Свобода людям, независимость нациям!

Böyük siyasətdə aldanmamaq üçün...

Etiraf edim ki, Səudiyyə Ərəbistanının neft infrastrukturuna dronlarla hava hücumu mənə 2001-ci ilin məşhur 11 sentyabr teraktını xatırlatdı. 

O vaxt ABŞ-ın və bəzi Avropa ölkələrinin, necə deyərlər, “üzü üzlər görmüş” siyasətçiləri, diplomatları və hərbçiləri bundan necə faydalandı, prinsipcə, bunu hamımız bilirik: yarım əsrlik “soyuq müharibə” dövründə Qərb ölkələrinin cəmiyyətlərini səfərbər edən və birləşdirən kommunizm adlı düşmən obrazı yenisilə - beynəlxalq terrorizmlə əvəz olundu və bu yeni fenomen bəşəriyyət üçün əsas təhlükə elan edildi və bu təhlükəni məşhur Bin Laden təcəssüm etdirdi, hansı ki, öz missiyasını başa vurandan sonra ABŞ tərəfindən heç bir problem olmadan zərərsizləşdirildi və belə məlum oldu ki, dünyanın bir nömrəli terrorçusu heç əməlli-başlı gizlənmirmiş də...

Amma biz digər bir sualın cavabını hələ də bilmirik: bəs indi ABŞ və Qərb ölkələri Səudiyyənin neftayırma zavodu ətrafında baş vermiş insidentdən necə istifadə edəcəklər? Prezident D.Tramp elan elədi ki, İrana qarşı hərbi əməliyyatlar xəritəsi, ilk növbədə zərərsizləşdiriləcək obyektlərin siyahısı onun stolunun üzərindədir, amma o, qərar verməyə tələsmir və İranla problemi yalnız iqtisadi və maliyyə sanksiyalarının köməyilə həll etməyə çalışır.

Doğrusu, bu insidentdə bizim diqqətimizi bir qədər fərqli detallar cəlb etdi. Belə məlum oldu ki, Səudiyyə hakimiyyətinin sərəncamında bir yox, hətta bir neçə Amerika istehsallı “Petriott” raket kompleksləri var. Burada dərhal iki sual yarandı.

Birincisi, niyə görə bu qədər təriflənən, mükəmməl hesab edilən “Petriott” hava hücumundan müdafiə (HHM) kompleksləri hücum edən dronları vura bilmədi?

Qeyd edək ki, bu, çox ciddi bir sualdır, əks təqdirdə ABŞ dövlət katibinin şəxsən özü - M.Pompeo cənabları bununla bağlı xüsuis izahla çıxış etməzdi. ABŞ-ın birinci diplomatı bəyan etdi ki, hava hücumundan müdafiə komplekslərinin işində problemlər olur. Biz bilmirik ki, belə bir izahat Səudiyyə hakimiyyətini nə qədər qane etdi, amma oxşar problemlərlə bağlı bizim fərqli təəssüratımız var.

Birincisi, ABŞ və digər ölkələr bəzən üçüncü ölkələrə texniki cəhətdən qüsurlu silahlar satır və bunu qəsdən edirlər.

İkincisi, artıq məlumdur ki, 11 sentyabr teraktının qarşısını prinsipcə almaq olardı-hər halda, əcnəbi jurnalistlərin çoxsaylı araşdırmaları bunu deməyə əsas verir. Amma siyasətçilərə, diplomatlara və hərbçilərə yeni düşmən obrazı lazım idi. Odur, istisna deyil ki, Səudiyyə neft kompleksi ətrafındakı insidentin də öz geosiyasi və hərbi-siyasi missiyası vardır.

Üçüncüsü, müharibələr və münaqişələr silahlar və hərbi texnika üçün həm də bir sınaq rolunu oynayır. Elə bu səbəbdən də ABŞ-ın “Petriott” sistemlərilə bağlı dərhal şübhələr yarandı və hətta belə fikirlər səsləndi ki, Rusiyanın S-400 kompleksləri daha mükəmməldir.

Amma hətta bunlar da deyəcəklərimizin hamısı deyil. Bir az əvvəldə qeyd etdiyimiz kimi, hətta Səudiyyənin də “Petriott” sistemləri var. Odur ki, burada da sual yaranır: Niyə bəs ABŞ bu sistemləri Türkiyəyə satmadı? Doğrudanmı Səudiyyənin çürüməkdə olan arxaik monarxiyasının “milli maraqları” ABŞ üçün bu qədər önəmlidir? Yəni həqiqətənmi Səudiyyə Ərəbistanı NATO üzvü, ABŞ-ın hərbi müttəfiqi olan Türkiyədən daha etibarlı tərəfdaşdır?..

Belə suallara məntiqli bir cavab tapmaq üçün özünüzə əziyyət verməyin, onlar yoxdur. Biz dəfələrlə yazmışıq ki, ənənəvi formal məntiq siyasətdə heç də ən etibarlı bələdçi deyil, burada hər şey daha qəliz və dolaşıqdır...

Fikrimizcə, burada bizim üçün ən önəmli nəticə budur: siz hansısa böyük dövlətdən hərbi texnika almısınızsa, onu çox ciddi şəkildə texniki təftiş edin, sınaqdan keçirin və dərhal sevinməyin ki, təhlükəsizliyinizi təmin etmək üçün etibarlı qarant əldə etmisiniz.

Əgər sınaqlar uğurlu olsa, o halda, həmin ölkə ilə hərbi-ticari əlaqələrinizi davam etdirin, yox, hər hansı bir problem müşahidə olunursa, yaxşısı budur, ticari tərəfdaşınızı dəyişin. Məsələ bundadır ki, hətta U.Çerçill kimi mürəkkəb bir adam demişdi ki, siyasət çox vulqar bir sferadır. Ona görə də heç kimə yüz faiz etibar etməyin, necə ki, ruslar deyirlər: “Etibar elə, amma daim yoxlamağı da unutma”. Yoxsa əks halda siz çox asanlıqla geosiyasi və geoiqtisadi maraqlar okeanında tamam aza bilərsiniz...

Новости автора