Свобода людям, независимость нациям!

Bu Avropa məsələsi bizdə niyə alınmır...

Mən elə də mövhumatçı deyiləm, nəinki ədədlərin mistikasına, heç pifaqorçulara da inanmıram.

Amma eşidəndə ki, ölkəmiz mayın 13-də AB ilə saziş imzalayacaq dərhal düşündüm ki, nəsə olacaq, ya sazişin imzalanma vaxtını başqa tarixə keçirəcəklər, ya da deyəcəklər ki, əgər bu vaxta qədər Avropasız yaşamışıqsa, deməli bundan sonra da yaşayarıq...

Əlbəttə, kateqorik bəyanatlar olmadı, hakimiyyətimiz öz cəmiyyətinə yönəlik müraciətlərdən fərqli olaraq beynəlxalq təşkilatlar və dövlətlərlə dialoqlarında maksimum dərəcədə axımlı ifadə və sözlər seçməyə çalışır. Bu dəfə də belə oldu. XİN-nin sözçüsü bildirdi ki, may ayında AB ilə heç bir saziş imzalanmayacaq və bu hadisə baş verəcəksə, bütün hallarda, payızdan tez olmayacaq.

Yada salaq ki, Şərq Tərəfdaşlığı Proqramının iştirakçısı olan dövlətlərdən indiyə qədər yalnız Azərbaycan və Belarus AB ilə müvafiq sazişi imzalamayıb.

Maraqlısı budur ki, adı hazırda Minsklə birgə hallanan Bakı vaxtilə MDB-nin tamam başqa düşərgəsində idi, daha fəal şəkildə GUAM-da təmsil olunur, hətta bu təşkilatın ən əsas təsisçilərindən, təmsilçilərindən biri sayılırdı.

Amma sonradan təşkilat daxilində faktiki olaraq taktiki parçalanma baş verdi, üç ölkə - Ukrayna, Gürcüstan və Moldova Avropa ilə daha sürətli və intensiv inteqrasiya yolunu tutdu. Azərbaycan isə özünün avro-səylərinə sürət vermədi, AB ilə daha ehtiyatlı və hətta ləng inteqrasiya siyasəti yürütməyə başladı.

Siyasi və politoloji dairələrdə hələ də bu müxtəlif cür yozulur. Əsasən belə fikir səslənir ki, Bakı Moskvanın səbrilə oynamaqdan ehtiyat etdi, çünki AB ilə assosiasiya sazişi imzalayandan sonra Kreml Kiyevə qarşı aşkar şəkildə aqressiv siyasət yürütməyə başladı; nəinki Krım ilhaq edildi, hətta Moskva “qarmağını” Şərqi Ukraynaya da keçirdi və onun çox böyük hissəsini demək olar ki, Kiyevin nəzarətindən çıxardı...

Amma bununla belə Moskva növbəti “avro-sürüşmə”nin qarşısını ala bilmədi– Kiyev, Tiflis və Kişinyov bu gün də geri çəkilməyib və hələ də Avropa sturukturlarına inteqrasiyanı davam etdirirlər.

Üstəlik, bir-iki il bundan əvvəl, hələ prezident S.Sarqsyanın zamanında Ermənistan da AB ilə saziş imzalaya bildi, düzdür, jurnalistlər və siyasi təhlilçilər ironiya ilə deyirdilər ki, sazişi imzalamazdan öncə İrəvan onu Kremldə yaxşıca redaktə etdirmişdi...

Amma bütün hallarda, məsəl var, deyir ki, qalibləri mühakimə etmirlər – İrəvan fəndgirlik edib sazişi imzalaya bildi və o, bu gün demək olar ki, Ermənistanın əsas ümid yeridir, çünki bir-iki ay bundan əvvəl Brüsseldə N.Paşinyana kredit vəd etdilər və o, da alternativ bir qurumda–Rusiyanın Avrasiya İqtisadi Birliyində sədrlik edən ölkənin baş naziri olsa da, bunu böyük coşqu ilə qarşıladı...

Bir sözlə, problemin daha ətraflı analizi göstərir ki, AB ilə saziş imzalamaq məsələsində Moskvanın təzyiqi yeganə əngəl deyil, əgər Gürcüstan, Ukrayna və Moldova, hətta Ermənistan bununla bacarıbsa, deməli Bakı üçün bu, ümumiyyətlə, problem deyil – Rusiyanın hipotetik təzyiqi qarşısında davam gətirmək üçün o, daha ciddi və real resurslara malikdir. Bəs onda problem nədədir?

Məsələ bundadır ki, məsələn, elə bir ciddi iqtisadi və yaxud siyasi arqument yoxdur ki, Azərbaycanın indiyədək Dünya Ticarət Təşkilatının üzvü olmamasını əsaslandırsın və ya izah etsin – sadəcə, istəmirik...

Eləcə də Bakının avro-təşvişlərini və ya təlaşlarını əsaslandırmaq gücündə olan elə bir arqument yoxdur. Məsələ bundadır ki, ölkədə təkcə tranzit arteriyaları, neft və qaz marşrutları yox, həm də “milli maraqlar” anlayışının özü “diversifikasiya” olunub. Odur ki, sadəcə, konstatasiya etmək lazım gəlir ki, hələki Avropanın Azərbaycanla problemi yoxdur, bizim Avropa ilə problemimiz var...

Bunun gələcək neqativləri haqqında çox danışmaq olardı. Amma bir məqamla kifayətlənəcəyik.

Vaxtilə, Avropa Birliyi yenicə yaradılarkən, Ankaraya da prosesin bərabərhüquqlu üzvlərindən biri olmaq təklif edilmişdi. Amma o vaxtki Türkiyə rəhbərliyi təklifi yetərincə dəyərləndirməmişdi. Sonradan Ankara dəfələrlə AB-nin qapısını döyməli oldu, fəqət, qəbul etmədilər, artıq gec idi. Eyni hal bizimlə də baş verə bilər, odur, nə qədər ki, təklif və dəvət edirlər, gəlin razılaşaq, sonra gec olacaq...

 

Новости автора