÇKP arasında birgə dükan açılması üçün kommunike imzalanmışdır.

İndi özünüz düşünün, qulyabanılar olmasa biz nə qədər yaxşı yaşayardıq! Bu saat ölkənin hər tərəfi 1 metr qızıl təbəqəsi ilə örtülərdi. İrəvanda müasir işıq dirəkləri quraşdırardıq. Şair bu yerdə yaxşı demişdir: “Məhsulla dolu olardı, Gilasların hər budağı, Kəndlərin yolu olardı, Biz alardıq Qarabağı, Qulyabanı olmasaydı!” Yeri gəlmişkən, son peyda olan qulyabanı Ucarın Çiyni kəndində məskunlaşıbdır. Bəzi ehtimallara görə buna ucarlı Ziya müəllimin nəqliyyat naziri görəvindən alınması mənfi təsir edə bilərdi, yoxsa niyə o nazir işləyəndə Ucarda nəinki qulyabanılar gəzir, heç camaatın burnuna kəpənək qonmurdu. O cümlədən, həmin Çiyni kəndinin yanından Bakı-Ceyhan neft kəməri keçir. Dünya bazarında neftin qiymətlərinin oynaqlamasının da qulyabanıların oyanmasını, özünü Məhsul stadionuna doluşmaq istəyən müxalifətçilər kimi aparmasını təşviq etməsi mümkündür. 

Sonda baş prokurorluğun mətbuat katibindən xahiş edərdim intiharların çox olduğu ölkələr sırasında Norveçi göstərməsin. Dünya Səhiyyə Təşkilatının statistikası var, hər 100 min nəfərə düşən intihar sayına görə bu şimal diyarı dünyada 76-cı yerdədir, gördüyümüz kimi, heç ilk iyirmiliyə də girmir. Bəs niyə yazıq norveçliləri hər intihar söhbətində qırğına veririk, anlamıram.

Новости автора