Свобода людям, независимость нациям!

Cıdır düzündə indi Azərbaycan Prezidenti çay içir - noldu, Paşinyan?!

Prezident İlham Əliyevin Şuşaya səfəri tarixi bir hadisədir. Ali Baş Komandanın mədəniyyət paytaxtımızda verdiyi açıqlamalar, duyğulu anlar kifayət qədərdir. 

Ali Baş Komandanın Şuşa təəssüratları: "Dünən Şuşada bütün tarixi abidələri ziyarət etdik, müqəddəs məscidlərimizi ziyarət etdik. Ürək ağrısı ilə deyə bilərəm ki, burada olan dağıntılar hər bir Azərbaycan vətəndaşının qəlbini incidir. Ancaq Şuşanı dağılmış, amma, eyni zamanda, əyilməmiş, əzəmətli görmək bizi hədsiz dərəcədə qürurlandırır. Şuşa ayaqdadır, Şuşa sınmayıb, Şuşa əyilməyib! Mənfur düşmən nə qədər çalışsa da, Şuşanın simasını dəyişdirə bilməyib. Biz Şuşanın bütün yaralarını sağaldacağıq. Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Biz dünən gecə Şuşada qalmağa qərar verdik, halbuki Bakıya qayıtmalı idik. Ancaq mən hesab etdim ki, mütləq gecə Şuşada qalmalıyıq. Çünki Azərbaycan Prezidenti ilk dəfədir ki, Şuşaya gəlib. Bizim müstəqilliyimizin təxminən otuz yaşı var. Ancaq bu otuz il ərzində birinci dəfə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan Şuşaya gəlib, Şuşada qalıb və sözün düzü, Şuşadan getmək istəmir.
Şəhərin nadir memarlığı, relyefi, təbiəti, havası, aurası təkrarolunmazdır. Mən dünən qeyd etdiyim kimi, Şuşada iki dəfə 1982-ci ildə olmuşam. O vaxt burada bir neçə kütləvi tədbir keçirilmişdir. Yəni, Şuşanı dünənki kimi, bugünkü kimi, bu formada görmək mənə nəsib olmamışdı. Bir daha gördüm ki, bu şəhərin nadir aurası, təbiəti, memarlığı bizim böyük sərvətimizdir.
Bu gecə cəmi beş saat yatmışam. Saat 5-də oyanmışam, bilmirəm nəyə görə. Bəlkə dünənki gün çox həyəcanlı idi. Çünki Şuşanı görmək, Şuşaya qayıtmaq təkrarolunmaz bir hissdir. Ola bilər, Şuşanın səfalı təbiəti, havası kifayət edir ki, insan heç çox yatmaq da istəmir. Bakıya dönməzdən əvvəl yenidən gəlmişəm buraya, Cıdır düzünə, Şuşanın tarixi yerinə ki, bir daha Azərbaycan xalqına öz sözümü deyim. Deyim ki, biz xoşbəxt xalqıq, biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. Xoşbəxt xalqıq ki, özümüzü müstəqil dövlət kimi təsdiq etmişik. Bir daha deyim ki, Şuşa bizimdir! Qarabağ Azərbaycandır!"

Qürur duyuran məqamlardan biri də Ali Baş Komandanın ailəsi ilə birlikdə Cıdır düzündə paxlava ilə çay içməsidir. Bunu əks etdirən videoya baxdıqda, izah edilməsi mümkün olmayan, fəxarətli bir hisslər bürüyür adamı.

Və xatırlayırsan ki, 2019-cu ilin martında Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan facebook sosial şəbəkə səhifəsində bir foto paylaşmışdı, sanki bizlərə acıq verirdi. Şəkil Xankəndidə çəkilmişdi, Anna həmin fotonu paylaşaraq qeyd edirdi ki, əri ilə Xankəndində şirniyyatla çay içir...

pashik.jpg (92 KB)

Həmçinin, yada düşür ki, ötən ilin mayında Paşinyan Anna ilə birlikdə Şuşada “Yallı” gedirdi, daha sonra Nikol şərab içib çəmənlikdə uzanmışdı...
İndi müqəddəs Qarabağ artıq işğaldan azad edilib. Şuşada Azərbaycanın Ali Baş Komandanı ailəsi ilə birlikdə paxlava ilə çay içir. Prezident həmin zaman deyib: "Cıdır düzündə armudu stəkanda çay, paxlava ilə. Dostlarımız sevinsin, düşmənlərin gözü kor olsun!".

Bəli, bundan sonra daim Qarabağda bizlər olacağıq!
Bizlərə bu günü nəsib edən Allaha, Ali Baş Komandana və Müzəffər Ordumuza bir daha təşəkkürlər!

Elşad MƏMMƏDLİ
Musavat.com

Новости автора