Свобода людям, независимость нациям!

Burada üfüqlər sakitdir

“Məsələn, onlar qadın və ya hər hansı heyvanın gözəlliyini təsvir eləmək istədikdə mütləq romb, dairə, paraleloqram, ellips kimi terminlər işlədir və yaxud musiqidən müqayisələr alırlar. Mən kralın mətbəxində bir çox riyaziyyat və musiqi alətləri gördüm ki, aşpazlar əlahəzrətin süfrəsinə veriləcək qızarmış ətləri bu şəkildə doğrayırlar”

(Conatan Svift, “Qulliverin səyahəti”)

Öncə qeyd edim ki, o Əli İnsanov var e... Zarafat edirəm, mövzumuz ayrıdır. Milli Elmlər Akademiyamızın prezidenti Akif müəllim qəzetdə elmi məqalə yazıbdır, deyir: “Azərbaycanın regionun elmi mərkəzinə çevrilməsi üçün hər cür şərait var”. Məncə, bir az təvazökarlıq edir, çünki ölkəmiz artıq nəinki regionda, bütün dünyada tanınan elm mərkəzlərindən biridir. Misal üçün, keçən ay bir uşaq Türkiyədə universitetə girmişdi, hamımız ellikcə sevindik, hətta təklif verildi uşağın adına küçə qoyulsun. Amerikada dərs keçən bir professorumuz isə oradan yazdı ki, uşağı göndərin gəlsin, vağzalda qarşılamaq məndən. Hazırda uşağın torbasını yığırıq, rayondan pendir, mürəbbə, kənd toyuğunun soyutması-zad gəlməlidir.

Elmi uğurlarımız elə müqəddəs Ramazan bayramının başlanması münasibətilə Şamaxı Rəsədxanasının açıqlamasından bir daha göründü. Rəsədxana uzun illərdir Qafqaz Müsəlmanları İdarəsi ilə Ayın görünmə vaxtı üzərində dəqiq müşahidələr aparır, xalqımıza məlumatlar verir. Qafqaz Müsəlmanları İdarəsinin İçərişəhər üzrə nümayəndəsi Hacı Surxay Məmmədli görün nə deyir: “Bir neçə gün bundan öncə Qafqaz Müsəlmanları İdarəsi və Şamaxı Astrofizika Rəsədxanasında böyük bir toplantı oldu. QMİ-nin Fətva şöbəsinin verdiyi məlumatda da bildirildi ki, ölkə ərazisinin üfüqünə uyğun olaraq mayın 5-i niyyət axşamıdır. Ramazan ayının başlanması isə mayın 6-na təsadüf edəcək”. Sitatın sonu. Akademiyanın başqa institutları, bölmələri də orucluqla bağlı münasibətlərini bildirirlər, nə yemək olar, nə içmək lazımdır, toz udsan niyyətin pozulurmu, çimmək mümkündürmü və sairə elmi məsələləri dərindən təhlil edirlər.

Ancaq gəlin görək regionda hər yerdə belə şərait varmı? Gürcülərin peyki yoxdur. Peyk olmayandan sonra sənin üfüqün kimə lazımdır? Ermənistanda isə heç bilmirlər göydəki nədir, Aydır, yoxsa Günəşdir. Keçən il bunun üstündə qırışdılar, axırda bir marsiançik orada hakimiyyəti ələ keçirdi.

İndi elmimiz qarşısında duran birinci vəzifə may ayında toy eləməyin dinə uyğun gəlib-gəlmədiyini tapmaqdır. Sözgəlişi, akademiyanın prezidenti Akif müəllimin adını Google axtarış portalında yazanda ilk növbədə, elə birinci sırada bilirsinizmi nə çıxır? “Akif Əlizadənin nəvəsinin toyu”. Fantastik elmi nailiyyətdir. Bu da milli elmimizin milli dəyərlərə, toyxana və şadlıq sarayları sisteminə, ağsaqqal, ağbirçək paradokslarına nə qədər sadiq qaldığını göstərməkdədir. Əks halda, elmdən uzaq millət öz toyxanalarına neolit dövrünün, dünya meridianlarının, nə bilim, Mona Lizanın, Niaqara şəlaləsinin adını qoyardımı? Yeri gəlmişkən, Akif müəllim eyni zamanda Ətağanın yaxın qohumudur, bütün elmi müsahibələrində ona bu temada mütləq sual verirlər. O da həmişə Mircəfər Bağırovun Ətağanı həbs etdirmək üçün NKVD maşını göndərdiyini, həmin maşının yolda xarab olub qaldığını elmi möcüzələrimiz qismində misal göstərir. Deyilənə görə, həmin maşın hələ də yolda durur.

Mövzu açılmışkən, bu yaxında uşaq məktəbdən gəlib, görürəm öz-özünə belə bir mahnı mızıldanır: “Aral, Aral, Aral, Eşqinə düşdüm, Aral”. Sən demə, bunlara hansısa dərsdə Aral gölü haqda biliklər öyrədilmişdir, uşaq isə həmin mövzunu bu cür yadda saxlayır. Görün necə səmərəli üsuldur! Xalq artistimiz Nadir müəllimin oxuduğu “Maral” mahnısı orta məktəblərdə coğrafiya fənninin tədrisinə faydasını verirmiş. Halal olsun. Ümid edirəm, başqa toy mahnılarımız da tədris prosesinə cəlb edilsə, yaxşı olar. Misal üçün, “Aynadan gözəl” mahnısını fizikanın işıq bölməsinin tədrisində oxumaq yerinə düşür.

Sonda bir daha demək istəyirəm ki, o Əli İnsanov var ha, onun lap...

Новости автора